~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

3

Bülbül
Ölməz sənətkar

Üzeyir Hacıbəyovun xatirəsi bütün sovet xalqları üçün əziz və unudulmazdır. Sevimli Üzeyirbəy sovet opera dramaturgiyasının inkişafında yeni fikir söylədi. Azərbaycan klassik musiqisinin tərəqqisi üçün möhkəm təməl daşı qoydu. Üzeyirbəyin elmi nəzəriyyəsi Azərbaycan sovet musiqisinin, xüsusilə Şərq xalqları musiqisinin inkişaf və çiçəklənməsində böyük rol oynayır. Üzeyirbəy «Azərbaycan musiqisinin əsasları» adlı kitabında zəngin Azərbaycan musiqisinin elmi əsaslarını şərh etmişdir.

Üzeyir Hacıbəyovun musiqi mədəniyyətimiz üçün böyük xidmətlərindən danışarkən rus xalqının dahi kompozitoru Qlinka yadımıza düşür. Bu iki sənətkarın arasındakı yaxınlıq ondadır ki, Qlinka rus operasının banisi olduğu kimi, Üzeyirbəy də təkcə Azərbaycan deyil, bütün Şərqdə opera sənətinin banisi olmuş və yeni musiqi təfəkkürünü yaratmışdır.

Məni bu böyük bəstəkarla Əbdürrəhimbəy Haqverdiyev tanış etmişdir. Xalq Maarif Komissarlığı nəzdindəki incəsənət idarəsinin rəisi olan Əbdürrəhimbəy Haqverdiyev «Əsli və Kərəm» operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında məni Üzeyirbəylə tanış edib dedi:

— Bu bizim Bülbülümüzdür. Dünən Kərəm rolunda bülbül kimi cəhcəh vurub camaata ləzzət verdi.

O vaxt Üzeyirbəy musiqi şö'bəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış, azca qıvrım saçları, sadə və mə'nalı baxışları məni elə heyran etdi ki, gözümü bir an belə onun simasından ayıra bilmədim.

Üzeyirbəy mənim bu heyranlığımı duyaraq zarafatla dedi: «Hə, istəyirsən səni tə'rifləyim?»

Günlər keçdi ... Üzeyirbəyin əsərlərinin qəhrəmanı oldum. İkimiz də sənətə və elmə sarıldıq. Moskvada və Leninqradda olduq, görkəmli sənət adamları ilə görüşdük. Sonra mən dörd il İtaliyaya oxumağa getdim. Oradan onunla məktublaşdıq. Üzeyirbəy əsərlərini mənə mütaliə üçün İtaliyaya göndərirdi.

İtaliyadan qayıtdıqdan sonra, 1932-ci ildə artıq sovet xalqının coşqun yaradıcılıq mərhələsi klassik musiqimizin yeni inkişafını tələb edirdi. Yeni musiqi təfəkkürü, yeni zehni xüsusiyyətlər bəstəkarlar qarşısında bir çox mühüm məsələlər qoyurdu. O zaman musiqi sənətimizdə canlanma başlayırdı. Üzeyirbəylə yanaşı, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Bakı və Leninqrad musiqi məktəblərinin yetirməsi olan Asəf Zeynallı yeni əsərlər yazırdılar. Müslüm Maqomayev «Nərgiz», Qliyer «Şahsənəm» operaları üzərində işləyirdilər. Üzeyirbəy isə «Koroğlu» operasını yazmağa hazırlaşırdı. Bununla yanaşı, Üzeyirbəy «Komsomolçu qız», «Mazut», «Zavod səni gözləyir» kimi yeni həyatı tərənnüm edən kiçik formalı əsərlər də yazırdı.

1934—1935-ci illərdə Qliyerin «Şahsənəm» və M. Maqomayevin «Nərgiz» operaları tamaşaya qoyuldu.

Nəhayət, böyük bəstəkarımız bunların ardınca «Koroğlu» operasının klavirini teatra təhvil verdi. Bu, bizim opera sənətimizin bayramı oldu. «Koroğlu» operası ilk tamaşadan sonra ürəklərə yol tapdı, bir çox müğənnilərin ifasında qardaş respublikaların səhnələrində, efirdə tez-tez səslənməyə başladı.

Mən teatrımızın səhnəsində xalq qəhrəmanı Koroğlu rolunda 400 dəfədən çox çıxış etmişəm. Hər dəfə bu rolu ifa edərkən Üzeyirbəyin sənətinə valeh oluram. Bu operanın uvertürasına mən dəfələrlə qulaq asmışam. Uvertüra başlananda insanı cuşa gətirir. Elə bir musiqi həvəskarı tapılarmı ki, bu musiqi parçaları onu həyəcana gətirməsin?! Bu uvertüra operanın qəhrəmanı kimi səslənir, bütün hadisələrin tərcümanı kimi qəbul olunur.

Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı. Bu fikrimi sizə izah etmək üçün bir-iki misal gətirim.

«Koroğlu» operasının birinci pərdəsində Nigarın ariyası və Nizaminin sözlərinə bəstələnmiş «Sənsiz» romansı heç kəsin xatirindən silinməz. Bu əsərlərnn ikisi də eyni pərdə, şikəsteyi-fars üstündə yazılmışdır. Nigarın ariyası şikəsteyi-fars ilə başlayır, orta hissəsi əraq-pəncigahdır, digər yolu ilə yenə şikəsteyi-farsa qayıdır və segah nəfəsilə ayaq verib qurtarır.

«Sənsiz» qəzəli də şikəsteyi-fars ilə başlayır. Orta hissəsi manəndi-müxalifidir. Üzzal nəfəsi vurub yenə şikəstəyə enir və segah nəfəsilə eyni pərdədə ayaq verib qurtarır. Halbuki bu iki əsər bir-birinə oxşamır. Nigarın ariyasında onun zalımlara nifrəti, Rövşənə olan pak məhəbbəti, həqiqi sevgini var-dövlətdən üstün tutması, Rövşəni axıradək sevəcəyi, məhəbbətində axıradək sadiq qalacağı tərənnüm edilir.

«Sənsiz» qəzəli isə bir tənhalığın, sənsizliyin ürək çırpıntısıdır. Görün bunlar nə qədər ayrı-ayrı mövzulardır! Başqa-başqa əsərlərdir. Halbuki bunların ikisi də eyni pərdədə yazılmışdır. Üzeyir sənətinin ölməzliyi də məhz bundadır! «Sevgili canan» qəzəli və Firuzənin ariyası «Bayatı Şiraz» muğamı üzərində qurulmuşdur, Firuzənin ariyasını Zəhra Rəhimovanın ifasında eşidərkən, mənə elə gəlir ki, bütün operaya qulaq asmışam. Eyni muğam üzrə qadın səsi (soprano) üçün yazılmış bu ariya mürəkkəb və geniş bir fikri ifadə edirsə, «Sevgili canan» qəzəli bir gözəlin tə'rifini verir.

Üzeyirbəylə mənim dostluğumun səbəbi onun əsərlərini oxumağım və operalarında baş qəhrəman rolunu oynamağım deyildir. Bizim dostluğumuzun əsası ideya birliyidir, sosialist Vətənimizə, xalqımıza olan məhəbbətimizin əks-sədasıdır.

Aylar bir-birini qovur, illər ötüb keçir, fəsillər bir-birini əvəz edir. Bu fəsillərin ən gözəli, ürək açanı, fərəhlisi bahardır. Üzeyir yaradıcılığı, Üzeyir sənəti də baharın bənövşəsi, yasəməni, ətirli çiçəkləridir. Üzeyirin musiqisi həmişə bu çiçəklər kimi ürəkaçan olacaq, insanların ruhunu oxşayacaq, insanlarda yaşamağa, sevməyə, sevilməyə coşqun həvəs oyadacaqdır.

1948 .