Yusif
Məmmədəliyev
Böyük itki
Azərbaycan
xalqının qiymətli oğlu Üzeyir
Hacıbəyov milli musiqi mədəniyyətimizin
inkişaf tarixində ən parlaq bir simadır.
Böyük
Oktyabr sosiallst inqilabından qabaq yalnız
bir həvəskar kompozitor kimi mə'lum
olan Üzeyir Hacıbəyovun yüksək
zəkası yalnız sovet dövründə,
Lenin Partiyasının qayğısı
ilə nəşvü-nüma tapmış
və əziz bəstəkarımız
əzəmətli Sovet ölkəsinin
böyük sənətkarı olmuşdur.
Üzeyir
Hacıbəyov bütün şüurlu
ömrü boyu mədəni inkişafımızın
müxtəlif sahələrində xalq
müəllimi, bəstəkar, alim, dramaturq,
publisist, ictimai xadim kimi yorulmadan çalışmışdır.
O, bütün yaradıcılığında
xalqdan ilham almış və xalqa sədaqətlə
xidmət etmişdir. Onun ölməz əsərlərində
yüksək musiqi sənətilə yanaşı,
xalqın ürək arzuları, azad və
xoşbəxt həyat uğrundakı mübarizəsi,
demokratik məfkurələri tərənnüm
edilməkdədir. Qəhrəmanlıq
epopeyası olan son dərəcə zəngin
məzmunlu «Koroğlu» operasında Azərbaycan
xalqının əzəmətli eposu böyük
sənətkarlıqla canlandırılmış
və dillərdə dastan olan Koroğlu,
onun öz xalqına sədaqəti, cəngavərliyi,
yadelli işğalçılara və zülmkar
feodallara qarşı amansız mübarizəsi,
habelə qardaş Zaqafqaziya xalqlarının
dostluğu dərin duyğular və böyük
ustalıqla təsvir edilmişdir.
Əziz
bəstəkarımız Azərbaycan xalqının
zəngin ədəbiyyatından məharətlə
istifadə edərək, dünya ədəbiyyatında
görkəmli yer tutan böyük Füzulinin
cazibədar lirikasına—«Şəbi-Hicran»,
«Nalədəndir» və qeyri şe'rlərinə,
dahi sənətkar və mütəfəkkir
Nizaminin «Sevgili canan», «Sənsiz» və bir
çox başqa şe'r incilərinə
musiqi ilə həyat vermiş və onları
geniş xalq kütlələrinin ruhi qidasına
çevirmişdir.
Üzeyir
Hacıbəyov böyük bəstəkar
və alim olmaqla bərabər, eyni zamanda
bacarıqlı bədii söz ustasıdır.
«Arşın mal alan», «Məşədi
İbad» və qeyri musiqili komediyalarında
keçmiş həyatın mənfur cəhətlərini,
mövhumatı, cəhaləti, qadın
əsarətini, burjua millətçiliyini
özünə məxsus bir yumorla qamçılamış,
bütün iste'dadını demokratik ideyalar
uğrunda mübarizəyə sərf etmişdir.
Üzeyir Hacıbəyovun qiymətli nəzəri
əsərləri Azərbaycan musiqi elminin
inkişafı tarixində yeganə və
ölməz əsərlərdir. Bu əsərlərdə
Üzeyir Hacıbəyov yüksək zəkalı
bir alim kimi musiqi mədəniyyətimizin
əsaslarını dərindən tədqiq
edib, onun inkişaf yollarını göstərmiş,
bununla da həm indiki, həm gələcək
nəslə misilsiz xidmət etmişdir.
Ölməz bəstəkarımızın
«Azərbaycan xalq musiqisinin əsasları»
adlı əsəri bütün dünya
musiqişünaslıq elminə böyük
hədiyyə olub, xalq musiqisini öyrənmək
işində parlaq səhifələr açır
və şəkilcə milli, məzmunca
sosialist Azərbaycan musiqi mədəniyyətinin
inkişafı üçün geniş
imkan yaradır.
Üzeyir Hacıbəyovun bütün
yaradıcılığında dünya
musiqi mədəniyyətində ən
qabaqcıl yer tutan böyük rus xalqının
musiqi mədəniyyətinin nəcib tə'siri
vardır. O, ilk musiqi təhsilini Peterburqda
almış və öz müəllimləri
olan rus musiqi klassiklərinin gözəl
ən'ənələrini davam və inkişaf
etdirmişdir. Üzeyir Hacıbəyovun
ölməz yaradıcılığı,
öz xalqına və partiyasına sədaqəti
elm və sənət xadimləri üçüm
ən gözəl nümunədir.
1948
Şövkət
Məmmədova
Vətənpərvər insan
Onunla çarizmin irtica illərindəki
ilk görüşümü xatırlayarkən,
Üzeyirin—öz xalqını sonsuz məhəbbətlə
sevən və bütün həyatını
ona həsr edən vətənpərvər
insanın unudulmaz obrazı qarşısında
bir daha baş əyirəm.
Mənim
Üzeyirlə qəlbimdə dərin iz
salmış ilk görüşüm 1912-ci
ildə olmuşdur. Bakıda olduğumdan
xəbər tutub, o, mənim taleyimdə
yaxından iştirak etdi. Özünün
ilk musiqi əsərlərinin müvəffəqiyyətindən
ruhlanan Üzeyir, son əsərlərinin
əlyazısını götürərək,
məni öz yaradıcılıq planları
ilə tanış etdi. Bu görüş
çox səmimi keçdi. Vəsait olmadığı
üçün musiqi təhsilimi yarımçıq
qoyduğumu eşidən kimi o, dərhal
təklif etdi ki, tamaşa təşkil
edib, toplanan pulla məni yenidən oxumağa
göndərsinlər. Bu səmimi dəqiqələr
uzun illər qəlbimdə kök saldı.
Həssas qəlbə malik Üzeyir həyatımın
ən çətin anlarında öz kömək
əlini mənə uzatdı.
Tale
bizi bir daha Azərbaycanda Sovet hakimiyyətinin
xoşbəxt illərində görüşdürdü.
Bakıdakı qadınlar klubunda «Arşın
mal alan»dakı Gülçöhrə rolunda
ilk dəfə çıxış edən
zaman yenidən Üzeyirlə görüşdüm.
Burada mən ondan oyunum haqqında ilk xoş
rə'ylər eşitdim. Onun səmimi tə'rifləri
məni həvəsə gətirdi və
gələcək fəaliyyətim üçün
mənə böyük ruh verdi. Müəllimim,
həssas və xeyirxah Üzeyirlə dostluğum
bu andan başladı. Bu dostluq 30 il davam
etdi.
Azərbaycan
Dövlət Konservatoriyası təşkil
edildiyi ilk gündən bütün fikrini
gənc kadrların yetişdirilməsinə
verən Üzeyir, biz müəllimlərə
də atalıq qayğısı göstərirdi.
Böyük
dövrümüzə layiq musiqi kadrlarını
yetişdirib tərbiyə etmək haqqında
Üzeyirin xeyirxah tövsiyələri
biz müəllimlər üçün
bir növ həyat devizi oldu.
1948