~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

13

Əfrasiyab Bədəlbəyli
Ustad

Hər dəfə bir çox yaşıdlarım kimi mən də fikirləşəndə ki, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovla müasir olmuşam, onunla görüşüb söhbət etmişəm, nə isə çox qəribə hisslər keçirirəm. Axı «Azərbaycan musiqisinin klassiki» deyəndə adətən təsəvvüründə əyninə ləbbadə geymiş, başına çalma bağlamış Səfiəddin Urməvi yaxud Əbdülqədir Marağinin obrazı canlanır. Onların zahiri görünüşü bizə abidələri ilə yaxşı tanış olan Nizami yaxud Füzulinin obrazını gözümüz qarşısına gətirir. Onlar nə isə qeyri-adi: əlçatmaz, əzəmətli şəxslərdir... Yox, bu mə'nada Üzeyir tamam başqa planda «klassik» idi.

Hələ Üzeyir Hacıbəyovun sağlığında (1945-ci ildə) Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərlərində dərc etdirdiyim Azərbaycan musiqisi tarixində «Leyli və Məcnun»un «yeri» adlı məqaləmdə yazmışdım ki, Üzeyirbəyə nadir bir şərəf nəsib olmuş—hələ sağlığında öz xalqının tanınmış klassiki olduğunu görmüşdür. Görünür, hər xalq öz tarixinin müəyyən dövründə belə dahilər yetişdirir: Maksim Qorki, Rabindranat Taqor, Yan Sibelius...

Adi həyatda Üzeyirbəy çox sadə, şən, gülərüz idi. Kəskin müşahidə qabiliyyətinə malik maraqlı həmsöhbət idi, öz mülahizələrində və hərəkətlərində sonsuz aydınlığı ilə fərqlənirdi.

Azərbaycan musiqisi klassikinin 80 illik yubileyi ilə əlaqədar 190 nömrəli məktəbin keçirdiyi «Mavi işıq» gecəsində Üzeyirbəyin həyat yoldaşı Məleykə xanımla yanaşı əyləşmişdim. Biz bəstəkarın həyatından bir sıra hadisələri xatırladıq. Misal üçün, xatırladım ki, 1925-ci ildə Gürcüstandakı kurort yeri Tsemidə necə onların qonağı olmuşdum, nahardan sonra ailə üzvləri yenidən stol arxasına əyləşib, bir gün əvvəl Hacıbəyovun harmoniya üzrə tərtib etdiyi yeni məsələləri həll etməyə başladılar (o zaman Üzeyirbəy harmoniya üzrə dərslik yaratmaq üzərində gərgin işləyirdi).

Hacıbəyovların bağının yaxınlığında Müslüm Maqomayev də öz ailəsi ilə dincəlirdi. Bacanaqlar hər gün Üzeyirbəyin sevdiyi şam ağacının kölgəsində əyləşərək, ümumiyyətlə Azərbaycan musiqisinin inkişaf yolları haqqında, opera incəsənəti barədə söhbət edirdilər. Bu söhbətlər sanki o zaman musiqi dairələrində, Bakı mətbuatı səhifələrində aparılan müzakirələrin davamı idi. Bəli, bu iki gözəl insan doğma musiqi, onun hazırkı vəziyyəti və gələcəyi haqqında fikirləri heç zaman unutmurdular; bu fikirlər onların həyatının əsası idi, onların qəlbini daimilik zəbt etmişdi.

Sevimli müəllimimizin qeyri-adi xeyirxahlığını, onun hiss olunmadan və lap vaxtında köməyə çatmaq bacarığını xatırlayanda fikirləşirsən: belə şeylər umudulmazdır!

1940-cı ilin aprelində, ilk tamaşadan bir neçə gün əvvəl (mənim «Qız qalası» baletimin ictimai baxışından sonra) onun çıxışı hafizəmdə həkk olunmuşdur. Milli xüsusiyyətin realist incəsənətdən ayrılmaz olduğunu söylədikdən sonra o, eyni zamanda qeyd etdi ki, məhz rus klassik balet musiqisinin ən yaxşı nümunələrinə istinad etmək mənim bütün təşəbbüslərimə istiqamət vermişdir. Azərbaycan musiqisində vals, adajio, solo variasiyalar və s. kimi ən'ənəvi balet formaları yarada bilmişəm. «Qız qalası» baletinin tamaşaya qoyulması ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov «Pravda» qəzetində yazırdı: «Klassnk balet musiqisini əsl xalq rəqsləri ilə məharətlə əlaqələndirmək tamaşanın məzmun və üslubunu bütövlükdə müəyyənləşdirmişdir».

Müasir Azərbaycan musiqisinin bir çox janrlarının əsasını məhz Üzeyir Hacıbəyov qoymuşdur. Üzeyir Hacıbəyovun ölməz yaradıcılığı və xüsusən onun «Koroğlu»su bir çox bəstəkar nəslinin diqqətini dönə-dönə cəlb edəcəkdir. Üzeyirbəyin təcrübəsi və onun məktəbi gənc müəlliflər üçün xalq zəmini ilə novatorluğun, demokratizmlə ustadlığın məharətlə əlaqələndirilməsinin gözəl nümunəsidir.

1965