~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

7

Heydər Hüseynov
Böyük sənətkar

Musiqi mədəniyyətimizin inkişafı tarixində Üzeyir Hacıbəyovun xüsusi və müstəsna mövqeyi vardır. Üzeyir Hacıbəyovu həmişəlik yaşadacaq cəhət hər şeydən əvvəl, onun xalqa bağlı olması, xalqla yaşayıb-yaratması idi. O, hətta öz elmi-tədqiqat əsərlərini də xalq musiqisinə həsr edirdi. Üzeyir Hacıbəyov əsərlərində xalqın arzu və əməllərini tərənnüm etməyə çalışır, öz sənətinə olduqca böyük tələb və ehtirasla yanaşırdı.

Üzeyir Hacıbəyovun musiqi sənətinin ölməzliyi-xalq yaradıcılığına isnad etməsindədir. Bu böyük sənətkar yaxşı bilirdi ki, xalq yaradıcılığı illər, əsrlər, hətta min illər boyu inkişaf edib gələn, həmişə saflaşan, billurlaşan ilham mənbəyidir. Buna görə də Üzeyir xalqın ruhundan qopan, onun daxili aləmini, mə'nəviyyatını ifadə edən musiqi əsərləri yaradırdı. İstər onun ilk qələm təcrübəsi olan «Leyli və Məcnun» operası, istər öz dərinlik və əzəmətilə insanı heyran edən, musiqi sənətimizin incisi «Koroğlu» operası, istərsə də «Sənsiz», «Sevgili canan» kimi musiqi əsərləri dinlənildikcə daha da sevilən və min dəfələrlə dinlənilməsi arzu edilən gözəl sənət əsərləridir.

Üzeyir Hacıbəyovun musiqi sənəti xalqa bu qədər yaxın olmaqla bərabər, milli məhdudluqdan da çox uzaqdır. Həqiqətən, əsil milli sənət nümunələri həmişə beynəlmiləl əhəmiyyət kəsb edir. Üzeyir yaradıcılığının belə bir mahiyyətdə olmasının səbəbi ondadır ki, o, xalq musiqisinin ancaq mütərəqqi, həyata məğbul olan cəhətlərini seçib ayırmağı və bu cəhətləri yeni inkişaf mərhələsinə qaldırmağı bacarmışdır. Üzeyir Hacıbəyovun musiqisi xalq musiqisinin möhkəm, dərin bünövrəsi üzərində yüksələn möhtəşəm binadır.

Unudulmaz bəstəkarımızın yaratdığı ölməz əsərlər tək bir Azərbaycan xalqının deyil, bütün sovet xalqlarının malı olmuşdur. Onun ahəngdar musiqisi azərbaycanlıya və rusa, türkmənə və erməniyə öz məftunedici qüvvəsini göstərir. Realizm və demokratizm, aydınlıq və sadəlik, optimizm və canlılıqla dolu olan bu musiqi bütün ürəklərə yol açmışdır . . .

Üzeyir Hacıbəyovun əsərlərinin sadəliyi dahiyanə bir sadəlikdir. Böyük bəstəkarın yaradıcılığının xalqımızın keçmiş mədəni irsi ilə sıx əlaqəsinə qüvvət və təravət verən, onu ölməz sənətkar edən, Kommunist Partiyasının böyük ideya işləri ilə möhkəm bağlı olmasıdır. O özü yazır: «Sosializmin böyük ideyaları, xalqların dostluğu və qardaşlığı ideyaları, yüksək vətənpərvərliyə, həqiqi ilhama əsaslanan yaradıcılığı doğuran ruh yüksəkliyinin mənbəyini təşkil edir».

Üzeyir Hacıbəyov öz yaradıcılığı sahəsində xalq musiqisinin zahirən sezilə bilməyən cəhətlərini, onun ən incə xüsusiyyətlərini dərk edən, bu əsasları öz yaradıcılığının bünövrəsinə qoyan iste'dadlı bir sənətkar idi.

Azərbaycan və bütün Şərq musiqi mədəniyyəti sahəsində Üzeyir Hacıbəyovun əsərləri diqqətəşayandır. Bütün Şərqdə ilk opera yaradıcısı Üzeyir Hacıbəyovdur. Onun əsərləri, xüsusən «Arşın mal alan»ı bir çox dillərə tərcümə edilmiş və uzun illərdən bəri ardı-arası kəsilmədən səhnədə qoyulmaqdadır.

İnsan zövqünü oxşayan, ruha qida verən sənət əsərləri əbədi yaşayır. Üzeyir Hacıbəyovun əksər əsərləri bu qəbildəndir.Onun sadə, lakin dərin məzmunlu əsərləri dinləyicini istər-istəməz öz tə'sirinə alır.

Onun əsərləri mə'na ilə dolu musiqi əsərləridir. Təsadüfi deyildir ki, Üzeyir Hacıbəyovun yaradıcılığında şe'rimizin böyük ustadı, mütəfəkkir şair Füzuli sənəti əsas və görkəmli mövqe tutur. İstər ilk əsəri «Leyli və Məcnun»da, istərsə də sonrakı əsərlərində Füzuli yaradıcılığı həmişə təkrarlanır və Füzulinin ölməz şe'rləri, qəzəlləri Hacıbəyov tərəfindən böyük həvəslə bəstələnirdi. Üzeyirbəy bəstələdiyi şe'rin mə'na dərinliyini əsas tuturdu. O, çox gözəl bilirdi ki, sənət dərin mə'na tələb edir. Buna görə də dərin məzmunu olmayan mənzumələr Hacıbəyovu maraqlandırmırdı. O, Füzuli şe'rinin insanı heyran edən gözəllik, dərinlik və incəliyinə uyğun olan musiqi əsərləri yaratmağa can atır, bu yolda da həmişə yeni şəkillər, yeni üsullar axtarıb tapırdı.

Dahi Nizaminin şe'r dühası Üzeyir Hacıbəyov üçün yeni bir ilham mənbəyi olmuşdu. O, Nizami şerinə layiq musiqi əsərləri yaratdı. «Sənsiz», «Sevgili canan» kimi şe'r incilərinə layiq musiqi əsərləri yaradan böyük sənətkarımız, iftixarımız Üzeyir Hacıbəyov olmuşdur. Nizami dühasına Üzeyir musiqisinin əlavə olunması nə qədər gözəl, nə qədər mə'nalıdır!

Ü. Hacıbəyovun əsərləri dinlənildikcə öz təravətini, bakirəliyini itirmir. Dillərdə dastan olan «Koroğlu»nu ürək çırpıntısız dinləmək mümkün deyil. Bu böyük əsər əzəmətli ilham məhsuludur. Burada bəstəkarı yüksəklərə qaldıran, onu zəngin fəzalarda uçduran, ona qanad verən xalq yaradıcılığının möhtəşəm qüdrəti idi. «Koroğlu» operası musiqi sənətinin ən parlaq incilərindən biridir.

«Koroğlu» dərin qəhrəmanlıq operası olmaqla bərabər, həm də insan ruhunu oxşayan, lirizmlə dolu bir əsərdir. «Koroğlu»da Üzeyir Hacıbəyov xalqın məğlubedilməz qüdrətindən ilham alaraq böyük bir musiqi dastanı yaratmışdır. Xalqın yaradıcılıq sənəti ölmədiyi kimi, bu sənətə hörmət və məhəbbətlə yanaşan sənətkarlar da ölməzdir.

Əsas yaradıcılığı musiqidən ibarət olan Üzeyir Hacıbəyov, insan biliyinin müxtəlif sahələri ilə də maraqlanırdı. O, bizim qarşımızda bir müəllim, yazıçı, alim və ictimai xadim kimi yüksəlir. Azərbaycan xalqına bir müəllim sifətilə xidmət etməyə başlayan Üzeyir Hacıbəyov, öz fəaliyyətinin ilk addımlarından ətrafındakı ictimai və mədəni hadisələrə ən yaxın əlaqə bəsləyir. Bəstəkarın yaradıcılıq fəaliyyətinə başlaması 1904—1905-ci illərdəki inqilabi hərəkatın Azərbaycanda doğurduğu geniş demokratik meyllərlə ayrılmaz surətdə baqlıdır.

Qeyd etmək lazımdır ki, mütərəqqi Azərbaycan ziyalılarının inqilabdan əvvəlki fəaliyyəti tədqiq edilərsə, Üzeyir Hacıbəyov bu mütərəqqi ziyalıların irəlidə gedənlərindən biri olaraq nəzərimizdə canlanır. Üzeyir xalqını göz bəbəyi kimi sevir və xalqa olan bu məhəbbət onun musiqi əsərlərində, ictimai, elmi və yaradıcılıq sahəsindəki fəaliyyətində də əsas yer tuturdu. O, hər vasitə ilə zəhmətkeş xalqa xidmət etməyə çalışırdı. Üzeyir Hacıbəyovun istər «Arşın mal alan», «Məşədi İbad» operettaları, istərsə də onun dərin ictimai-siyasi məzmunla dolu olan felyeton və məqalələri diqqətəlayiqdir. Məsələn, 1917-ci ildə «Kaspi» qəzetində bir cənab, tamaşaçıların opera əsərlərinə rəğbətindən danışarkən yazmışdı: «Nə qədər xoşa gəlməsə də, qeyd etmək lazımdır ki, indi opera dramanı və komediyanı tamamilə sıxışdırmışdır. Halbuki müsəlmanlar məhz bu cür teatr növlərinə böyük ehtiyac hiss edirlər».

Bu cür məqalə yazanlar dram teatrını möhkəmlətmək bəhanəsilə Üzeyir Hacıbəyova hücumlar edir, onların zənnincə, guya hələ yetişməmiş olan azərbaycanlı tamaşaçıların operanı dərk edə bilməyəcəklərini irəli sürürdülər. Azərbaycanlı tamaşaçıları çox aşağı inkişaf səviyyəsində hesab edən bu ağalar xalqın tərəqqisi məsələsinə uşağın tərbiyə və təhsili məsələsi kimi yanaşırdılar. Bu cızmaqaraçılardan biri, yeni incəsənət uğrunda çarpışan Üzeyir Hacıbəyovla mübahisə zamanı yazmışdı: «Xırdaca uşağı birdən-birə gimnaziyanın yuxarı sinfinə qoymaq, habelə ibtidai məktəb şagirdini darülfünuna vermək olmaz». Belə bir gülünc misal çəkdikdən sonra məqalənin sahibi deyirdi ki, Azərbaycan xalqı üçün opera, operetta yazmaq vaxtı da guya hələ gəlib çatmamışdır.

Eyni zamanda məqalə sahibi e'tiraf etməyə məcbur olmuşdur ki, Üzeyir Hacıbəyovun əsərləri camaat arasında böyük şöhrət qazanmışdır.

Xalqı tərəqqiyə doğru deyil, tənəzzülə doğru aparan bu cür muhərrirlər sübut etməyə çalışırdılar ki, guya musiqi tamaşaçının tərbiyəsinə pis tə'sir edir.

Bu adamlar incəsənətin bütöv bir sahəsi olan musiqini danmaq dərəcəsinə çatmışdılar. Onlar sübut etmək istəyirdilər ki, xalqın həqiqi tərəqqisi üçün guya əvvəlcə dram və komediya inkişaf etdirilməlidir.

Üzeyir Hacıbəyov məs'uliyyətsiz fikirləri cavabsız buraxa bilməzdi. O, «Səhnənin tərbiyə əhəmiyyəti» və «Opera və dramanın tərbiyə əhəmiyyəti» haqqında bir sıra maqalələrində operanı inkar edən mühərrirlərə qəti cavab verərək, Azərbaycan dram və operasının düzgün inkişaf yolunu göstərirdi. 1917-ci ildə «Kaspi» qəzetində dərc etdirdiyi bir məqaləsində Ü. Hacıbəyov yazmışdı: «Opera, operetta və başqaları kimi musiqili dram əsərlərinin tərbiyə əhəmiyyətini əsassız olaraq bu qədər tə'kidlə danmaq, bir tərəfdən, ümumiyyətlə teatr və teatr sənəti haqqında camaatın şüurunda birtərəfli təsəvvür oyadır və musiqi incəsənətinə mənfi münasibət bəslənməsinə səbəb olur, digər tərəfdən isə, musiqi incəsənəti ilə məşğul olmaq məqsədini qarşısına qoyan müsəlmanları həvəsdən salır. Beləliklə, indi musiqinin inkişafına mane olmaq musiqi təhsilinə də mane olmaq deməkdir».