—
Dünən axşam konsertinizi radioda dinlədim.
Çox xoşuma gəldi. Ancaq belə yağışlı
havada sizə qulaq asan tamaşaçıları
siz alqışlamaqdansa, onlar sizi alqışlayırdı.
Səid
Rüstəmov gülə-gülə cavab
verdi:
—
Üzeyirbəy, əslində əl çalan
biz idik, parkda tamaşaçı yoxdu. Bunu
mikrofonun xatirinə etmişik.
Orkestrin
çoxlu pərəstişkarı ilə
yanaşı, bədxahları da var idi.
Bunu aşağıda qeyd edəcəyim
mühüm tarixi faktla nəzərinizə
çatdırmaq istəyirəm.
1933-cü
ilin mart ayında Bakıda çıxan
«Yeni yol» qəzeti tərəfindən «Vahid
mədəni Şərq orkestri təşkil
etməli» başlığı altında
yeni bir təşəbbüs irəli sürülmüşdü.
Bunun bir neçə səbəbi vardı.
Ən mühüm səbəb isə Bakının
konsert müəssisələrində ifaçılıq
səviyyəsi aşağı olan və
illər boyu yeknəsəq proqramla çıxış
edən bə'zi musiqi kollektivləri haqqında
qəzetə göndərilən çoxlu
şikayət məktubları idi.
Qəzetin
16 mart tarixli nömrəsində S. K. imzası
ilə məqalə yazan müəllif
belə kollektivlərdən birini kəskin
tənqid etdikdən sonra radioda yeni təşkil
olunan notlu orkestr haqqında belə deyirdi:
«Üzeyir
Hacıbəyovun rəhbərlik etdiyi orkestr
təşkil olunduğu ilk gündən
başlayaraq not sisteminə keçmişdir.
Doğrudur, bu orkestr gəncdir və burada
iştirak edənlərin sayı azdır.
Lakin şübhəsiz bu orkestr gələcək
üçün daha böyük ümid
verir. Hacıbəyovun şəhər
və rayonlarda olan çıxışları
böyük müvəffəqiyyət
qazanmışdır».
Martın 23-də həmin qəzetdə
böyük məqalə ilə çıxış
edən Səid Rüstəmov respublikada
vahid mədəni Şərq orkestrinin
təşkili təşəbbüsünə
qoşulmaqla öz ürək sözlərini
bu cür ifadə etmişdi: «Radioda notla
çalan Şərq orkestrini qüvvətləndirmək
və onun mədəni səviyyəsini
yüksəltmək üçün konservatoriyada
və musiqi texnikumlarında xalq çalğı
alətləri şö'bəsinin tədris
qaydalarını mədəni relslər
üzərinə salaraq savadlı musiqi
kadrları yetişdirməli, işçi
rayonlarında olan mədəniyyət saraylarındakı
və işçi klublarında musiqi dərnəklərində
aparılan məşğələləri
not üzrə keçməli və burada
öz qabiliyyətlərini göstərən
gəncləri konservatoriyaya qəbul etdirməli,
notlu Şərq orkestrini toy sazəndələrindən
təmizləməli, bu yeni musiqi kollektivinin
hey'ətini savadlı musiqi kadrları hesabına
qüvvətləndirməli».
Lakin aprelin 5-də «Şərq musiqi həvəskarı»
imzası ilə dərc olunmuş məqalənin
müəllifi notlu xalq çalğı
alətləri orkestrinin ilk uğurlu addımlarından
bircə kəlmə də qeyd etmədən,
qəzetin keçən nömrəsində
haqlı tənqid olunan bir musiqi kollektivini
yaltaqcasına müdafiə etmişdi.
Yadımdadır, məqalə müəllifinin
belə məntiqsiz çıxışı
o zaman çoxlarını hiddətləndirmişdi.
Bu
münasibətlə qəzetin 17 aprel tarixli
nömrəsində mənim də kiçik
bir məqaləm çıxmışdı.
Əsasən «Şərq musiqi həvəskarı»nın
qərəzli çıxışını
ifşa edən məqaləmə bu sözlərlə
yekun vurmuşdum: «Azərbaycanda vahid mədəni
Şərq orkestri yaratmaq məsələsini
irəli sürən «Yeni yol» qəzeti
şübhəsiz ki, bu məsələni
geniş işçi kütləsi və
musiqi həvəskarları arasında müzakirə
etmək üçün təşəbbüs
göstərəcək».
Bu
məqaləmdən təxminən iki həftə
sonra, 1933-cü ilin may ayında «Yeni yol»
qəzetinin təşəbbüsü
ilə M. F. Axundov adına Azərbaycan
Dövlət Opera və Balet teatrında
keçirilən yığıncaqda bu məsələ
musiqi ictimaiyyəti tərəfindən
ətraflı müzakirə olundu. Müzakirədə
çıxış edən natiqlər
radioda Üzeyir Hacıbəyovun rəhbərliyi
ilə yeni fəaliyyətə başlayan
orkestrin ilk səmərəli çıxışlarını
alqışlayaraq, ona böyük yaradıcılıq
işlərində müvəffəqiyyətlər
arzuladılar.
Radioda
diktor işlədiyim 30-cu illərdə
Üzeyir Hacıbəyovun Azərbaycanda
Sovet hakimiyyəti qurulmasının 10-cu
ildönümünə həsr etdiyi himni,
Çahargah muğamı mövzusunda birinci
fantaziya, Şur mövzusunda ikinci fantaziya,
«Kolxoz çöllərində», «Aşıqsayağı»
instrumental əsərlərini, «Mazut», «Komsomolçu
qız», «Zavod səni gözləyir», «İş
başına» mahnılarını, Müslüm
Maqomayevin «Radio marşı», «Şah İsmayıl»
operasından uvertüra, «Azərbaycan çöllərində»
rapsodiyasını, «Yaz», «Bizim kənd»
mahnılarını, Səid Rüstəmovun
orkestr üçün işlədiyi «Yaxan
düymələ» xalq mahnısını,
«Bayatı Kürd» və «Gəlmə-gəlmə»,
«Şadlıq rəqsi» instrumental əsərlərini,
bəstəkar Həsən Revatovun «Zaremanın
mahnıları», «Şur dəramədi»
süitasını, Məmməd Səid
Ordubadinin sözlərinə bəstələdiyi
«Komsomol» və «Gənc əsgərəm»
mahnılarını aparıcısı
olduğum konsertlərdə dəfələrlə
e'lan etmişəm. Mahnılar radionun vokal
qrupunun solistlərindən Yavər xanım
və Münəvvər Kələntərli,
Sona Bağırova, Ruqiyyə Çobanzadə,
Səltənət Quliyeva və Tamara Rzayevanın
ifasında səslənərdi. Orkestrin
iştirakı ilə radio studiyasında
və Bakının mədəniyyət
saraylarında təşkil edilən açıq
konsertlərdə isə yuxarıda adları
çəkilən solistlərlə birlikdə
Hüseynağa Hacıbababəyov, Əlövsət
Sadıqov, Zülfü Adıgözəlov,
Zülfüqar Sarıyev və Xanlar Haqverdiyev
də çıxış edərdilər.
Böyük
bəstəkarımız Üzeyir Hacıbəyov
xalq çalğı alətləri orkestrində
dirijorluq fəaliyyətini 1935-ci ilədək
davam etdirmişdir. Üzeyir Hacıbəyovdan
sonra bəstəkar Səid Rüstəmov
orkestrə dirijor və bədii rəhbər
tə'yin edildi. Lakin Üzeyirbəy orkestrlə
əlaqəsini tamamilə kəsməmişdi.
Belə ki, o, filarmoniyada təşkil etdiyi
bir xor kollektivinə rəhbərlik etməklə
bərabər, öz doğma orkestrinə
qayğı göstərməyə də
vaxt tapırdı. O, bu orkestr üçün
sonralar da iri həcmli instrumental əsərlər
və yeni-yeni mahnılar bəstələyərdi.
«Cəngi», «Döyüşçülər
marşı», «Zəfər himni», «Şəfqət
bacısı» və başqa əsərlər
bu illərin məhsuludur. Üzeyirbəyin
bütün əsərləri bu günədək
orkestrin repertuarında qiymətli sənət
inciləri kimi fəxri yer tutur.
Orkestrin
hey'əti ildən-ilə böyüyür,
onun sıralarına yeni-yeni gənc iste'dadlar
daxil olurdu. Yeri gəlmişkən qeyd etməliyəm
ki, vaxtilə bu orkestrə bəstəkar
Həsən Revatov və Qılman Salahov
da dirijorluq etmişlər. Fərəhləndirici
haldır ki, ölkəmizdə görkəmli
musiqi xadimləri kimi tanınan Fikrət
Əmirov, Süleyman Ələsgərov,
Əşrəf Abbasov, Qənbər Hüseynli,
Adil Gəray, Andrey Babayev, Ağabacı
Rzayeva, Hacı Xanməmmədov bu orkestrin
yaradıcı kollektivi ilə birlikdə
pult arxasında oturmuşlar. İllər
ötdükcə orkestrin repertuarı onun
hey'ətində yetişən bəstəkarların
əsərlərilə daha da zənginləşdi.
Respublikanın
əməkdar kollektivi kimi fəxri ad daşıyan
bu orkestr vaxtilə vətənimizin paytaxtı
Moskvada və qardaş respublikalarda keçirilən
ongünlüklərdə və radio festivallarında
yüksək ifaçılıq məharəti
nümayiş etdirmişdir.
1959-cu
il mayın 22-də Moskvada Azərbaycan
incəsənəti və ədəbiyyatı
ongünlüyündə orkestrin Moskva
ictimaiyyəti tərəfindən hərarətlə
qarşılanan çıxışları
dediklərimə canlı misaldır. O
vaxt mən ongünlüyün gedişini
radio verilişlərində və mətbuatda
dərc olunan xəbərlərdə diqqətlə
izləyirdim.
Mayın
22-də Kreml Teatrında, 24-də isə
Maksim Qorki adına parkın estrada meydançasında
orkestrin verdiyi konsertlər radio ilə də
translyasiya olunmuşdur. Konsertin başlanğıcında
Üzeyir Hacıbəyovun «Birinci fantaziya»
orkestr əsəri çalınmışdır.
Konsertin proqramına muğamat, xalq mahnıları,
Azərbaycan və rus bəstəkarlarının
əmək, sülh və dostluq mahnıları
daxil edilmişdi.
Orkestrin
müşayiəti ilə Bülbül,
Rəşid Behbudov, Xan Şuşinski,
Şövkət Ələkbərova və
Rübabə Muradovanın oxuduqları
mahnılar tamaşaçılar tərəfindən
gurultulu alqışlarla qarşılanırdı.
Bu konsertdə Rauf Atakişiyevin orkestrlə
birlikdə ifa etdiyi «Moskva axşamları»
mahnısı moskvalıları valeh etmişdi.
Orkestr
təşkil olunduğu illərdən
bəri onun sıralarında çoxlu iste'dadlı
ifaçılar yetişmişdir. Bu əməkdar
kollektivin hər nailiyyəti orkestrin banisi
Üzeyir Hacıbəyovun adı ilə
sıx bağlıdır. Böyük
bəstəkarın bu yadigarını
da göz bəbəyi kimi qoruyub saxlamaq
lazımdır.
1975