~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

35

Soltan Nəcəfov
Oxu tar

Xatirələrimə başlıq seçdiyim «Oxu tar» kəlməsinin mühüm tarixi əhəmiyyəti var. Bir zamanlar özlərini «yenilikçi» adlandıran bə'zi bədxahlar bir çox yığıncaqlarda və mətbuat səhifələrində çıxış edərək, klassik muğamlarımızı və milli çalğı alətlərimizdən tar və kamançanı guya keçmişin lüzumsuz qalıqları və «köhnəlik rəmzi» kimi qələmə verir, onları ləğv etməyə cəhd göstərirdilər.

Lakin respublikamızın ictimaiyyəti, xüsusən qabaqcıl musiqi xadimlərimiz xalqın qiymətli musiqi sərvətinə xor baxanları kəskin tənqid atəşinə tutdu. Sevimli şairimiz Mikayıl Müşfiq də «Oxu tar» şe'rini məhz belə bir vaxtda yazmışdır.

Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayev hələ 30-cu illərdə xalq musiqisinin inkişafı üçün səmərəli fəaliyyət göstərmişlər. Radioda ilk notlu xalq çalğı alətləri orkestrinin yaranması işində Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin təşkilatçılıq və yaradıcılıq işlərindən yadımda qalan bə'zi xatirələrimi nəql etmək istəyirəm.

1931-ci ildə radioda böyük və kiçik hey'ətli simfonik orkestr, bir neçə ansambl və triolar, eləcə də rus və Qərbi Avropa bəstəkarlarının mahnılarını ifa edən ayrı-ayrı vokal qrupları vardı.

Radionun bədii rəhbəri Müslüm Maqomayev bu musiqi kollektivlərindən əlavə notlu xalq çalğı alətləri orkestri yaratmaq təklifini də irəli sürdü. O, bu barədə yaxın sənət dostları, o cümlədən bəstəkar Üzeyir Hacıbəyovla məsləhətləşdi. Gözəl təklif idi. Radioda belə bir kollektivin təşkil olunması nəticəsində musiqi məktəblərini bitirən gənc kadrların aldıqları ixtisas üzrə işləməyə əlverişli şərait yaranacaqdı. Belə bir təklifi tezliklə həyata keçirmək lazımdı. Bu söhbət 1931-ci ilin oktyabr ayında olmuşdu. Elə həmin aydan da orkestrin təşkili işi Üzeyir Hacıbəyova həvalə edildi.

O zaman konservatoriyada not üzrə tar dərsləri müəllimi olan Səid Rüstəmov əvvəlcə orkestrə konsertmeyster qəbul olundu, 1932-ci il yanvarın 1-dən isə Ü. Hacıbəyovun təklifilə dirijor müavini vəzifəsini ifa etməyə başladı. Orkestrin ilk hey'əti 24 nəfərdən ibarət idi...İlk vaxtlarda bunların içərisində not bilməyənlər də vardı. Orkestrin ilk solistlərindən Qılman Salahov, Əmir Məmmədbəyli, Bəhram Mansurov, Xosrov Məlikov, Ağası Məşədibəyov, Əlağa Quliyev, Hökümə Nəcəfova, Qönçə İsmayılova, Tərlan Əliyeva, Hafiz Mirzəliyev, Karo Çarçoqlyan, Aşot Ayrapetov və dəfçi Xalıq Babayevin adlarını yaxşı xatırlayıram. Notlu orkestrin ilk pianoçusu Gülnar Axundova idi.

Notlu xalq çalğı alətləri orkestrinin radioda ilk konserti 1932-ci il yanvarın 5-də Üzeyir Hacıbəyovun «Kolxoz çöllərində» əsərilə başladı. Bu konsertdə Bikə Səmədzadə bəstəkarın «Zavod səni gözləyir» mahnısını oxudu. Sonra Yavər Kələntərli Səid Rüstəmovun orkestr üçün işlədiyi «Yadıma düşdü» xalq mahnısını böyük məharətlə ifa etdi. Həmin konsertdə Aleksandr Spendiarovun «Qaytarma» və «Hicaz» musiqi lövhələri, Şubertin «Hərbi marş»ı çalındı. Konsertdən sonra Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, bəstəkar Xeyfets, vokal qrupunun o zamankı rəhbəri Əşrəf Həsənov, xormeyster Tiqran Nalbandyan və redaksiya işçiləri studiyaya gələrək, orkestrin bədii rəhbəri və baş dirijoru Üzeyirbəyi və konsertin bütün iştirakçılarını təbrik etdilər. Sevincdən Üzeyirbəyin gözləri yaşarmışdı.

İlk illərdə orkestrin repertuarında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Aleksandr Spendiarov, Həsən Revatov və Səid Rüstəmovun əsərlərilə yanaşı klassik rus və Qərbi Avropa bəstəkarlarının populyar melodiyaları da əsas yer tutardı. Radio konsertlərində Çaykovski, Şubert, Bize, Qriq və Motsartın melodiyalarının notlu orkestrin ifasında əzəmətlə səslənməsi vaxtilə milli musiqi alətlərimizi müasir mədəniyyətə yabançı sayanlara kəsərli cavab idi. Adlarını çəkdiyim bəstəkarların əsərlərini notlu orkestr üçün işləyib hazırlayan bəstəkar Xeyfetsin xeyirxah xidmətini xüsusilə qeyd etmək lazımdır. Mən bu orkestrin konsertlərini aparmaqdan xoşlandığım üçün çox vaxt diktor yoldaşlarım öz növbələrini mənə güzəşt edərdilər.

Yeni repertuarla çıxışından sonra orkestrin dinləyicilər arasında şöhrəti artmağa başladı.

Üzeyir Hacıbəyov yeni kollektivlə birlikdə Bayıl, Sabunçu, Suraxanı və Zabratdakı mədəniyyət saraylarında, «Rote-Fane» parkında, Mərdəkandakı istirahət evlərində, Əzizbəyov adına klubda verilən açıq konsertlərin çoxunda iştirak edərdi. Bu konsertlərin əksəriyyəti radio ilə translyasiya olunardı. Konsert salonları və estrada meydançaları tamaşaçılarla dolu olardı. Bunu da qeyd edim ki, biz bir dəfə parkda tamaşaçılar olmadan da konsert vermişik. Bu barədə sizə məzəli bir əhvalat danışım.

1933-cü ilin sentyabrında «Rote-Fane» parkına açıq konsert verməyə getmişdik. Konsertdə Yavər xanım və Münəvvər Kələntərli, Əlövsət Sadıqov da iştirak edirdi. Dirijor Səid Rüstəmov idi. Konsert radio ilə translyasiya olunacaqdı. Hava bərk soyuq və küləkli olduğuna görə estrada meydançasında 6—7 nəfər tamaşaçı oturmuşdu. Bir azdan güclü yağış yağmağa başladı, onlar da yağışdan qaçıb getdilər. Translyasiyanın pozulmaması xatirinə Səid Rüstəmov konsertin başlanması üçün sərəncam verdi. Orkestrin çıxış edəcəyi estrada səhnəsi örtülü olduğuna görə oranı yağış tutmurdu. Mən səhnəyə qalxıb mikrofon qarşısında konsertin ilk nömrəsini e'lan etdiyim zaman alqış səslərindən diksindim. Çevrilib gördüm ki, əl çalanlar orkestrin üzvləri və muğənnilərdir. Ertəsi günü studiyada məşq zamanı Üzeyirbəy Səid Rüstəmova dedi: