~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

23

Süleyman Ələsgərov
Dahi bəstəkar, həssas qəlbli insan, qayğıkeş müəllim

Neçə ildir ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyov aramızda yoxdur. Lakin biz hələ də ustadımızı, müəllimimizi özümüzlə konservatoriyada, dərs dediyi auditoriyada hiss edirik. Elə bilirik ki, o, hələ də bir ata kimi yaradıcılığımızı izləyir. Diqqətli nəzərləri yenə də üstümüzdədir.

Azərbaycan professional musiqi sənətinin banisi, respublikamızın adlı sanlı bəstəkarlarının müəllimi Üzeyir Hacıbəyov həmişə, hər an yada düşən, məhəbbətlə xatırlanan dahi bəstəkarımızdır. Onun sənəti, işi, əməlləri bizim üçün əvəzsiz örnəkdir. Anadan olmasının 90 illiyini qeyd etdiyimiz bir vaxtda ustadımız, müəllimimiz haqqında xatirə söyləmək, olub keçənləri yada salmaq mənim üçün xüsusilə xoşdur.

Belə bir cəhət qeyd edilməlidir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri olan və hazırda tükənməz ilhamla yazıb yaradan bəstəkarlarımızın əksəriyyəti Üzeyir Hacıbəyovun şagirdləridir.

Digər sənət dostları kimi, mən də Böyük Vətən müharibəsinin ağır illərində Üzeyir Hacıbəyovun sinfində Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmişəm. Mə'lum olduğu kimi, müharibə zamanı biz gənc bəstəkarların üzərinə də bir sıra vəzifələr düşürdü. Biz sənətin sirlərinə yiyələnməklə bərabər, igid əsgərlərimizi, arxa cəbhədə çalışan əmək adamlarını qələbəyə ruhlandıran əsərlər bəstələməli idik. Buna görə də mən müharibə dövründə ilk vokal əsərimi, döyüşçü şair Şirzad Əliyevin sözlərinə «Gözlə məni» mahnısını bəstələdim. Həmin mahnını böyük nəğməkarımız Bülbülə vermişdim. O, mahnını elə ilk tanışlıqdan bəyənmişdi. Ancaq bu haqda Üzeyir müəllimə heç nə deməmişdim.

1942-ci ilin oktyabr ayı idi. Üzeyir Hacıbəyovun dərsində ikən birdən qonşu otaqdan sevimli müğənnimizin həzin səsini eşitdik. O, «Gözlə məni» mahnısını oxuyurdu. Üzeyir müəllim bu mahnı ilə maraqlandı. Kimdisə Üzeyir müəllimə bildirdi ki, bu mahnını Süleyman yazıb. O, dərhal yerindən qalxdı, mehribanlıqla dedi:

— Elə isə, gəlin gedək mahnıya bir də əməlli-başlı qulaq asaq.

Biz muğənninin məşğul olduğu otağa keçdik. Üzeyir miəllimin təklifi ilə Bübül mahnını ikinci dəfə oxudu. (Royalda onu Vladimir Kozlov müşayiət edirdi). Mahnı sona yetəndə əvvəlcə Üzeyirbəy, sonra da tələbə yoldaşlarım məni təbrik etdilər. Görkəmli müğənnimizin isə sözü bu oldu:

— Cavan oğlan, sənin mahnına bu gündən vətəndaşlıq hüququ verildi.

Düzü, çox sevindim. Üzeyir müəllimimin, Bülbülün müharibə mövzusunda yazdığım ilk mahnıya yüksək qiymət vermələrindən ruhlanaraq, bir qədər sonra şair Zeynal Cabbarzadənin sözləri əsasında «Gözləyirəm» adlı ikinci mahnımı bəstələdim.

1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya xalqlarının musiqi ongünlüyündə «Gözlə məni» mahnısını Zəhra Rəhimova müvəffəqiyyətlə ifa etdi. Bu mahnı böyük bəstəkarımızın çox xoşuna gəldiyi üçün hələ 1943-cü ildə Ü. Hacıbəyovun təklifi ilə məni bəstəkarlar ittifaqına qəbul etmişdilər.

Üzeyir Hacıbəyov o zaman yenicə yazmağa başlayan gənc bəstəkarların hər cəhətdən tanınması, formalaşması üçün əlindən gələni edirdi. Böyük fəxrlə və fərəh hissi ilə deməliyəm ki, Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmağım üçün də ilk zəmanəti mənə Üzeyir müəllim vermişdir.

1945-ci ilin may ayında müharibə qələbə ilə qurtarandan sonra Filarmoniyada təşkil olunmuş konsertdə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi münasibətilə bəstələdiyim «Bayram miqəddiməsi» əsərim simfonik orkestrin ifasında ilk dəfə səsləndi. İmkan məhdudluğuna baxmayaraq, bir qayğıkeş müəllim, həssas qəlbli insan kimi Üzeyir müəllim gəlib əsərimi dinlədi, məni təbrik etdi və mənə öz qiymətli məsləhətlərini verdi. Həmin unudulmaz səhnəni musiqi sənəti sahəsində çalışan dostlarım, yaşıdlarım indi də xatırlayırlar. Dahi bəstəkarla onun operettalarına dirijorluq edərkən daha yaxın yaradıcılıq əlaqəsində olmuşam. 1944-cü ildən 1948-ci ilədək «Arşın mal alan», «O olmasın, bu olsun», «Ər və arvad» operettalarına indiki kukla teatrının binasında dirijorluq etdiyim zaman Üzeyir müəllim də tez-tez teatra gəlir, tamaşaların necə keçdiyini müşahidə edir, öz məsləhətlərini əsirgəmirdi.

Yaxşı yadımdadır: bir dəfə teatrda mənim dirijorluğum ilə «Arşın mal alan» operettasının tamaşası yeni quruluşda göstərilirdi. Tamaşa qurtarandan sonra Üzeyirbəy mənə yaxınlaşdı. Aktyorların, musiqiçilərin ifasından razı qaldığını bildirdi. Ancaq mənə məsləhət gördü ki, üçüncü pərdədə Gülçöhrənin ariyasının ifasında fermatoya xüsusi fikir verim. Daha sonra böyük bəstəkarımız əlavə etdi ki, bu, ayrı-ayrı ifaçıların məharətini göstərmək üçün çox vacibdir.

Heç yadımdan çıxmaz: Üzeyir müəllim «O olmasın, bu olsun» operettasının yeni quruluşda ilk tamaşasından sonra səhnə arxasına gəlib bütün aktyorlara, orkestr hey'ətinə təşəkkür etdi və dirijorluqdan razı qaldığını bildirdi. Cavan bir sənətkar üçün bundan da böyük mükafat olarmı?

Mən bəstəkarın sağlığında onun bir kantatasını, Ağabacı Rzayeva ilə isə bəstəkarın «Sənsiz» və «Sevgili canan» romanslarını Radio komitəsinin xalq çalğı alətləri orkestri üçün tərtib etmişdim. Baxış zamanı Üzeyir müəllim məsləhətlərini verib, dönə-dönə öz razılığını bildirdi.

1948-ci ildə mən Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən, o ağır xəstə olduğundan, Moskvada Kreml xəstəxanasında müalicə olunurdu. Belə bir ağır vaxtında da o məni yadından çıxarmamış, teleqram göndərərək, konservatoriyanı müvəffəqiyyətlə bitirməyim münasibətilə məni təbrik etmişdi. Onu da deyim ki, həmin teleqramı qiymətli bir xatirə kimi saxlayıram. Böyük bəstəkarımızla əbədi ayrılıqdan bəri mən onun nəfəsini hər an hiss edirəm. Yaradıcılıq fəaliyyətimdə onun ən'ənələrinə sadiq qalmağa çalışıram.

Mən əziz müəllimimə onun vəfatından sonra iki əsər həsr etmişəm. Bunlardan biri «Düşüncə» pyesi, o birisi isə sevimli xalq şairimiz Səməd Vurğunun sözlərinə yazdığım «Eşq olsun sənətkara» balladasıdır.

Bəli, illər, əsrlər keçdikcə Üzeyir musiqisi ürəkləri fəth edəcək, sözü-söhbəti dilləri dolaşacaq, ona olan xalq məhəbbəti daha da artacaqdır.

1975