Üzeyir
Hacıbəyov haqqında çox yazılmışdır.
Amma elə güman edirəm ki, onunla görüşmək
imkanı tapan hər kəs çox şey
danışa bilər və öz xatirələri
ilə Azərbaycan musiqisi tarixində qeyri-adi
rol oynamış gözəl musiqiçi
və insan haqqında təsəvvürü
zənginləşdirə bilər. Odur
ki, mən də unudulmaz Üzeyirbəyin
həmişəlik xatirimdə qalmış
bə'zi həyat səhifələrini
oxuculara çatdırmaq istəyirəm.
1922—1923-cü
illərdə —BXMŞ musiqi texnikumunun fortepiano
şö'bəsinin tələbəsi
olan zaman məni qadın seminariyasında
(təhsil proqramına ilk dəfə daxil
edilmiş) fortepiano üzrə məşğələ
aparmağa də'vət etdilər. Şübhəsiz,
böyük iş stajı və təcrübəsi
olan mütəxəssis musiqiçilər
çox idi, lakin məni yəqin ona görə
seçmişdilər ki, həm ana dilini,
həm də rus dilini bilirdim; deməli,
rus dilini bilməyən qızlara dərslərində
kömək edə bilərdim.
Seminariyada
musiqi məşğələlərinin
proqrama daxil edilməsi göstərirdi
ki, məktəb rəhbərliyi gələcək
mütəxəssislərin hərtərəfli
formalaşmasında musiqinin də az rol
oynamadığını başa düşən
şəxslər idi.
Seminariyaya
Mədinə xanım Qiyasbəyova, onun
müavini Göhər xanım Usubova başçılıq
edirdilər. Müəllimlər arasında
Xədicə xanım Ağayeva, Şəfiqə
xanım Əfəndizadə, Naimə xanım
Qazıyeva kimi yüksək ixtisaslı
mütəxəssislər, Fatma xanım
Murzəbəyova, Badisəba xanım Köçərli
kimi tərbiyəçilər var idi. Məhz
bu seminariyada ilk dəfə Üzeyir Hacıbəyovla
görüşdüm. O, qızlardan əvvəlcə
kiçik xor təşkil etmiş, sonralar
isə tədricən bu xor, məktəbliləri
Azərbaycan bəstəkarlarının
əsərləri ilə tanış edən
və klublarda çıxış edən
böyük ifaçı kollektivinə
çevrilmişdi.
Bir
dəfə məşğələ zamanı
Üzeyirbəy sinfə girdi və mənim
xorun işində akkompaniator kimi iştirak
edib etmədiyimi soruşdu. Təbii, mən
bunu çox arzu edərdim, amma bu rolda ilk
dəfə çıxış edəcəyimdən
qorxurdum ki, işin öhdəsindən
gələ biləcəyəmmi? Həmişə
olduğu kimi, Üzeyirbəy köməyimə
çatdı. Mənə notlar verdi və
iki gün sonra məni dinləyib, musiqinin
xarakteri və tempi haqqında göstəriş
verdi, məşqə gəlməyimi təklif
etdi. Həmin vaxtdan başlayaraq mən
seminariya xorunun geniş çıxışlarının
daimi iştirakçısı oldum. Üzeyirbəylə
işləmək çox asan idi, çünki
onun bütün göstərişləri
həmişə məntiqdən, böyük
sənətkarın öz işini yaxşı
bilməsindən doğurdu.
Mən
Üzeyirbəyin özünün gözəl,
ecazkar musiqisi ilə, habelə xalq mahnıları
ilə tanış oldum. Qızlar Üzeyir
Hacıbəyovun gözəl musiqisi ilə
insanı heyran edən «Əsli və Kərəm»
operasından «Axşam oldu», «Leyli və
Məcnun» operasından tə'sirli və
ifadəli «Şəbi-hicran» xorlarını,
habelə «Şah Abbas və Xurşidbanu»
operasından Xurşidbanunun gözəl
melodiyalı ariyasını unison tərzdə
hüznlü və səmimiyyətlə
oxuyurdular.
Üzeyirbəy
xorla həmişə həvəslə
çıxış edirdi. O, musiqinin kütlələr
arasında geniş yayılmasına böyük
əhəmiyyət verirdi. Üzeyirbəyə
xas olan yumor həmişə insanı fərəhləndirir
və ona nikbin ruh aşılayırdı.
Bir dəfə ona verdiyim: «Üzeyirbəy,
lütfən, sabah axşam mən işdən
azad ola bilərəmmi?» sualına çox
ciddi tərzdə belə cavab verdi: «Əlbəttə,
əlbəttə, amma mütləq evdə
olun». Bundan belə bir nəticə çıxırdı
ki, yə'ni azad deyiləm.
1926-cı
ildə onun rəhbərlik etdiyi musiqi texnikumu
Azərbaycan Dövlət Konservatoriyası
ilə birləşəndən sonra biz,
demək olar, hər gün onunla görüşürdük.
O,
unudulmaz şəxsiyyət, heç bir məsələni
cavabsız qoymayan, həmişə lazım
olan anlarda məsləhət verə bilən,
köməklik göstərən adam idi.
Mən
onillik musiqi məktəbinin direktoru olduğum
zaman Üzeyirbəy xahiş etdi ki, Azərbaycan
Dövlət Konservatoriyasının tədris
hissə üzrə müavini vəzifəsini
öhdəmə götürüm. Vəziyyət
elə idi ki, müvəqqəti olsa da
razılaşmalı idim. Ağır iş
məni çox məşğul edirdi, buna
görə də məktəb direktoru
işinə vaxtım çatmırdı.
Bir müddətdən sonra Üzeyirbəyə
müraciət etdim ki, konservatoriya direktorunun
müavini vəzifəsindən məni
azad etsin. Üzeyirbəy çox sakitliklə
məndən soruşdu: həqiqətənmi
yeni vəzifəniz konservatoriya üçün
kadrlar hazırlığı işinə
mane olur? Mən çalışdım ki,
öz nöqteyi-nəzərimi izah edim;
dedim: mənə elə gəlir ki, hazırda
məktəbdə qalıb işləməyim
daha münasibdir. Ali məktəb üçün
bilavasitə kadrlar hazırlayan onillik musiqi
məktəbinə böyük əhəmiyyət
verən Üzeyirbəy təklif etdi ki,
onunla birlikdə Azərbaycan SSR Nazirlər
Soveti yanında İncəsənət
İşləri İdarəsinə gedim.
İncəsənət İşləri
İdarəsinin rəisi M. İbrahimovun
kabinetinə girəndə Üzeyirbəy
mənim konservatoriyanın direktoru müavini
vəzifəsindən azad olunmağımı
xahiş etdi. Mirzə İbrahimov belə
bir gözlənilməz xahişə təəccüb
etdi və soruşdu: «Üzeyirbəy, siz
özünüz Kövkəb xanımın
namizədliyini çox xahiş etmisiniz,
bəs indi niyə belə?». Üzeyirbəy
çox qısa cavab verdi: «Kövkəb
xanım dedi ki, onun yeri məktəbdir,
mən də onunla razılaşdım».
Bu cür yalnız Üzeyirbəy, yüksək
ixtisaslı gənc musiqiçi kadrları
hazırlanmasının rol və əhəmiyyətini
dərindən başa düşən
bir şəxs hərəkət edə
bilərdi.
Onun
adamlara humanist münasibəti, tələbələrin
inkişafına göstərdiyi qayğı
həmişə onun hərəkətlərində
öz əksini tapırdı. Misal üçün,
40-cı illərin əvvəllərində
konservatoriya kiçik bir salonda (Torqovı
döngəsində) yerləşdiyi zaman
gün-günorta çağı Üzeyirbəy
məndən xahiş etdi ki, sinif-kabinetinə
gəlim. Onun yanına gəldikdə Üzeyirbəylə
və onunla qarşı-qarşıya əyləşmiş
sadə geyimli, mənə tanış
olmayan cavan bir oğlanla salamlaşdım.
Üzeyirbəy bizi bir-birimizə təqdim
etdi və məndən soruşdu: «Siz konsert
təşkil edə bilərsinizmi? Gənc
pianoçu konservatoriya tələbələri
üçün İ. S. Baxın prelüd
və fuqalarından ibarət silsilə
əsərlərini çalmaq istəyir».
Bu gənc pianoçunun adı və familiyası
Svyatoslav Rixter idi. Mən o zaman S. Rixteri
üzdən tanımırdım, amma 30-cu
illərin ortalarında Moskvada olarkən
eşitmişdim ki, Henrix Qustavoviç Neyqauzun
tələbələri arasında iste'dadlı
bir pianoçu var. Müəyyən dövrə
kimi Neyqauz onu heç kəsə göstərmək
istəmirdi. Konsert təşkil etməyə
böyük məmnuniyyətlə razı
oldum və Rixterlə birlikdə salona keçdim
ki, royalı yoxlasın. S. Rixterin proqramı
çox geniş idi. Bu proqram iki konsert həcmində
idi. Salon ağzınadək dinləyicilərlə
dolmuşdu. Qapıları açıq qoyduq
ki, tələbələr siniflərə
də, vestibülə də, keçidlərə
də toplaşa bilsinlər. Bütün
dinləyicilar Baxın əsərlərinin
ifasına heyran qalmışdılar və
pianoçuya öz dərin minnətdarlıqlarını
bildirirdilər. Konsert qurtardıqdan sonra
S. Rixter Üzeyirbəyin yanına gəlib,
çox səmimi qəbul üçün
öz qızğın təşəkkürünü
bildirdi. Öz növbəsində biz də
Üzeyirbəyin gənc pianoçuya ona
xas olan xeyirxah münasibət bəslədiyini,
müəllim və tələbələrə
belə unudulmaz musiqiçini dinləmək
imkanı yaratdığına görə
minnətdarlıq etdik. S. Rixter kabinetdən
çıxdıqdan sonra Üzeyirbəy
məndən xahiş etdi ki, qalım. Onun
sözləri indiki kimi yadımdadır:
«Kövkəb xanım, mənim sözlərimi
yadda saxlayın! Bu gənci böyük
gələcək gözləyir. Belə
uzaq yerə gəlib təmənnasız
çalmaq hər kəsə xas olan cəhət
deyil. O, əsil musiqiçidir». Nəhayət,
1943-cü, 1945-ci illərdə Üzeyirbəy
«Azərbaycan xalq musiqisinin əsasları»
adlı böyük əsəri üzərində
işlədiyi zaman mətnin gələcək
redaktoru kimi onunla tez-tez görüşürdüm.
Üzeyirbəylə işlədiyim illər
mənim həyatımın ən yaxşı,
ən maraqlı dövrüdür. Gözəl
musiqiçi ilə görüşlər
məndən ötrü əsil məktəbə
çevrildi, xalq musiqisinin qiymətsiz bədii
keyfiyyətlərini yeni tərzdə dərk
etməyə məni məcbur etdi. Üzeyirbəy
öz biliyini və incə müşahidələrini
həmişə həvəslə bölüşürdü.
Üzeyir Hacıbəyovun kitabı Azərbaycan
musiqisini öyrənmək üçün
ən zəruri bir dərsliyə çevrilmişdir.
O, Azərbaycan musiqisinin şifahi ən'ənələrinin
qanunauyğunluqlarını geniş musiqiçilər
üçün açmışdır.
Bu
kitabın köməyi ilə indi də
Azərbaycan musiqisinin əsasları öyrənilir.
Mən çox xoşbəxtəm ki, böyük
bəstəkar-alimlə birlikdə işləmək
mənə nəsib olmuşdur.
1975