Qara
Qarayev
Unudulmaz müəllim böyük sənətkar
Azərbaycan
bəstəkarlıq məktəbinin yaradıcısı,
məşhur sovet bəstəkarı Üzeyir
Hacıbəyovun musiqisi xalqımızın
ürəyində yaşayır, onun mə'nəvi
həyatını zinətləndirir. Zaman
bu böyük iste'dadın qurduğu əzəmətli
binanı sarsıtmaqdan nəinki acizdir,
əksinə, onun getdikcə daha da möhkəmləndiyinə
şahid olur. Onun musiqisinin parlaq rəngləri
daha da əlvanlaşır və biz onun
yaradıcılığında yeni gözəlliklər
və incəliklər kəşf edirik.
Azərbaycan
opera sənətinin inkişafı, öz
qüdrətli iste'dadını xalqa sərf
etmiş Üzeyir Hacıbəyovun adı
ilə qırılmaz tellərlə bağlıdır.
Hacıbəyov bütün Yaxın Şərq
aləmində ilk opera olan «Leyli və Məcnun»,
eləcə də ən yaxşı sovet
operalarından biri olan, Azərbaycan mədəniyyətinin
gözəl incilərindən sayılan
«Koroğlu»nun müəllifidir.
Gözəl
bəstəkarımızın yaradıcılıq
yolu heç bir zaman dinclik bilməyən,
daim musiqi yaradıcılığının
yüksəkliklərinə can atan, öz
sənətkarlığını yorulmadan
cilalandırmağa çalışan böyük
bir iste'dadın inkişafını əks
etdirən parlaq nümunədir. Musiqişünaslarımız
Üzeyir Hacıbəyov irsinin öyrənilməsi
sahəsində xeyli iş görmüşlərsə
də, onun təxminən 50 il əvvəl
yazılmış ilk əsərlərilə
həyatının son dövründə
yazdığı əsərlərin, xüsusən
«Koroğlu» operası, o cümlədən
xalq musiqisinin təbiətinə nüfuz
etmək nümunəsi olan, öz gözəlliyi
ilə hamını heyran edən «Firuzə»
operası arasındakı məsafəni
hələ də lazımınca, aydın
tədqiq etməmişlər. Bu mə'nalı
yaradıcılıq yolunu hərtərəfli
öyrənmək lazımdır.
Üzeyir
Hacıbəyovun ilk yaradıcılıq
addımları müvəffəqiyyətlə
qarşılanmış və xalq tərəfindən
bəyənilmişdir. «Leyli və Məcnun»
operası dərhal ürəklərə
yol açmış və o zaman hələ
çox gənc olan bəstəkara şöhrət
qazandırmışdır. Lakin bu müvəffəqiyyətlər
müəllifi aludə etməmişdir.
Bütün həqiqi yaradıcılar
kimi, o da yeni, daha mükəmməl bədii
vasitələr axtarmış, öz iste'dadını
inkişaf etdirmək üçün yeni
yollar tapmağa çalışmış,
öz qarşısında yeni-yeni çətin
və mürəkkəb yaradıcılıq
vəzifələri qoyaraq, rus və Qərbi
Avropa musiqisinin opera nümunələrini
diqqətlə öyrənmiş, hər
cür ağır zəhmətə qatlaşmışdır.
Unutmaq
olarmı ki, dünya şöhrəti
qazanmış «Arşın mal alan» musiqili
komediyasının müəllifi Üzeyir
Hacıbəyov, tələbə həyatının
çətinliklərinə baxmayaraq, öz
təhsilini davam etdirir, sənətkarlığını
təkmilləşdirir, musiqi dilinin saflığına
və aydınlığına nail olmağa
çalışırdı. Yaradıcılıqda
rahatlıq bilməyən, milli sənətin
inkişafı üçün daim yeni yollar
axtaran, öz iste'dadına həmişə
son dərəcə tələbkar olan
Üzeyir Hacıbəyov bizim bəstəkarlarımız
üçün unudulmaz bir nümunə
olmalıdır.
Üzeyir
Hacıbəyov həyatının son günlərinədək
xalqdan ayrılmamış, yaradıcılıqda
özünə dost bildiyi xalq musiqi ustalarına
heç bir zaman yuxarıdan baxmamışdır.
Öz musiqi dilini zənginləşdirmək,
yeni bədii ifadə vasitələri tapmaq
məqsədini izləyən bəstəkar,
xalq sənətinin həyat bulağından
daim su içmişdir. Eyni zamanda, öz
əsərlərində heç bir zaman
xalq nəğmə və muğamlarını
eynən təkrar etməmiş, xalq musiqisinin
mahiyyətini ifadə etmək üçün
özünün orijinal yaradıcılıq
üslubunu yaratmağa sə'y göstərmişdir.
O, xalqın musiqisindən istifadə edərkən,
onu yeni bir keyfiyyətlə, zənginləşdirilmiş
bir şəkildə xalqa qaytarmaq məqsədini
izləmişdir. Müqayisəli dillə
desək, o, tonlarla musiqi dəmir külçəsini
işləyərək, xalq musiqi dühasının
qramlarla qızılını əldə
etməyə çalışmışdır.
Hacıbəyovun böyük yaradıcılıq
qəhrəmanlığı özünün
ən mükəmməl ifadəsini onun
ölməz «Koroğlu» operasında tapmışdır.
Bu operanın saysız-hesabsız gözəlliklərindən
bu gün biz onun hər çür sün'i
bər-bəzəkdən, zahiri, dekorativ
yaraşıqdan uzaq olub, öz müdrik
aydınlığı və sadəliyi,
incəlik və saflığı ilə
fərqlənən musiqi realizmini və
inandırıcılığını,
parlaq sənətkarlıqla birləşən
xalq ruhunu xüsusilə qeyd etməyi lazım
bilirik.
Moskvada
keçiriləcək Azərbaycan incəsənəti
və ədəbiyyatı ongünlüyü
ərəfəsində, istər-istəməz
1938-ci ildə keçirilən birinci ongünlük
gözümüzün qabağında
canlanır. Üzeyir Hacıbəyovun həm
musiqisi, həm də onun ongünlüyə
hazırlıq prosesində göstərdiyi
qayğıkeşlik və məs'uliyyət
bu ongünlüyün, demək olar ki,
canı, ürəyi idi. O günlərdə
Üzeyir Hacıbəyov hər bir xırda
işə böyük qayğı ilə
yanaşır, cavan aktyorlara, çalanlara,
oxuyanlara, bəstəkarlara vaxt sərf
edib, onlara yol göstərirdi. Onun öz
musiqisi ongünlük proqramında çox
böyük yer tuturdusa da, o, həmişə
böyük təvazökarlıq göstərir
və qeyd edirdi ki, ongünlük Azərbaycan
xalqının ongünlüyüdür,
onun əsərləri isə Kommunist Partiyasının
və Sovet hökumətinin qayğısı
sayəsində Azərbaycan xalqının
qazandığı böyük mədəni
nailiyyətlərin cüz'i bir hissəsidir.
Görkəmli
musiqi ustasının, gözəl insanın,
qayğıkeş müəllim və
dostun surəti bizim xatirimizdə məhz
bu cür, müdrik və sadə, böyuk
və təvazökar bir surət kimi yaşayır.
1958