~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

17

— Siz zövqü şübhəli olan bir-iki musiqişünas üçün yazırsınız. Siz unudursunuz ki, əsəri xalq üçün yazmaq lazımdır. Xalqa xoş gəlməyən, onun ürəyinə yol açmayan bir musiqi əsərini iki-üç «nəzəriyyəçi» göylərə qaldırsa da yaşamayacaqdır!

Bu sözləri Üzeyir xüsusi ahənglə, çox böyük mə'na ilə deyərdi. Onlar güclü bir e'tiqad kimi adamın fikrinə yol açardı.

Üzeyir, yaradıcılığının lap ilk dövrlərindən böyük və doğru yol tutmuşdu, bu da xəlqilik və realizm yolu idi. Bütün musiqi yaradıcılığına xas olan bu keyfiyyət onun komediyaları üçün də səciyyəvidir.

Üzeyir Hacıbəyovun zəngin bədii irsi içərisində onun «Ər və arvad» (1909-cu il), «O, olmasın, bu olsun» (1910-cu il), «Arşın mal alan» (1913-cü il) operettaları xüsusi yer tutur. Bu operettaların ədəbi mətnini də Üzeyir özü yazmışdır. Onlar Azərbaycan dramaturgiyasının qiymətli səhifələrini təşkil edir. Bu əsərlərdə Üzeyir klassik komediyanın qanunlarını davam etdirərək, sadə və təbii bir süjet daxilində oynaq və canlı hadisələr, xarakterlər yaratmışdır. Onun komediyaları Qoqol və Mirzə Fətəli Axundov komediyaları kimi dərin ictimai mə'na və əxlaqi prinsip üzərində qurulmuşdur. Üzeyirbəy öz komediyalarında Azərbaycan dramının ən qabaqcıl və mütərəqqi ən'ənələrini davam etdirmişdir. Xüsusilə o, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov və Haqverdiyev teatrının yolunu yeganə düzgün yol hesab etmiş və onun ədəbi stil və tələblərini əsas götürmüşdür...

Üzeyir özündən qabaq Mirzə Fətəlinin yeni Azərbaycan ədəbiyyatının, dramaturgiya və teatrının əsasını qoyduğunu, Nəcəfbəy Vəzirov, Haqverdiyev, Mirzə Cəlil və Sabirin bu ədəbiyyatı geniş inkişaf etdirdiyini görürdü. Bu zaman həmçinin jurnalistika da xeyli irəliləmişdi. Yalnız bir sahə yox idi—müasir musiqi sənəti! Azərbaycan xalqı öz milli musiqi teatrından—opera, operetta, simfonik musiqidən məhrum idi. Üzeyir, sənətin bu böyük sahəsinin nə qədər kəskin bir silah olduğunu görürdü. Köhnə, çürük əqidələri, adətləri dağıtmaq üçün bu silahı da işə salmaq lazım idi. Tarix bu böyük vəzifəni onun boynuna qoymuşdu. Mirzə Fətəli Axundov nəinki tək Azərbaycanda, bütün Şərqdə demokratik ruhlu müasir dramın banisi olduğu kimi, Üzeyir Hacıbəyov da demokratik ruhlu müasir musiqi teatrı və sənətinin banisi oldu. Lakin demokratik fikirlərinin və əsasını qoyduğu yeni sənətin inkişafında onun komediyaları xüsusi rol oynadı.

Üzeyir də Mirzə Fətəli kimi teatr və sənətin ictimai funksiyasını, onun tərbiyəvi əhəmiyyətini ön plana çəkirdi. 1917-ci ildə, burjua-mülkədar əhval-ruhiyyələri ifadə edərək musiqi teatrının əleyhinə çıxan, onun əxlaqı pozduğunu iddia edənlərə qarşı Üzeyir «Kaspi» qəzetində yazırdı: «Müəyyən bir ideya və əxlaqi prinsipi bədii vasitələrlə ifadə edən hər bir səhnə əsəri—istər musiqi, istər poetik əsər olsun, faydalıdır. Bu keyfiyyətlərdən məhrum olan əsər isə istər opera, istər dram, istər operetta və ya komediya olsun, faydasızdır. Empirik yolla yaranmış faydalı əsərlərin forma və növcə çoxluğu isə hər bir xalqın əqli və mə'nəvi inkişafında bir canlılıq törədər». «Ideya və əxlaqi prinsipi» olmayan əsərləri Üzeyir sənət əsəri hesab etmirdi. Bu tələbi o eyni dərəcədə həm musiqi teatrının, həm də faciə və dramın qarşısında qoyurdu... Üzeyir ictimai tərbiyə vasitəsi olaraq dramın da, faciənin də, komediya və operettanın da böyük əhəmiyyətini qeyd edir və göstərirdi ki, bütün bu sənət növlərini hərtərəfli inkişaf etdirən xalq kamil mə'nəvi həyatla yaşayan, daha artıq inkişaf etmiş bir xalqdır. O, «Cavab əvəzinə» adlı məqaləsində yazırdı:

«Ümumən mən yalnız musiqili səhnə tamaşalarının tərəfdarı deyiləm. İctimai tərbiyə üçün tragediya da, dram da, komediya da, opera da, operetta da lazımdır. Operettanın bayağı bir şey olduğu haqqında yayılmış fikir isə şablondur... Bayağı və mündəricəsiz operettalar çoxdur. Lakin bayağı və mündəricəsiz dram, tragediya, komediya və sairə də az deyildir».

Beləliklə, Üzeyir demokratik, musiqi teatrını mürtəce burjua-mülkədar hücumlarından qoruyur, onun ideyalılığı yolunda, ictimai-tərbiyəvi əhəmiyyətini yüksəltmək yolunda mübarizə edirdi.

Üzeyirin öz musiqili komediyaları belə yüksək ideyalı sənət əsərlərinin nümunəsi idi. Bu əsərlərdə köhnə mühit, burjua-mülkədar mühitinin dargörüşlü, qaranlıq, gerilik və cəhaləti ifadə edən adamları istehza obyekti olmuşdu. Çürük və parazit əxlaq sahibi Məşədi İbad, yabançı din və adətlərə qul kimi səcdə edən Rza bəy, kütbeyin və dar düşüncəli millətçi Hüseynqulu bəy, vəhşi cahil qoçu Əsgər, cibi boş (başı ondan da boş), lakin köhnə bəyliyi ilə fəxr edən Soltan bəy və sairə... Üzeyirin yaratdığı tiplər qalereyası bunlardır. Öz komediyalarında Üzeyir köhnəliyin dövrünü, zamanını keçirmiş köhnə düşüncə, təsəvvür, adət və ən'ənələrin qatı düşməni kimi çıxış edirdi. O, Sərvər və Gülnazların, Əsgər və Gülçöhrələrin simasında yeniliyi, həyatın yeni şəklini alqışlayırdı, onun müdafiəsinə qalxırdı, köhnəliyi öldürür, məhv edirdi. Bünövrəsi çatlamış, lakin zorla saxlanan divarı güc verib uçururdu. Həm də Üzeyir ümumiyyətlə hər cür «yeniliyin» tərəfdarı olanlardan deyildi. O, xalq üçün, geniş zəhmətkeş təbəqələr üçün faydalı və zəruri olan yeniliyi tərənnüm edirdi. Bu cəhətdən onun «Tərəqqi» qəzetində çap olunmuş felyetonları müəyyən dərəcədə komediyalarındakı ideyaları daha aydın anlamağa kömək edir. Bu felyetonlarında o, xalq kütlələrinin tərəfini saxlayır, lap aşağılara nəzər salır. Budur, «Tərəqqi»nin 1909-cu il 7-ci nömrəsində çap olunmuş bir felyetonunda oxuyuruq: «Mənim dərdim hamıdan artıqdır. Mən yoxsulam. Günlər olur ki, ac qalıram. Özüm cəhənnəm! Külfətim ac qalır. İş yoxdur, heç kəs mənə iş vermir. Dövlətlilərin qapısına gedirəm, qovurlar: heç kəsin əqlinə də gəlmir ki, bəlkə mənim əhl əyalım acından can verir! Dünyada bir adamın ümidini— o ümid ki, insanın diriliyi ondan asılıdır—haman o ümidi pozmaq böyük zülümdür!.. Ah, bu adamlar!.. Bə'zi vaxt bu adamlardan qorxuram, mən elə güman edirəm ki, bu adamlar hamısı ittifaqla mənə düşmən olub özümü və külfətimi ölüm cəzasına məhkum eləyiblər».

Bu, işizlik, yoxsulluq və aclığın əlində öz həyat ümidini itirmiş bir zavallının üsyan səsidir. O zaman bu səs burjua-mülkədar mühitinə açıq ittiham idi.

Üzeyirin komediyaları da onun inqilabi-demokratik fikirlərinin məhsulu idi. Bu komediyalar Azərbaycan dramı və teatrı tarixində həqiqi klassik komediya nümunəsi olaraq qalacaqdır. Bu əsərlərdə tiplərin xarakterik və kamil olması, konflikt inkişafındakı təbiilik və dramatizm, dialoqlardakı sadəlik və mə'na dolğunluğu Üzeyirin böyük dramatik iste'dadının məhsuludur.

Üzeyir sənət vasitəsilə öz həyatını xalqın xidmətinə vermişdi. O, yaradıcılıqda həmişə böyük məs'uliyyət hiss edən sənətkar idi. Mövzuya ciddi və dərin münasibət, onu gərgin bir zəhmətlə işləmək Üzeyirə xas olan keyfiyyət idi, çünki o, sənətə və xüsusən teatra bir oyuncaq, yüngül əyləncə vasitəsi kimi deyil, yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan bir məktəb kimi baxırdı. Ancaq belə bir sənətkar Azərbaycan operasının şah əsəri olan «Koroğlu» kimi ölməz əsər yarada bilərdi. Bəşər tarixinin görmədiyi yüksək ideyalarla yaşayan və ancaq xalqa xidmət etmək kimi müqəddəs bir məqsəd tanıyan sovet sənəti və teatrının gənc yaradıcı nəsli sovet əsrinə layiq əsərlər yaratmaq yolunda çalışarkən Üzeyir Hacıbəyovun aşağıdakı sözlərini xatırlayacaq, daha artıq ciddiyyət və ilhamla öz böyük yolunda irəliləyəcəkdir:

«Teatr ictimai həyatın aynası, sənətin mə'bədidir».

1948