Bə'zən
həyatda elə hadisələr olur ki,
adam onu heç vaxt yaddan çıxara bilmir.
İndi sizə danışacağım
əhvalat yarım əsr bundan əvvəl
baş vermişdir, amma mənə elə
gəlir ki, bu lap dünən olmuşdur.
On yeddi-on səkkiz yaşlarında idim.
Teatra, ədəbiyyata xüsusi həvəsim
vardı, hətta Nəcəfbəy Vəzirovun
«Yağışdan çıxdıq, yağmura
düşdük» və Əbdürrəhimbəy
Haqverdiyevin «Dağılan tifaq» əsərlərində
qadın rollarında çıxış
etmişəm. Bunları deməkdən
məqsədim odur ki, mənim böyük
sənət aşiqi Üzeyir Hacıbəyovla
necə tanış olmağımı
biləsiniz. N. Vəzirov və Ə. Haqverdiyev
kimi tərəqqipərvər və dövrün
qabaqcıl adamları ilə tanışlığım
məni Üzeyir Hacıbəyovla yaxınlaşdırdı,
«Leyli və Məcnun» operasının yaranması
tarixinin şahidi etdi. O zaman Üzeyir Hacıbəyov
Bakıda «İslamiyyə» mehmanxanasında
yaşayırdı. Əlbəttə,
operanın məşqini orada, Üzeyirin
yaşadığı kiçik otaqda aparmaq
olmazdı. Odur ki, həvəskar artist İmran
Qasımovun geniş mənzili bu işdə
dadımıza çatdı. İmran Qasımovun
böyük zalı var idi. Həftədə
iki-üç dəfə orada məşq
keçirirdik. Məşq zamanı Üzeyir
Hacıbəyov, Əhməd Ağdamski,
Mirmahmud Kazımovski, Mehdibəy Hacinski,
Mirzə Muxtar Məmmədov və başqaları
orada olardı.
Əbdürrəhimbəy
Haqverdiyev də gələrdi. Bir dəfə
Üzeyir Hacıbəyov xor təşkil
etdi. Xor üçün adam tapmağı
Üzeyirbəy mənə tapşırdı.
Onun bütün tapşırıqlarını
mən canla-başla yerinə yetirərdim.
Mən
də, başqaları kimi, ilk operanın
tamaşaya qoyulması gününü
səbirsizliklə gözləyirdim. Nəhayət
bu unudulmaz gün gəlib çatdı.
1908-ci il yanvarın 25-də «Leyli və
Məcnun» operası tamaşaya qoyuldu. O
günü təsvir etməkdə acizəm.
İndiki dram teatrının salonu adamla
dolu idi.
İlk
operaya baxmaq üçün təkcə
Bakı və onun kəndlərindən
deyil, hətta Şuşadan, Ağdamdan,
Bərdədən, Gəncədən,
Şamaxıdan, Lənkərandan da o qədər
adam gəlmişdi ki, çoxu küçədə
qalmışdı. «Şəbi-hicran» xoru
oxunan kimi alqış səsləri uzun
müddət davam etdi.
O
gündən Üzeyir Hacıbəyovun
adı məşhur oldu. O, küçədə
gedəndə də hamı ayaq saxlayıb
deyirdi:
—
«Leyli və Məcnun»u yazan bu oğlandır.
Çox
təəssüf ki, Üzeyir Hacıbəyovla
uzun müddət dostluq edə bilmədim,
çünki bir neçə ildən sonra
təhsil almaq üçün Peterburqa yola
düşdüm. 1915-ci ildə Peterburq
gimnaziyasını bitirib, Saratov universitetinin
tibb fakültəsinə daxil oldum. 1919-cu
ildə universiteti bitirdim. Lakin bu müddət
içərisində Üzeyir Hacıbəyovla
həmişə sıx əlaqə saxlayır,
onun yaradıcılığı ilə
maraqlanırdım. Hər yeni əsərinin
tamaşaya qoyulması xəbərini eşidəndə
uşaq kimi sevinirdim. Bakıya gələndə
«Əsli və Kərəm», «Arşın
mal alan», «O olmasın, bu olsun» və başqa
əsərlərə dəfələrlə
tamaşa etmişdim.
Azərbaycanda
Sovet hakimiyyəti qurulandan on il sonra tibb
elmləri doktoru alimlik dərəcəsi
aldım. Bu münasibətlə Üzeyir
Hacıbəyov məni təbrik edərək
dedi:
—
Hayıf ki, sənətimiz ayrı düşdü.
Mən
isə cavabında dedim:
—
Üzeyirbəy, heç fərqi yoxdur, beynim
tibb aləmində olsa da, ürəyim
musiqinin yanındadır.
O
güldü. Sonralar tez-tez yığıncaqlarda,
teatrda görüşər, söhbət
edər, ilk tamaşamızdan söz açardıq.
1946-cı
il idi. Mənə dedilər ki, Üzeyir
Hacıbəyovun əllərinə sada
xəstəliyi düşüb. Tarzən
Mirzə Mənsur Mənsurovla onlara getdim.
Biz içəri girəndə o, pianonun
arxasında oturub nəsə çalırdı.
Barmaqları tənziflə sarıqlı
idi. Qələmi əlində çətinliklə
tutmasına baxmayaraq, not vərəqlərinə
çoxlu işarələr etmişdi. Biz
içəri girəndə o, ayağa qalxdı.
—
Professor, xoş gəlmisiniz,—dedi.
—
Ömrümdə ilk dəfə sizdən
inciyirəm,—dedim.— Mənə professor deməyin.
Mən sizin artistləri çağırmağa
göndərdiyiniz Xalıqam.
Gülüşdük.
Üzeyirbəy
məni qucaqladı.
Əyləşib
xeyli söhbət etdik, O, «Firuzə» adlı
yeni opera üzərində işlədiyindən
danışdı. Həmin gündən
sonra bir neçə həftə onlara gedib-gəldim.
Əlləri hələ sağalmadığı
üçün ona bir neçə gün
piano arxasında oturmamağı tapşırdım.
O,
gülüb dedi:
—
Yox, Xalıq, mənə qaşıq tutmamağı
tapşır, amma onu tapşırma, əməl
edə bilməyəcəyəm. Mən
bir gün barmaqlarımı pianonun dillərinə
toxundurmasam, rahat yata bilmərəm.
Üzeyir
Hacıbəyov belə sənətkar idi.
Onun ən böyük arzusu yazıb-yaratmaq,
xalq üçün qiymətli yadigar qoyub
getmək idi. Bu böyük sənətkarın
nəcib işini gənc bəstəkarlarımız
gərək onun kimi davam etdirsinlər,
xalq musiqisinin zəngin xəzinəsini
gərək onun kimi sevsinlər. Bu, Üzeyir
Hacıbəyova ən böyük və
əziz xatirə olar.
1958