~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

30

Əşrəf Abbasov
Ilk görüşüm

Böyük bəstəkar-dramaturq, məşhur musiqi xadimi və ictimai xadim, gözəl müəllim, əvəzedilməz bir insan olan Üzeyir Hacıbəyov haqqında mən ilk dəfə Şuşada, musiqi müəllimin Fatma xanım Zeynalovadan eşitmişdim. Fatma xanım Üzeyir Hacıybəyovun ilk azərbaycanlı tələbələrindən idi. Onun öz müəllimi haqqındakı söhbətlərinə biz həmişə böyük maraqla qulaq asardıq.

Şuşa musiqi məktəbində oxuyarkən mən təksəsli melodiyalar yazmağa başlamışdım. Çaldığım tar aləti üçün bir neçə etüd də bəstələmişdim. Fatma xanımla belə məsləhətləşdik ki, mənim ilk musiqi addımlarım olan bu kiçik əsərləri Üzeyir Hacıbəyova göndərək. Belə də etdik. Fatma xanım notlarla birlikdə Üzeyirbəyə mənim haqqımda bir məktub da göndərdi. Bir neçə gündən sonra məktuba cavab gəldi. Şuşa musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Bakıda musiqi təhsilimi davam etdirməyi böyük bəstəkar mənə məsləhət görmüşdü. 1936-cı ilin avqust ayında mən ilk dəfə olaraq Bakıya gəldim.

Hər şeydən əvvəl, o müdrik insanla görüşmək, söhbət etmək və ondan məsləhət almaq istəyirdim... Görəsən belə böyük bir sənətkarın məni, rayondan gəlmiş, hələ 16 yaşı tamam olmamış bir gənci qəbul etməyə vaxtı olacaqmı, o mənimlə görüşüb söhbət etmək istəyəcəkmi?..

Yaxşı yadımdadır, çox tərəddüddən sonra Bakı Sovetinin yanındakı poçtdan Üzeyirbəyin o zaman yaşadığı evinə zəng vurdum. Böyük bəstəkar telefon dastəyini özü qaldırıb cavab verdi. Dilim dolaşa-dolaşa özüm haqqında mə'lumat verən kimi, o məni dərhal evə də'vət etdi... Belə bir sadə insani münasibət məni heyrətə gətirdi. Sözün düzü, mən özümü lap itirdim. Çünki belə gözləmirdim. Dərin həyəcan keçirə keçirə Verxni-Priyutski küçəsindəki 75 nömrəli evə yollandım. Həyət qapısından içəri girdim. Həyətdə heç kəs görünmürdü. Ətrafda qəribə bir sakitlik var idi. Ancaq həzin-həzin çalınan pianonun səsi eşidilirdi. İrəli gəlib şüşəbəndin qapısını açdım. Sadə görkəmli, xoşsifət, alçaqboylu, yaşlı bir qadın məni içəri də'vət edib, otağa keçməyimi təklif etdi. Sonralar bildim ki, bu qadın Üzeyir Hacıbəyovun bacılarından, mərhum Abuhəyat xanım imiş. Birinci otaqda heç kəs yox idi. İkinci otağa girdim. Olduqca sadə, lakin böyük zövqlə bəzənmiş bu otaqda masa arxasında sadə geyimli, eynəkli bir kişi oturmuşdu. Məni görən kimi başını qaldırıb gülümsədi, incə bir mülayimlik və mehribanlıqla: «Xoş gəlmisən, oğlan, buyur əyləş» dedi. Əyləşdim. «Yəqin ki, bu Üzeyirbəyin katibidir. İndi o biri otağa keçib mənim gəldiyimi xəbər verəcək və yanına girmək üçün icazə istəyəcəkdir. Mən belə bir fikirdə ikən, o, əyilib masanın alt yeşiyindən etüdlərimi çıxartdı və mənə uzadıb dedi: «Əşrəf, əsil bəstəkar olmaq üçün ən əvvəl mükəmməl musiqi təhsili almaq lazımdır». Mən sevincimdən bilmirdim ki, nə edim... Üzeyir Hacıbəyovla şəxsən tanış olmuşdum.

Onun yaxından köməkliyi ilə həmin ilin sentyabr ayında mən Azərbaycan Dövlət orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfinə daxil oldum. Hər dəfə Üzeyirbəy məni görəndə dərslərimlə, həyatımla maraqlanır və məni yanına çağırıb maddi və mə'nəvi yardım göstərirdi. O, ürəyi geniş və ipsanpərvər bir adam idi. Üzeyir Hacıbəyov bütün tələbələrinə, bütün insanlara belə münasibət bəsləyirdi. O, tələbələrinə klassik musiqini və xalq yaradıcılığını dərindən öyrənmək, xalqa və vətənə məhəbbət bəsləmək və sədaqətli olmaq kimi yüksək insani hisslər aşılayardı. Sonralar mən bu ailəyə tez-tez gedib-gələrdim. Burada olan sadəlik, səmimiyyət, yüksək mədəniyyət məni həmişə valeh edərdi. Hər dəfə büllur tək aydın, pak, saf və açıq ürəkli bu böyük sənətkarla görüşdən sonra biz gənclərə yeni qüvvə gələrdi, bizdə yaşamaq, oxumaq və yaratmaq həvəsi artardı.

1937-ci il aprelin axır günləri idi. Maksim Qorki adına küçədə yerləşən Azərbaycan dövlət musiqi məktəbinin siniflərinin birində tələbələr arasında qızğın söhbət gedirdi. Mən də orada idim. Şuşa musiqi məktəbinin tar sinfini bitirdikdən sonra təhsilimi Bakı musiqi məktəbində davam etdirirdim. Aramızdakı söhbət musiqi nəzəriyyəsi müəlliminin yeni Azərbaycan operası haqqında bizə verdiyi qısa və maraqlı mə'lumatdan sonra başlamışdı. Müəllimimiz M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında hazırlanan yeni operanın məşqlərində olmuş və əsərin onu valeh etdiyini bizə söyləmişdi. Biz də bundan fərəhlənir, sevinir və yeni operaya nə vaxt qulaq asacağımız haqqında düşünürdük.

Haqqında danışdığımız bu əsər sevimli bəstəkarımız Ü. Hacıbəyovun «Koroğlu» operası idi. Həmin il aprelin 30-da «Koroğlu» operasının ilk tamaşası oldu. Yeni, gözəl opera haqqında xəbər tezliklə hər tərəfə yayıldı. Bu hadisə Azərbaycan incəsənətinin əsil bayramı idi. «Koroğlu» operasını dinləmək arzusunda olanlar o qədər çox idi ki, biz tələbələr birinci günlər teatra düşə bilmədik. Nəhayət, bir neçə tamaşadan sonra bu operanı eşitmək bizə də qismət oldu. Üzeyirbəy tamaşaya özü dirijorluq edirdi. Tarların ilk mizrabından başlayaraq final xorunun son səslərinə qədər bütün opera bizi valeh edib heyrətə gətirdi. O zaman hələ operaya müqəddimə yazılmamışdı, ona görə də əsər kəndlilər xoru ilə başlayırdı ki, burada da ilk səslər tarlara verilmişdi.

O gündən çox vaxt keçmişdir. Uzun illər səhnədən düşməyən «Koroğlu» operası respublikamızda və ondan çox uzaqlarda tamaşaçıların rəğbətini qazanmışdır. «Koroğlu» operasından danışarkən, qeyri-ixtiyari olaraq, böyük rus bəstəkarı və tənqidçisi A. N. Serovun gözəl sözlərini xatırlayırıq: «İncəsənətdə həqiqi gözəllik qarşısında zaman acizdir, belə olmasaydı, biz Homeri, Danteni və Şekspiri, Rafaeli, Titsianı və Pusseni, Palestrinanı, Hendeli və Qlüku sevib qiymətləndirməzdik».

«Koroğlu» operası hər cəhətdən böyük və yüksək sənət əsəridir. Bu operada müəllif xalq həyatını, xalqın öz azadlığı və səadəti uğrunda apardığı qəhrəman mübarizəsini geniş, epik və parlaq musiqi lövhələrilə təsvir edir. Operadakı musiqi obrazları zəngin fikir və dərin insani hisslərə malikdir. Burada tarixi hadisələr müasir həyatımızın böyük idealları ilə aşılanmış və realist musiqi boyaları ilə xarakterizə edilmişdir. «Koroğlu» zəngin xalq yaradıcılığının və klassik musiqi irsinin ən gözəl, qabaqcıl ən'ənələrini özündə cəmləşdirir və inkişaf etdirir. Buna görədir ki, biz bu operanı çox sevir və qiymətləndiririk.

Üzeyir Hacıbəyov öz tələbələrilə söhbətində həmişə deyərdi: «Bəstəkar öz əsərlərilə gərək dinləyiciləri heyrətə gətirib təəccübləndirsin». İndi hər dəfə «Koroğlu» operasını və ya onun ayrı-ayrı parçalarını dinlərkən, Üzeyir Hacıbəyovun necə haqlı və öz yaradıcılığına nə qədər tələbkar olduğunu aydın hiss edirik. «Koroğlu» operası bizi həqiqətən heyrətə gətirir. İllər keçdikcə bu əsər bizə daha yaxın, doğma və əziz olur. Ona görə ki, bu opera xalqın fikir və arzularını, həyatını və ən yüksək ideallarını xalqın öz dilində tərənnüm edir.

...Həyatda elə insanlar olur ki, onlar aramızdan getdikdən sonra belə yaşamaqda davam edirlər. Belə insanları xalq öz qəlbində yaşadır, çünki onların ürəyi həmişə xalqın ürəyi ilə, varlığı xalqın varlığı ilə, həyatı xalqın həyatı ilə bağlı olur. Xalqın mübarizəsini, onun ən gözəl arzu və diləklərini tərənnüm etmək belə insanların həyat və yaradıcılığının əsas mə'nasıdır. Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəyovun bütün şüurlu həyatı və qaynar fəaliyyəti də belə bir məqsədə—musiqidə realizm və xəlqilik uğrunda mübarizəyə həsr olunmuşdur. Xalqla bir yerdə olmaq, onun qəlbini və yaradıcı əməyini tərənnüm etmək Üzeyir Hacıbəyovun dönmədən sadiq qaldığı prinsip idi. Böyük sənətkar bizimlə söhbətində həmişə deyərdi: «Musiqini elə yazmaq lazımdır ki, onu zövqsüz bir insan qrupu yox, bütün xalq başa düşsün... Musiqi, insanı valeh etməli və ilhama gətirməlidir». Bir həqiqətdir ki, bu sözlərin müəllifi tərəfindən yaradılmış əsərlər öz gözəlliyi və əsil xəlqiliyi ilə dinləyiciləri valeh edir.

... Üzeyir Hacıbəyovun həyatı və yaradıcılıq prinsipləri Azərbaycan bəstəkarları üçün böyük məktəbdir. O, musiqimizin gələcəyinə böyük ümid bəsləyərək deyərdi: «Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Bunun üçün cəsarətlə axtarmaq, öyrənmək, məhsuldar işləmək lazımdır. Sovet xalqının mə'nəvi ruhu ilə yaşamaq, onun ümid və arzularını ifadə etmək, adamlarımızın tükənməz nikbinliyini musiqi vasitələrilə tərənnüm etmək lazımdır». Bu gözəl sözlər Azərbaycanın bütün musiqi xadimləri üçün yeni yaradıcılıq zirvələrinə bir çağırışdır. Üzeyir Hacıbəyovun xalqla və ana torpaqla bağlı olan, yüksək beynəlmiləl ideallar təbliğ edən parlaq yaradıcılığı Azərbaycan bəstəkarlarını yeni müvəffəqiyyətlərə ruhlandırır. Xalq ruhunun qüdrətli tərənnümçüsü, böyük bəstəkar, gözəl alim, dramaturq və xadim, əvəzedilməz insan, bizim hamımızın unudulmaz müəllimi Üzeyir Hacıbəyov ölməmişdir. O yaşayır. O bizimlə gələcəyə addımlayır.

1975