~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

21

Əşrəf Həsənov
«Koroğlu» operasının yaranması barəsində xatirə

«Koroğlu» operası mən tələbə olduğum illərdə gözümün qabağında yaranmışdır. Mən o zaman Üzeyirbəyin sinfində Azərbaycan xalq musiqisinin əsasları və harmoniya dərslərini öyrənirdim. Hörmətli müəllimimizdə gözəl bir xasiyyət vardı. Təzə hər nə əsər yazmış olsaydı, sinfindəki yuxarı kurs tələbələrinə çalar və onların fikrini öyrənərdi. Heç yadımdan çıxmaz. Bir gün dərsə gətirilmiş bir əsəri barədə o belə dedi: bu, «Koroğlu» operasından Həsən xanın ariyasıdır. Qulaq asın, görün xoşunuza gəlirmi. Beləliklə, biz tələbələr Koroğlunun, Nigarın ariyalarını və başqa musiqi nömrələrini hələ opera səhnəyə qoyulmamış əzbərdən bilirdik.

«Koroğlu» operasında müəllif xalq mahnılarından sitat şəklində istifadə etməsə də, opera xalqımızın başa düşdüyü və xoşladığı bir dildə yazılmışdır. Hörmətli müəllimimiz həmişə bizə deyərdi: hər hansı xalq olursa-olsun, onun yaratdığı mahnılar və bu mahnıların ruhunda yazılan əsərlər başqa xalqlara da xoş gələcək, çünki musiqi dili beynəlmiləl dildir. Bu xüsusiyyətə görə də biz bir çox xalqların dahi bəstəkarlarının əsərlərini hər dəfə sevə-sevə dinləyirik. Bunun üçün də dünya miqyasında tanınmış, məsələn, Bethoven, Motsart, Çaykovski, Şostakoviç və başqalarının yazdıqları əsərlər bütün sovet xalqı üçün həmişə qiymətlidir.

Üzeyirbəy öz yaradıcılığına çox tələbkar idi. Ona görə də «Koroğlu» səhnəyə qoyulduqdan sonra belə operanın üzərində çox işləyirdi. Nəhayət, 1937-ci ildə operanın təkmilləşmiş ikinci redaksiyası başa çatdı. Bu dəfə operanın dirijorluğu mənə tapşırıldı. Onu da deməliyəm ki, operanın birinci dirijoru müəllif özü olmuşdur.

1938-ci ildə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, o zaman incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyirbəylə görüşdük. Görüş zamanı Üzeyirbəy mənə dedi ki, Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və «Koroğlu» operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada Böyük teatrda çox böyük müvəffəqiyyətlə üç dəfə göstərildi. «Koroğlu» operasının birinci rejissoru İ. Hidayətzadə, rəssamı R. Mustafayev olmuşdur. Onu da deməliyəm ki, Üzeyirbəy əsəri yaradanda həmişə mövcud aktyor qüvvəsini nəzərə alırdı. Koroğlu obrazının ilk yaradıcısı xalqımızın böyük müğənnisi Bülbüldür. «Koroğlu» operası ilə bir çox cavan iste'dadlar meydana çıxmış, opera bu günə qədər 500 dəfədən çox tamaşaya qoyulmuşdur.

1975

Rza Təhmasib
Müqtədir
sənətkar

Mən Üzeyir Hacıbəyovun musiqimizdəki mövqeyini Mirzə Fətəli Axundovun dramaturgiyamızdakı mövqeyi ilə müqayisə edərdim. Əgər M. F. Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın müjdəçisi və banisidirsə, Ü. Hacıbəyov professional musiqimizin ilk qaranquşu və ustadıdır. Mirzə Fətəli rus və Avropa dramaturgiyasından böyük ustalıqla bəhrələnmişdirsə, Üzeyir kamil bir bəstəkar və musiqişünas alim kimi Azərbaycanın son dərəcə gözəl, məlahətli, tə'sirli musiqisini rus və Avropa musiqisinin mütərəqqi ən'ənələri ilə üzvi şəkildə əlaqələndirmişdir. Ən nəhayət, M. F. Axundov Şərq qadınını qara çadraya bürüyən, onun arzu və düşüncələrini buxovlayan islam dini əleyhinə açıq, qızğın mübarizə aparmışdırsa, Ü. Hacıbəyov islamiyyətin qadına feodal-patriarxal münasibətini musiqinin və ictimai satiranın dili ilə ifşa etmişdir. Bəstəkarın yaratdığı operalar, operettalar, vokal və instrumental əsərlər bu gün də müstəsnalıq təşkil edir, öz müqtədir müəllifinə ölməzlik gətirir.

Hələ gəncliyimdən Ü. Hacıbəyov əsərlərinin vurğunu olmuşam. Bəstəkarın gözəl əsərlərində hamı kimi mən də öz istədiyimi tapmışam. Çünki onun mövzuları kimi, personajları da həyatidir, xəlqidir.

Böyük bəstəkarla şəxsi tanışlığımın tarixi 1922-ci ildən başlayır. Doğrudur, bir gənc aktyor kimi o vaxta qədər çıxış etdiyim tamaşaları, xüsusən «Ölülər»i Ü. Hacıbəyov görməmiş deyildi; hətta vaxtilə bəstəkarın özünün də çıxış etdiyi «Ölülər»in müzakirəsində mən də danışmışdım. Bununla belə, ilk görüşümüz Azərbaycan Dövlət Teatrına mən baş rəhbər (bu vəzifə bədii rəhbər və direktor funksiyasını ifadə edirdi) tə'yin edildikdən bir az sonra olmuşdur. Teatr opera və dram kollektivlərini birləşdirirdi. Düzünü deyim ki, bu musiqi ağsaqqalı ilə görüşmək üçün bir fürsət axtarırdım. Bir gün Üzeyirin təsadüfən teatra gəlişini mənə xəbər verdilər. Hövlnak qalxıb, ikinci mərtəbədən endim, bəstəkara yaxınlaşıb salam verdim və onu otağa də'vət etdim. Bəstəkar tərəddüd içində idi, tə'kidlə təvəqqe etdiyimi görüb, sözümü sındırmadı, ağır addımlarla pillələri qalxıb, otağa daxil oldu, əyləşib fikrə getdi.

Dərin sükutu mən pozdum:

—Bu teatr sizinkidir,—dedim.

O, üzümə baxmasa da, bilirdim ki, mənə diqqətlə qulaq asır. Bir anlıq pauzadan sonra:

—Teatr Azərbaycan xalqınındır, biz isə onun adi, sıravi xidmətçiləriyik, — deyib başını qaldırdı, sözümün doğruluğunu, səmimiliyini bilmək istəyirmiş kimi sınayıcı nəzərlə gözümün içinə dik baxdı. Bunu görüb cür'ətləndim:

— Mənim sizin köməyinizə ehtiyacım var, teatra kömək edin.

Baxışları mülayimləşmişdi. Hiss etdim ki, sözlərimdəki səmimiyyətə inanıb.

— Mənim sizə nə köməyim dəyə bilər?

—Bilirsiniz ki, savadlı aktyorlara teatrın böyük ehtiyacı var. Bu söz opera müğənnilərinə də aiddir, onların təhsil alması üçün bizə kömək edin. Müslüm Maqomayevi də baş dirijor vəzifəsinə götürmüşük. İstəyirəm siz də teatrda dirijorluq edəsiniz, heç olmasa, öz əsərlərinizə.