Mən
1947-ci il sentyabr ayının 18-ni heç
vaxt unutmayacağam. Həmin gün Üzeyir
Hacıbəyovun anadan olmasının 60
illik yubileyində mən onun «Sənsiz»
qəzəlini oxudum. Üzeyir Hacıbəyovun
əsərlərini ifa etmək mənim
üçün böyük hadisə idi.
Buna görə də qəzəlin yaxşı
səslənməsi üçün bütün
bacarığımı sərf etdim. Mənə
xəbər verdilər ki, oxumağım,
Üzeyirbəyin çox xoşuna gəlmişdir.
Bu sözləri eşidəndə sevincim
yerə-göyə sığmırdı.
Həmin hadisədən üç gün
sonra Üzeyir Hacıbəyov məni yanına
çağırtdırdı. «Zəhra
xanım,— dedi,—səsiniz və ifaçılıq
bacarığınız mənim xoşuma
gəldi. Bu melodiyaya baxın, görün
necə səslənir». O, fortepianoda gözəl
bir musiqi parçası çaldı. Bu,
Firuzənin gələcək ariyasının
melodiyası idi.
Üzeyirbəy
opera haqqında mənə ətraflı
danışdıqdan sonra Firuzənin musiqi
partiyasını hazırlamağı təklif
etdi. Mən həvəslə işləyirdim.
Bir qədər sonra ariyanı açıq
konsertdə oxudum. Yadımdadır, ariya
böyük müvəffəqiyyət
qazandı.
Üzeyir
Hacıbəyov olduqca həssas bir insan
idi. O, həmişə müğənnilərin
qayğısına qalar, musiqi cümlələrinin
dürüst oxunub-oxunmadığını
soruşar, lazım gəldikdə onları
bir qədər asanlaşdırardı.
1948-ci
il noyabrın 10-da mən Üzeyirbəyin
yanına getdim. O vaxt heç ağlıma
gəlməzdi ki, bu bizim son görüşümüz
olacaqdır. Çünki onun halı yaxşı
idi, ağır xəstə olduğuna
baxmayaraq, gülüb-danışır,
zarafat edirdi, deyirdi ki, tezliklə ayağa
qalxıb «Firuzə»ni başa vuracaqdır.
Lakin amansız ölüm buna mane oldu.
Opera yarımçıq qaldı. Firuzənin
ariyası isə gözəl və tə'sirli
bir melodiya kimi mənim repertuarıma zinət
verir, həmişə qəlbimdə səslənir.
1958
Qubad
Qasımov
Yeni üslub axtarışları
Üzeyir
Hacıbəyov özünün çoxcəhətli
yaradıcılığı, elmi və
musiqi-publisistik fəaliyyəti dövründə
çətinliklərlə də qarşılaşmışdır.
Adətən sakit, təmkinli Üzeyir
məhzun dəqiqələrdə soyuqqanlılığını
itirər, fikrə dalar və narahat olardı.
Bu zaman Hacıbəyovların bütün
ailəsi köməyə çatardı.
Çox həssas, xeyirxah olan bu ailənin
hər bir üzvü hər vasitə ilə
çalışardı ki, onu sakit etsin,
xoş sözlə, maraqlı söhbətlə
fikrini dağıtsın.
Yaddaşımda
əbədi iz salmış iyirminci illəri,
xüsusən 1924, 1926, 1928-ci illərin
hadisələrini xatırlarkən respublikamızın
musiqi həyatını, publisistik çıxışlar,
diskussiyalar və mübahisələrlə,
bə'zən də çox kəskin tənqidlərlə
səciyyələnən günləri
qələmə almaq istəyirəm. Bütün
bunların mərkəzində ilk növbədə
milli operamızın inkişafı məsələləri
dururdu. Qızğın mübahisələrdə
ən mütərəqqi fikirlər və
ən kobud nihilist təkliflər bir-birinə
qovuşurdu. Üzeyir Hacıbəyovu «Türk
operasını ərəb əlifbası
və çadra ilə birlikdə arxivə
vermək» şüarı yox, onun əleyhdarlarının
«Azərbaycan teatr və musiqisi tarixinin
mühüm səhifələrini silmək»
cəhdi narahat edirdi. O, incəsənətdə
milli forma uğrunda mübarizə edir,
bəstəkar yaradıcılığı
üçün zəngin məqam quruluşuna
böyük əhəmiyyət verirdi.
Qızğın
mübahisələrin ən mühüm,
bəlkə də həlledici yekunu Azərbaycan
musiqisinin durğunluğuna son qoymaq, onu
xalq qaynaqlarından ayırmayıb, tarixi
yüksəliş yollarına çıxarmaq
zərurətini irəli atdı.
Dahi
bəstəkarın yaradıcılıq
axtarışları dövrü xüsusilə
maraqlıdır, çünki bu axtarışlar
çox zaman rəsmiyyət xarakterindən
çıxıb, «ev» söhbətləri,
fikir mübadiləsi şəklini alır,
yeni ideyaların doğmasına səbəb
olurdu. Misal üçün, otuzuncu illərdə
«Leyli və Məcnun» operasının yeni
redaksiyasını yaratmaq söhbəti
var idi. Yeni redaksiya üçün muğam
improvizələrindən imtina, rus və
Qərbi Avropa bəstəkarlarının
təcrübəsindən istifadə etmək
məsləhət görülürdü.
Bəstəkar bir müddət bu təklif
üzərində ciddi fikrə getdi: o,
bığlarını oynada-oynada arabir
bizə tanış olmayan melodiyaları
zümzümə edir, yaxud da fortepiano arxasına
əyləşərək çalır,
harmoniya axtarırdı.
Tezliklə
vəziyyət bir qədər aydınlaşdı:
«Leyli və Məcnun»un yeni redaksiyası
üçün ilk addım atıldı:
bu, Əbül-Qeysin (Məcnunun atasının)
ariyası oldu. «Çahargah» üstündə
qurulmuş bu ariya görkəmli müğənni
Bülbülün ifasında böyük
tə'sir bağışladı. İllər
boyu Azərbaycan xalq musiqisinin lad əsaslarını
öyrənən bəstəkar muğamın
melodik inkişafı prinsipinə yeni həyat
verdi. Bu prinsip bəstəkara yeni harmonik
və polifonik formalar tapmaq üçün
geniş imkanlar açdı. Bunun sayəsində
o, böyük Füzuli poeziyasının
dəqiq ritminə həmahəng olan səmimi
və zəngin melodiyanın gözəl,
bədii səslənməsinə nail oldu.
Ey
bülbüli-busitani-bidad!
Hali dilini mənə bəyan et,
Əsrari-nəhanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən, sənə tələb
nə?
Bu naleyi-zarinə səbəb nə?..
Bu ariyada bəstəkar melodiya və Füzuli
əruzunun dürüst ölçüsünə,
onların vəhdətinə ustalıqla
nail olmuşdur. Bu, uğurlu yaradıcılıq,
yeni bir eksperiment idi.
Otuzuncu
illərin əvvəllərində Üzeyirin
«Leyli və Məcnun»u yeni redaksiyada «yaratmaq
həvəsi söndü». «Aşıqsayağı»,
«Çahargah», «Şur» mövzularında
fantaziyalar, «Komsomolçu qız» və s.
əsərlər yaradan bəstəkar,
artıq «Koroğlu» operası istiqamətində
iri addımlarla irəliləyirdi. Məhz
bu illərdə bəstəkar qət etdi
ki, «Leyli və Məcnun» milli opera sənətimizin
ilkidir. Onun tarixi əhəmiyyəti də
bundadır, odur ki, onu ilkin yarandığı
şəkildə də saxlamaq lazımdır.
Azərbaycan musiqisinin sür'ətlə
yüksəlişi isə yeni yaradıcılıq
üslubu ilə yazılmış yeni
əsərdə —«Koroğlu» operasında
özünü nümayiş etdirdi.
1975
Sadıq
Vəkilov
Xatirə
Üzeyir
Hacıbəyovun adını mən hələ
kiçik yaşlarımdan eşitmişdim.
Üzeyir haqqında mənə əmim
oğlu Vəkil Vəkilov danışmışdı.
Mən
də Qori seminariyasında oxuyurdum. O zaman
bayram günlərində müəllimlər
və seminariya şagirdləri Zaqafqaziyanın
müxtəlif yerlərindən gəlmiş
təbrik teleqramlarını sevinclə
oxuyardılar, bu teleqramlar arasında seminariyanın
yetişdirməsi olan, geniş şöhrət
qazanmış bəstəkar, ədəbiyyatçı
və xalq maarifi xadimi Üzeyir Hacıbəyovun
da təbriki olardı.
1914-cü
ildə Üzeyir özü Qoriyə gəldi.
Onun bizimlə, seminariya şagirdləri
ilə necə görüşdüyü
yaxşı xatırımdadır. O, incəsənətin
xalq üçün əhəmiyyətindən,
xalqın estetik zövqünün tərbiyəsində
xalq müəlliminin oynadığı
böyük roldan ilhamla danışırdı.
Hacıbəyov öz yaradıcılıq
planlarından da danışdı. Biz isə
onun şərəfinə konsert verdik:
çoxumuz seminariyada skripka çalmağı
öyrənmişdik, məktəbdə
şagirdlərdən təşkil olunmuş
nəfəsli alətlər orkestrimiz də
vardı. Orkestrə ikinci musiqi müəllimi
S. F. Fidelman rəhbərlik edirdi. Birinci
musiqi müəllimimiz isə Bekker idi.
Qori müəllimlər seminariyasının
yetişdirməsi olan Müslüm Maqomayev
vaxtilə bu müəllimə göndərdiyi
məktubda belə yazırdı: «Tale məni
uzaq bir aula atmışdır, yeganə
sevincim və təsəllim, Sizin mənə
verdiyiniz bu taxta parçasıdır,..»
Bekker öz sevimli şagirdinə skripka
bağışlamışdı. Bunu seminariyada
tez-tez xatırlayırdılar. Sitat gətirdiyim
məktub isə indiyədək keçmiş
seminariyanım arxivində qorunub saxlanılır.
Böyük
bəstəkar Üzeyir Hacıbəyov
öz doğma məktəbinin musiqi həyatını
daim izləyirdi. O, şagirdlərin qüvvəsilə
göstərilən «Arşın mal alan»
musiqili komediyasının tamaşası
haqqında xoş rə'y söylədi.
Bu, yarım əsr bundan əvvəl olsa
da, bizim seminariyanın həyatındakı
həmin hadisənin xatirəsi Hacıbəyovun
gözəl musiqisi kimi həmişə
təzədir.
1965