Mənə
müharibə illərində Ü. Hacıbəyovun
sinfində oxumaq nəsib olmuşdur. Onun
öz təhsil üsulu vardı: bizə,
musiqi məktəbi və konservatoriyanın
tələbələrinə həyatı
dinləməyi, duymağı öyrədirdi.
Hər gün bizi bir növ imtahana çəkirdi.
Sovet mə'lumat bürosunun xəbərlərindan
nə öyrənmişik, qəzetlərdə
nə oxumuşuq? Biz də bir-birimizin sözünü
kəsə-kəsə nəql edərdik.
«Hə,
indi düşmən üzərinə
hücuma keçən döyüşçülərin
marşını yazın», — deyə Üzeyirbəy
təklif edirdi. Biz də ixtisas fənni,
harmoniya, polifoniya üzrə öyrəndiyimiz
bütün biliklərə isnad edərək,
həvəslə marş bəstələməyə
başlardıq. Sonra bu əsərləri
sinifdə ətraflı müzakirə
edərdik. Müəllimimiz özünə
xas olan təmkinlə bu müzakirəni
elə aparardı ki, nöqsanlardan belə
danışarkən heç kəs inciməzdi.
Ü.
Hacıbəyovun çox qiymətli bir xüsusiyyətini
də qeyd etmək istərdim. O, bizim nəinki
yaradıcılıq inkişafımıza
nəzər yetirir, həmçinin həyatımızla,
səhhətimizlə də maraqlanırdı.
Sinfə girəndə hamını nəzərdən
keçirir (axı müharibə vaxtı
idi!), bir narahatlıq hiss edən kimi hökmən
soruşurdu:
—
Bura bax, nə isə gözümə yaxşı
görünmürsən, dərsdən
sonra bir yanıma gəl...
Müəllimimiz,
dostumuz, gözəl insan çoxdandır
ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə
daim yaşayır.
1965
Ələkbər
Hüseynzadə
600 dəfədən çox
1913-cü
ilin bir yay günü idi. Üzeyir Hacıbəyovun
Peterburqdan göndərdiyi məktubu Müslüm
Maqomayev bizə oxudu. O, məktubda xahiş
edirdi ki, təzə yazdığı «Arşın
mal alan» musiqili komediyasını tamaşaya
qoyaq. Üzeyir məktubla bərabər
«Arşın mal alan» əsərini də
göndərmişdi. O vaxt Azərbaycan
milli opera truppası indiki Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının binasında
yerləşirdi.
Aktyorlarımız
az idi. Maddi cəhətdən də çətinlik
çəkirdik. Buna baxmayaraq biz həvəslə
işə girişdik. Dirijorumuz Müslüm
Maqomayev idi. Rejissorluğu da Hüseyn Ərəblinski
edirdi. Müğənnilərdən Sarabski,
Terequlov, Məmmədov əsərdə
baş rolları hazırlayırdılar.
Mənə də Soltan bəy rolu tapşırılmışdı.
Özünüz bilirsiniz ki, o vaxt qadın
rollarını ifa edən aktrisalar olmadığı
üçün biz böyük çətinlik
qarşısında qalırdıq. Çünki
azərbaycanlı qadınlara nəinki
səhnəyə çıxmaq, hətta
teatr tamaşalarına gəlmək də
qadağan edilmişdi. Buna görə də
qadın rollarını ifa etmək üçün
Azərbaycan truppasına rus aktrisaları
Yeva və Aleksandra Olenskaya bacıları
də'vət edilmişdilər. Bir qədər
sonra Azərbaycan teatr incəsənəti
tarixində ilk dəfə Gülsabah xanım
truppamızda çıxış etməyə
başladı. O, əvvəllər dram
teatrında işləyirdi.
Bizim
daimi binamız olmadığı üçün
«Arşın mal alan» operettasının
məşğələlərini qiraətxanalarda,
məktəblərdə, Hüseyn Ərəblinskinin
və Sidqi Ruhullanın mənzillərində
keçirirdik. Biz əsəri öyrəndikcə
daha da həvəslənirdik. Komediyanın
musiqisi və mətni bizi ruhlandırırdı.
Nəhayət,
«Kaspi» qəzetində bir e'lan çıxdı:
«Cümə
günü, 1913-cü il oktyabr ayının
25-də Tağıyevin teatrında Üzeyir
Hacıbəyovun «Arşın mal alan» adlı
orijinal operettası tamaşaya qoyulacaqdır».
Afişada
Müslüm Maqomayevin, Sarabskinin, Terequlovun,
Ağdamskinin adları ilə yanaşı
mənim də adım yazılmışdı.
Tamaşanın
necə müvəffəqayyət qazandığını
təsvir etmək mümkün deyil. Elə
ilk tamaşadan başlayaraq xalq Üzeyir
Hacıbəyovun yeni əsərini ürəkdən
sevdi. Tamaşa salonu həmişə dolu
olurdu. Tezliklə «Arşın mal alan» erməni
və rus dillərinə, sonra da başqa
dillərə tərcümə edildi. «Arşın
mal alan» komediyası elə şöhrət
qazanmışdı ki, nəinki böyük
şəhərlərdə, hətta Azərbaycanın
kəndlərində də tamaşaya qoyulurdu.
Mən
«Arşın mal alan» musiqili komediyasının
ilk tamaşasından bəri Soltan bəyin
rolunu 600 dəfədən artıq ifa etmişəm.
Özü də hər dəfə bu rolu
oynayanda əsil mə'nada zövq almışam.
1965
Şəfiqə
Axundova
Sadə, xeyirxah insan
«Üzeyir
müəllim olmasa idi, mən də olmazdım».
Bu,
mənim yaradıcılıq epiqrafımdır.
Həqiqətən də belədir. Bugünkü
varlığımla, bugünkü müvəffəqiyyətlərimlə
mən müəllimimə borcluyam.
1939-cu
ildə Üzeyir müəllimin yanına
gələrkən məktəbli qız
idim, heç bir musiqi təhsilim yox idi. Amma
musiqini çox sevirdim, hətta musiqi bəstələməyə
can atırdım. Böyük bacım
Zümrüd məni Üzeyirbəyin yanına
apardı. Öz mahnımı fortepianoda
çalıb oxudum. O vaxtdan əvvəl
tar şö'bəsində, sonra isə
Üzeyir müəllimin konservatoriyada açdığı
hazırlıq kursunda oxumağa başladım.
Mən Üzeyir müəllimin sinfində
kompozisiyanı və Azərbaycan xalq musiqisinin
əsaslarını öyrənirdim.
Üzeyir
müəllim çox mehriban, səmimi,
qayğıkeş, böyük ürəkli
bir insan idi.
...Müharibə
illəri idi. Bir gün dərsdə müəllimim
rəngimi solğun görüb soruşdu.
«Bəlkə acsan?», «Yox»— deyə utanıb
üzümü yana çevirdim. O özü
üçün gətirdiyi yağ-çörəyi
çıxarıb mənə verdi və
üstəlik çay da gətizdirdi.
...1943-cü
il. Maddi vəziyyətimiz ağırlaşdığından,
ailəyə kömək etmək üçün
mən işə girməli idim. Bu barədə
Üzeyir müəllimə müraciət
etdim və o məni M. F. Axundov adına
opera və balet teatrına suflyorluğa
işə düzəltdi.
1944-cü
ildə Azərbaycan himnini yaratmaq üçün
konkurs e'lan olunmuşdu. Konkursda mən də
iştirak edirdim. Yazdığım himn
qəhrəmani ruhda olduğuna görə
«Zəfər marşı» adı ilə
çap edildi.
Üzeyir
müəllim mənim səsimi bəyənirdi
və çox xoşlayırdı. O deyirdi
ki, məndən yaxşı Gülçöhrə
olar. Bu məqsədlə hörmətli
müğənnimiz, SSRİ xalq artisti
Şövkət Məmmədovadan uzun
müddət vokal dərsi də aldım.
1944-cü ildə Üzeyir müəllimin
himnini müəllifin göstərişi
və təklifi ilə filarmoniyada hökumət
baxışında ilk dəfə mən
oxumuşam. Azərbaycan himninin ilk ifaçısı
olduğum üçün özümü
xoşbəxt hesab edirəm. O qədər
ifaçı arasında böyük bəstəkarın
mənim səsimə üstünlük
verməsi qəribə idi.
Bir
gün də mən dərsdə Üzeyir
müəllimin stolunun üstündə
çap olunmuş «Cəngi» əsərini
gördüm və bildirdim ki, bu əsər
çox xoşuma gəlir. Buna cavab olaraq
o dedi: «İndi ki xoşuna gəlir, götür,
sənə bağışlayıram» və
notun üstünə «Gənc və iste'dadlı
talibəm Şəfiqəyə Üzeyirdən
bir xatirədir» yazıb, mənə bağışladı.
İndi o notu ən qiymətli yadigar kimi
saxlayıram. Müharibə illərində
Üzeyir müəllim öz qonorarından
mənimlə Ağabacı Rzayevaya maddi
yardım kəsdirirdi. Biz uzun illər Üzeyir
müəllimin sayəsində yaxşı
təqaüdlə tə'min olunmuşduq.
...Yadımdadır,
1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə
getməli idik. Bizim geyimimiz də müəllimimizi
düşündürürdü. Bir gün
Ağabacı ilə mən onun kabinetinə
getdik. Bizi görən kimi o, göstəriş
verdi ki, bizi palto ilə tə'min etsinlər.
Bundan əlavə kostyum tikilmək üçün
də atelyeyə göstəriş verildi
və hətta tapşırıldı
ki, kostyumun fasonunu Şövkət Məmmədova
seçsin. Elə də oldu.
Üzeyir
müəllim haqqında çox danışmaq
olar... Ona, onun sənətinə, təbiətinə
hamı səcdə edirdi. O, əsil insan,
mərd adam idi. Biz ondan çox şey öyrəndik.
Onun xatirəsi qəlbimizdən silinməzdir.
1975