Mirzə
Fətəli Axundovdan başlamış
ta müasir sovet yazıçıları
və alimlərinədək Azərbaycan
mədəniyyətinin görkəmli xadimlərinin
mənə əziz olan bir çox tarixi
sənədləri—avtoqraflar, məktublar
arasında Üzeyir Hacıbəyovun yeganə
məktubu da qovluqda ehtiyatla qorunub saxlanır.
Bu məktubun qırx ildən artıq maraqlı
bir tarixi vardır.
O
uzaq otuzuncu illərdə mən Tbilisidə
yaşayır və Zaqafqaziya MİK-ində
işləyirdim. Azərbaycan ədəbiyyatı
və incəsənətinə aid məqalələrlə
mətbuatda tez-tez çıxış edirdim.
Bir dəfə məşhur gürcü
alimi, professor Axvlediani Ukrayna ensiklopediyası
üçün Azərbaycan mədəniyyəti
haqqında material toplayıb hazırlamaqda
ona kömək etməyi mənə təklif
etdi. Axvlediani həmin nəşrin Zaqafqaziya
üzrə rəsmi nümayəndəsi
idi.
Bu
təklif çox məs'uliyyətli olsa
da, mənə maraqlı göründü.
Əlifbanın birinci hərfi üçün
Azərbaycan ədəbiyyatını,
musiqisini, teatrını və Azərbaycan
dilini əhatə edən məqalələr
vermək lazım olduğundan, dərhal
işə başlamalıydım. Bu bölməyə
düşəcək ayrı-ayrı xadimlər
— Axundov, Haqverdiyev, Ərəblinski və
b. haqqında məqalələri hələ
demirəm. Düzdür, məqalələrin
həcmi o qədər də böyük
olmayacaqdı, amma bu, materialın tərtibi
sahəsindəki çətinliyi, habelə
onun məzmununun dolğunluğu haqqında
məs'uliyyəti heç cür azaltmır,
əksinə, artırırdı.
Bə'zi
məqalələri biliyim çərçivəsində
özüm yazdım, başqa materiallar
üçün isə Bakıdakı mö'təbər
mütəxəssislərə müraciət
etdim. Təbii, Azərbaycan musiqisi haqqında
məqalə yazmaq üçün Üzeyir
Hacıbəyova müraciət etməyi
lazım bildim. Onunla çoxdan tanış
idim, amma bu tanışlıq, necə deyərlər,
ötəri idi. Buna baxmayaraq, məşhur
bəstəkara məktub yazıb xahiş
etdim ki, Azərbaycan musiqisi haqqında məqalə
yazmaq zəhmətini öz öhdəsinə
götürsün. Ensiklopediya redaksiyasından
aldığım müəllif haqqının
miqdarını göstərən müqavilənin
bir nüsxəsini də məktuba əlavə
etdim.
Xatirimdədir,
bir dəfə Bakıya gələndə
Üzeyir Hacıbəyovla görüşdüm.
Bəstəkar məni çox səmimi
qarşıladı və lazımi materialı
yazmağa razı olduğunu söylədi.
Şübhəsiz, mən başa düşürdüm
ki, bəstəkar gərgin yaradıcılıq
işilə məşğuldur və e'tiraf
edim ki, məqaləni yazacağına o
qədər də ümid bəsləmirdim.
Tezliklə ondan sifarişli zərf alanda
necə sevindiyimi təsəvvür edə
bilməzsiniz. Zərfin içində Azərbaycan
musiqisi haqqında makinədə çap
olunmuş məqalə və məktub
vardı. Məktubda yazılmışdı:
«Hörmətli
Əziz yoldaş!
Bir
qədər gec olsa da, məqaləni göndərirəm.
Bilmirəm yarayacaq yoxsa yox. Əyər
gecikibsə, xahiş edirəm, geri göndərin.
Sizin Tiflisdən göndərdiyiniz məktubu
aldım, müqaviləyə qol çəkməyi
lazım bilmədim, çünki görülən
iş o qədər də zəhmətli
deyil, Sizə can sağlığı arzulayıram.
Üzeyir.
Bakı, 14 yanvar 1932-ci il».
Bu
məqalənin bir nüsxəsi məndə
qalıb və oxucuları onun məzmunu
ilə tanış etməyi özümə
borc bilirəm, çünki vaxtilə ensiklopediya
redaksiyasına təqdim edilən başqa
materiallarla birlikdə bu məqalə də
işıq üzü görməyib. Ensiklopediyanın
birinci cildinin hazırlanması və nəşri
gecikdi və Böyük Vətən müharibəsindən
sonra yenidən tərtib edildi. Bu cildin nəşri
yalnız 1959-cu ildə mümkün oldu.
Şübhəsiz, buradakı materiallar,
o cümlədən Azərbaycan musiqisi
haqqında məqalə yenidən yazılmışdı.
Üzeyir
Hacıbəyovun bu kiçik məqaləsinin
qiyməti onda idi ki, Azərbaycan musiqisi,
onun xüsusiyyətləri, quruluşu,
ladları haqqında aydın təsəvvür
oyadır. Həm mütəxəssislər,
həm də musiqi həvəskarları
üçün çox maraqlı mə'lumat
verirdi. Burada xalq çalğı alətlərindən,
ifaçılardan, müğənni və
çalğıçılardan bəhs olunurdu.
Üzeyir Hacıbəyov müasir dövrün
musiqi mədəniyyətinin vəziyyəti
haqqında da maraqlı mə'lumat verirdi.
«Aprel
inqilabınadək Azərbaycanda musiqi yarıgizli
vəziyyətdə idi və din xadimləri
və onların əlaltıları tərəfindən
tə'qib olunurdu.
Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra musiqi mədəniyyəti
böyük addımlarla irəliləməyə
başladı.
1921-ci
ildə Bakıda məxsusən türk
(azərbaycanlı— qeyd) oğlanları
və qızları üçün xüsusi
musiqi məktəbi açıldı, burada
500-dən artıq şagird oxuyurdu.
1926-cı ildə bu məktəb Azərbaycan
Dövlət Konservatoriyası ilə birləşdi,
burada ümumi musiqi incəsənəti
ilə yanaşı, həm praktiki, həm
nəzəri cəhətdən Azərbaycan
xalq musiqisi də öyrənilir.
Öz koloritinin rəngarəngliyi ilə
zəngin olan Azərbaycan xalq ladları
(guşələri) kontrapunkt (polifonik)
formalar üçün çox gözəl
əsas ola bilər və müəyyən
inkişaf dövründə ümumdünya
musiqi incəsənətinə böyük
yenilik gətirə bilər».
Bu
kiçik məqalədən verilən mə'lumatların
üslub səlisliyini, dəqiqliyini və
yığcamlığını müəyyən
etmək olar. Bir şeyi də qeyd etmək
istərdim ki, məqalənin müəllifi
öz operaları, musiqili komediyaları
və digər əsərləri ilə
o zamanadək çox zənginləşdirdiyi
yeni Azərbaycan musiqi mədəniyyəti
haqqında bir kəlmə belə yazmır.
Əgər bu barədə yazmış
olsaydı, bəstəkar gərək ilk
növbədə özünün həlledici
rolundan bəhs edəydi. Üzeyir Hacıbəyovun
həm məqalədə, həm də
mənə göndərdiyi qısa məktubda
özünün aydın görünən
xasiyyətinin bu cəhəti ilk növbədə
nəzərə çarpmalıdır,
çünki bu cəhət bəstəkarı
nəinki görkəmli musiqi xadimi və
ictimai xadim kimi, həmçinin gözəl,
dağ çeşməsi kimi saf və büllur,
özünü öyməkdən çox-çox
uzaq olan gözəl, xeyirxah bir insan kimi
xarakterizə edir.
1975