Üzeyir
ilə tanışlığımız
birinci dəfə «Molla Nəsrəddin»
məcmuəsi ilə başladı. Onun
özü satiraçılıqda qüdrətli
bir qələmə malik olduğu üçün
satira yazanlarla tanış olmağı
da sevirdi.
Mən hələ Ordubadda olduğum zamam
rəssam Əzim Əzimzadə ilə
tanış idim və onunla tez-tez məktublaşırdım.
Günlərin birində müştərək
yazılmış bir məktub aldım.
Məktub Əzimzadə, Üzeyirbəy,
bir də o zamanın satiraçılarından
birisi tərəfindən yazılmışdı.
O məktubda Üzeyirbəy yazırdı:
«Səid!
Təəccüb edirəm ki, nə üçün
Ordubadda qapanıb qalmısan. Sən yığışıb
Bakıya gəlsən, öz yazılarına
çox geniş səhifələr tapa
bilərsən, səninlə yaxından
tanış olarıq, sənin irəli
getməyin üçün imkan yaradarıq.
Əzimzadənin dediyinə görə,
qoçulardan qorxduğun üçün
Bakıya gəlmək istəmirsən.
Bu barədə heç də qorxmağa
gəlməz. Mənə inan, qoçuların
özü də satiranı gülə-gülə
oxu-yurlar. Sənin «Molla Nəsrəddin»
məcmuəsində «Pilov cəzair müctəməsinin
əhval coğrafiyası» ünvanlı
satiran çox xoşuma gəldi. Onu daima
yorğun olduğum vaxt götürüb
oxuyuram. Hətta qarınqulu mollalar belə,
acıqlandıqlarına baxmayaraq, bu yazını
gülə-gülə, dönə-dönə
oxuyurlar. Mən məsləhət görürəm
ki, belə şeyləri yazanda oxucunu yalnız
güldürməyə diqqət vermə,
onları düşündürməyə
də çalış!
Sənin qaibanə dostun H. Üzeyir».
Üzeyir ilə yaxından tanışlığımız
Oktyabr inqilabından sonra başladı.
Mən iyirminci ildə Həştərxandan
Bakıya gəldim. O zaman Bakı ziyalıları
və yazıçıları ilə hələ
tanış olmamışdım, yalnız
rəssam Əzimzadə və Haqverdiyevlə
görüşə bilmişdim. Bir az
sonra mərhum Cəfər Cabbarlı ilə
«Əxbar» qəzeti idarəsində tanış
oldum. Üzeyiri görə bilməmişdim.
Bir neçə gündən sonra məni
«Əxbar» qəzetində müdir müavini
tə'yin etdilər. Bu radələrdə
Üzeyirlə birinci dəfə olaraq üz-üzə
gəldik və tanış oldum. Bu görüşdə,
yadımdadır, Üzeyir əlimi sıxdı
və gülümsəyərək dedi:
— Daha qorxmursan ki!..
Əlbəttə,
bir dəfə görüşməklə
Üzeyir kimi bir sənətkarı öyrənmək
mümkün ola bilməzdi. Təsadüfi
görüşlər zamanı dəxi
sənət barəsində danışmaq
çətin idi. Bə'zən görüşlərdə
iştirak edən başqa adamların aralığa
atdığı cürbəcür mövzular
sənət barəindəki söhbətlərə
imkan vermirdi.
Mən Üzeyirin əsərlərinin
heç birisini görməmişdim. Birinci
olaraq onun «Arşın mal alan» musiqili komediyasının
tamaşasına getdim. Zənn edirdim ki,
gecədə Üzeyirbəy ilə görüşmək
mümkün olacaqdır. Lakin o, teatra gəlməmişdi.
Bu əsərin tamaşasından aldığım
tə'sirat çox böyuk oldu. Əvvəla,
bu əsərdə Üzeyirbəyin bir
bəstəkar olmaqdan başqa, bacarıqlı
dramaturq və satira ustası olduğunu
müəyyən edə bildim və öz-özümə:
«Üzeyirbəy öz epoxasının
təzə adamıdır»— deyə şadlandım.
O, bu əsərində çürümüş
aristokratiyanın iç üzünü
göstərdiyi kimi, qadınlar barəsində
olan köhnə nəzəriyyəni də
lazımi qədər baltalamışdı.
Üzeyirbəy ilə yaxından tanışlığımız
1929-cu illərdən başladı. O zaman
Azərbaycan musiqisinin inkişaf yolları
geniş müzakirə olunurdu.
Üzeyirbəy bu məsələdə
hamıdan artıq rahatsız olur və
musiqimizin gələcəyi üçün
düşünürdü. Musiqımiz
üzərində başlamış dedi-qodular
gündən-günə artırdı.
Bu zaman partiya və hökumətin köməyi
ilə Üzeyirbəy Azərbaycan radio
komitəsinin təşəbbüsü
nəticəsində xalq çalğı
alətlərindən notlu orkestr düzəltməyə
başladı.
Həmin
bu zamanlarda mən Azərbaycan radio komitəsinin
ədəbiyyat şöbəsini təşkil
və idarə edirdim. Üzeyirbəylə
tez-tez görüşürdüm. Bə'zən
onun çalanlarla keçdiyi məşqlərlə
maraqlanırdım. Buradan aldığım
qənaət notlu orkestr barəsində
aralıqda gedən dedi-qoduların və
bədbinliklərin yersiz olduğunu göstərirdi
və mən Üzeyirin müvəffəqiyyət
qazanacağına qəti inanmağa başladım.
Bu
zamanlar Üzeyir məni nəğmələr
üçün şe'r yazmağa maraqlandırdı.
Bir neçə şe'rimə musiqi yazdı.
Nəhayət, günlərin birində
o, radio idarəsində (tənəffüs
zamanı) yanımda oturub ədəbi verilişlərimizin
vəziyyəti barəsində danışdı.
Sonra bir papiros yandırıb dedi ki: «Xırda
işlərdən fayda yoxdur. Hələlik
orkestr ilə məşğulam, bir neçə
gündən sonra sənə bir söz
deyəcəyəm, elə bilirəm ki,
sən onu bacararsan, ancaq nigaran qalma, dediyim
söz incəsənətə aiddir».
O
gedəndən sonra mən çox düşündüm...
nəhayət, onun təzə bir opera yazmaq
fikrində olduğunu müəyyən
etdim.
Bu
söhbətdən bir ay sonra məni opera
teatrına çağırdılar və
«Dəmirçi Gavə» pyesi əsasında
bir opera librettosu yazmaq üçün müqavilə
bağladılar. Mən bu barədə
Üzeyirbəylə tez-tez görüşürdüm.
Biz əsərin xorları, ariyaları
barəsində məsləhətləşirdik.
Bə'zən
o mənə ölçülər verdiyindən
mə'lum olurdu ki, o, əsərin ariya və
xorlarından bir çoxunu yazmışdır.
Bu
əsər üçün görüşlərimiz
bir ilə qədər davam etdi. Bu müddətdə
librettonu yazıb bitirdim. Onu oxuyub təsdiq
etdilər. Artıq oturub işə başlamalıydıq.
Üzeyirlə bir neçə gün oturduq,
lakin heç bir iş görmədik, nədənsə
Üzeyir çox tərəddüdlü
görünürdü. Nəhayət,
o öz qəlbini açıb dedi:
—
«Dəmirçi Gavə»nin librettosu üzərində
çox zəhmət çəkdin, mən
də az zəhmət çəkməmişəm.
Ancaq mən fikrimi dəyişmişəm.
Bə'zəi yaxşı bir iş üçün
böyük zəhmətləri qurban etməyin
də eybi yoxdur. Biz «Dəmirçi Gavə»
operasının əvəzinə elə
bir əsər yaratmalıyıq ki, onunla
xalqımızın varlığına
qəhrəmanlıq ruhu aşılamaq
mümkün olsun.
Biz
sükuta daldıq. Bu sükut bir çay
içmək və bir papiros çəkmək
qədər davam etdi. Nəhayət, mən
ona sual verdim:
—
Nə etmək istəyirsən?
— Koroğlu dastanı əsasında bir
opera yazmaq xəyalındayam. Sən bilirsən
ki, Koroğlunun qəhrəmanlıq siması
müxtəlif variantlar içərisində
itib getmişdir. Koroğlu kimi səbatlı
bir üsyançını orta əsrlərə
məxsus bir çapğın və eşqbaz
qələmə verirlər. Buna görə
də biz Koroğlu epoxasının siyasi
və ictimai mündəricəsini yazdığımız
operada aydınlaşdırmalıyıq.
Xalqımız Koroğlunun möhkəm
bir qəhrəman olduğunu, öz əsrinin
məşhur üsyan təşkilatçısı
kimi feodallara qarşı mubarizə apardığını
səhnədə görməlidir.
Üzeyir
bu sözlərdən sonra mənə bir
daha müraciət etdi:
—
Demək ki, biz bunu qərara alırıq!
— dedikdə, mən də əlimdəki
çay stəkanını yerə qoyub:
—
Bəli, qərarlaşdıq, — deyə
cavab verdim.
Bir
neçə gündən sonra opera teatrının
müdiriyyəti məni çağırıb
«Koroğlu» operasının librettosunu yazmaq
üçün müqavilənamə bağladı.
Biz
əvvəlcə bir neçə gün
oturub librettonun planını hazırladıq.
Ariyaların, xorların və reçitativlərin
yeri və ölçüləri müəyyən
edildi. Bu iş bir qədər asanlıq
yaratdı. Əsər parça-parça
yazıldı. Beləliklə, libretto yazılıb
qurtardığı zaman, demək olar ki,
musiqi də yazılıb qurtardı.
Saat
birdən dördə qədər oturub
işləməyi qərara almışdıq.
Ancaq bə'zən vaxtları dəyişdirmək
lazım gəlirdi. İşin gedişində
onun bir xasiyyəti nəzərimi cəlb
edirdi: hər gün işə başlamazdan
əvvəl mənim işə həvəsim
olub-olmadığımı yoxlayırdı.
Hərgah məndə bir kədər hiss
edirdisə, mütləq əhval-ruhiyyəmi
düzəltməyə və lətifələr
vasitəsilə kədərlərimi unutdurmağa
çalışırdı. Sonra da işə
başlayırdıq.