~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

9

Fikrət Əmirov
Üzeyir məktəbi

Xalqımızın böyük bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılıq yoluna bir daha nəzər salır, dediklərini və yazdıqlarını təkrar-təkrar xatırlayırıq. Belə əlamətdar hadisələrin layiqincə qeyd olunmasının əsil əhəmiyyəti məhz bu gün üçün nə dərəcədə müasir olmasında, gərəkli olmasındadır. Üzeyir Hacıbəyov irsinə bu baxımdan qiymət verməli olsaq, onda böyük bəstəkarın musiqi əsərlərinin, sənət haqqında fikirlərinin, şəxsiyyətinin Azərbaycan musiqisinin və Azərbaycan bəstəkarlarının inkişafındakı misilsiz tə'siri bütün əzəməti ilə açıq-aşkar görünər.

Mən əvvəlcə Üzeyir Hacıbəyovun şəxsiyyəti haqqıda bir-iki söz demək istərdim. Bu məsələdən başlamağı ona görə vacib bilirəm ki, əvvələn, mən bəstəkarı ilk dəfə görərkən hələ uşaq idim və onun sənəti haqqında lazımi mə'lumatım yox idi. İkincisi də, güman edirəm ki, sənətkarın şəxsiyyəti ön planda durmalıdır. Əsər müəllifin bütün mə'nəvi aləmindən süzülüb gəlir; şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda əsil mə'nada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu.

O, mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmışdır. Bu unudulmaz görüşün səbəbkarı böyük müğənnimiz Bülbül oldu. 1938-ci ildə Bülbül məni konservatoriyaya, bəstəkarın iş otağına aparıb təqdim etdi: «Üzeyirbəy, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir».

Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum. İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım. Ancaq bu bağlılıq bir bəstəkar kimi, mənim heç də əl-qolumu bağlamadı, əksinə, qanadlarımı bərkitdi və mənə cəsarət verdi, sərbəstlik verdi.

Qartal cinsindən olan berkut adlı bir quş var. Deyirlər, bu berkutlar balalarına uçmağı öyrədərkən onları caynaqlarına alıb yuxarı, lap yuxarı qaldırır və oradan üzüaşağı buraxırlar, hansının qanadı möhkəmsə, cəsarəti çatırsa, qanad açır, uçur və yerə düşüb həlak olmur. Berkutlar balalarına cəsarəti, hünəri irsən verir və ona görə də belə sınaqdan uğurla çıxacaqlarına, görünür, şübhə etmirlər.

Üzeyir Hacıbəyovun gənclərə münasibətində mən belə təmkinli bir qətiyyət, belə doğma bir tələbkarlıq duymuşam. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimimdən xalq musiqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gəlir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı bu böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, onun undulmaz məsləhətlərini eşitmişəm.

Şübhə etmirəm ki, başqa sənət yoldaşlarım da bu sözləri məmnuniyyətlə təkrar edərlər. Belə hallarda mən çox zaman Qoqol nəsrinin tə'sir qüdrəti ilə əlaqədar vaxtilə rus tənqidinin dediyi bir fikri: «Biz hamımız Qoqolun «Şinel»indən çıxmışıq» sözlərini xatırlayıram. Üzeyir Hacıbəyov sənətinin Azərbaycan bəstəkarlarına nə verdiyini tam ifadə etmək üçün mən yalnız belə deyə bilərəm: «Biz hamımız Üzeyir məktəbindən çıxmışıq».

Bu məktəbdə biz nə öyrənmişik?

Bu çox ciddi, həm də çox əhatəli cavab tələb edən bir sualdır. Burada mən ancaq müəyyən cəhətləri qeyd etməklə kifayətlənməli olacağam.

Mə'lumdur ki, Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir. İlk operamızın, operettamızın, xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın və s. yaranışı onun adı ilə bağıdır.

«Leyli və Məcnun»dan «Koroğlu»ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları və qiymətli sənət kəşfləri ilə çox zəngindir. Burada qeyd edək ki, Azərbaycan operasının məhz Füzulinin «Leyli və Məcnun» poeması əsasında yazılması da mə'nalı faktdır. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürməkdədir. Bəstəkarın başqa əsərlərində də Füzuli şe'rinə sədaqəti aydın hiss olunur. Bədii dilimizin banisi Füzulinin ədəbiyyatımızda gördüyü vəzifəni, mənə elə gəlir ki, musiqimizdə böyük Üzeyir həyata keçirmişdir. Səməd Vurğun çox doğru olaraq Üzeyirə «Ey Füzuli şe'rinin bir bəstəkar qardaşı!»—deyə müraciət edir. Poeziya ilə musiqinin bu qardaşlıq ən'ənələrini biz həmişə diqqətlə qoruyub saxlamalıyıq.

Uzun illər apardığı axtarışların nəticəsi olaraq meydana çıxan «Azərbaycan xalq musiqisinin əsasları» əsəri Üzeyir Hacıbəyovu həmçinin qüdrətli musiqi nəzəriyyəçisi, tədqiqatçısı kimi də tanıtdı. Bəstəkarın musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir. Onun musiqisi sözünü, sözü də musiqisini tamamlayır.