1899-cu
il avqustun son günlərində Tiflis quberniyasının
kiçik qəza şəhəri Qoridə,
böyük ikimərtəbəli evin geniş
həyətində böyük canlanma
vardı.
14—16
yaşlı uşaqların hay-küylü
dəstəsi gah bir yerə toplaşır,
gah da ayrı-ayrı qruplara bölünərək
nə haqda isə qızğın söhbət
edirdilər. Hər tərəfdən müxtəlif
dillərdə sözlər eşidilirdi.
Oğlanlardan
bə'zisi şagird formasında, bə'zisi
də milli geyimdə idi. Əyinlərinə
çuxa geymiş, başlarına motal papaq
qoymuş bir neçə oğlan öz
aralarında nə barədə isə
danışırdı. Çərkəzi
paltar geymiş, hündür papaqlarını
qaşlarının üstünə çəkmiş
sərt görkəmli gənclər sakit-sakit
ətrafa göz gəzdirirdilər. Hündürboy,
düzqamətli, enli kənarlı keçə
şlyapa qoymuş oğlanlar bir az aralıda
dayanmışdılar. Dördkünc kiçik
papaqlarını peysərlərinə
sürüşdürmüş iki cavan
isə əl-qol ata-ata danışıb,
arabir evin pəncərələrinə
baxırdı.
Hər
il Qafqazın, xüsusən Zaqafqaziyanın
bir çox yerlərindən müxtəlif
millətlərə mənsub gənclər
müəllimlər seminariyasına girmək
üçün buraya, Qoriyə gəlirdilər.
Seminariya yuxarıda dediyimiz ikimərtəbəli
binada yerləşirdi. Şagirdlər arasında
ruslar, azərbaycanlılar, ermənilər,
gürcülər, abxazlar, kürdlər,
Dağıstanın çoxlu xalqlarının
nümayəndələri, Kuban və Terek
kazakları, hətta noqaylar və Povoljye
tatarları da vardı.
Qori
müəllimlər seminariyası xüsusilə
azərbaycanlıları cəlb edirdi,
çünki ümumi qaydalardan fərqli
olaraq, bu məktəbdə «Zaqafqaziya tatarlarından»,
yə'ni azərbaycanlılardan müəllimlər
hazırlamaq üçün xüsusi pansionu
olan «tatar şö'bəsi» var idi. Buna
görə də seminariyaya girmək istəyənlər
arasında azərbaycanlı gənclər
çox olurdu, onların arasında da qarabağlılar
və qazaxlılar əksəriyyət
təşkil edirdi.
Bu
dəfə də belə idi. Seminariyaya
girmək istəyənlər tibbi müayinədən
keçirdilər, qəbul imtahanları
sonra başlayacaqdı. Hər kəsə
seminariyaya girmək nəsib olmurdu: imtahanlar
o qədər də asan deyildi, arzu edənlərdən
çoxu əliboş geri, evə qayıdırdı,
imtahan verənlər isə məktəbə
qəbul olunurdular: azərbaycanlılar
aşağı hazırlıq siniflərinə,
ruslar, gürcülər və digərləri
isə yuxarı hazırlıq siniflərinə.
Qəbul olunanlar dövlətin hesabına
keçirdilər. Beş il burada oxuduqdan
sonra onlar ibtidai xalq məktəblərində
beş il məcburi müəllimlik etməli
idilər, yə'ni hər təhsil ili üçün
bir il məcburi qulluq nəzərdə
tutulmuşdu.
Bu
il qəbul imtahanlarını verib seminariyanın
«tatar şö'bəsinin» aşağı
hazırlıq sinfinə qəbul olunanlar
arasında açıq qəhvəyi rəngli
şagird kurtkası geymiş, belinə
ensiz qayış bağlamış, qaragül
papağı qoymuş qarabuğdayı,
arıq bir cavan da vardı.
Bu, Üzeyir Hacıbəyov idi.
Sərt
rejim və böyük ciddiyyətlə
keçən beş illik seminariya təhsili,
habelə pansionatda bir yerdə yaşamaq
bizi dostluq və yoldaşlıq ailəsində
birləşdirmişdi.
İstirahət saatlarında biz qiraətlə
məşğul olur, dərsləri öyrənir,
dostluq söhbətləri edir, bə'zən
də musiqi ilə məşğul olurduq.
Musiqi ilə maraqlanmağımız ondan
doğurdu ki, məktəbdə məcburi
dərslərdən biri də avazla oxumaq
və çalmağı bacarmaq idi.
Seminariyanın
bütün şagirdləri, musiqiyə
həvəs və iste'dadları olub-olmamasına
baxmayaraq, avazla oxumağı və skripkada
çalmağı öyrənməli idilər,
çünki ibtidai məktəb müəlliminin
vəzifəsinə uşaqlara skripkanın
müşayiətilə oxumağı
öyrətmək də daxil idi.
Bir
çoxları üçün bu dərs
çətin və anlaşılmaz idi (xüsusən
Avropa musiqisi və oxumaq). Bə'ziləri
skripka çalmağı heç cür öyrənə
bilmirdi.
Mən
yoldaşlarımdan birini xatırlayıram
ki, seminariyada oxuduğu beş il ərzində
qammaları öyrənmək üçün
çox əziyyət çəkdi, seminariyanı
bitirdi, amma yenə də qammaları öyrənə
bilmədi.
Avazla
oxumaq və skripkada çalmaq dərsləri
Üzeyir Hacıbəyovun, Müslüm
Maqomayevin, mənim və bir sıra başqa
yoldaşlarımızın xüsusilə
xoşuna gəlirdi. Biz təkcə skripka
ilə kifayətlənməyib, nəfəs
alətlərində də çalmağı
öyrənmək qərarına gəldik.
Üzeyir baritonu seçdi, Müslüm
klarneti, mən isə korneti. Bizim məşğələlərimiz
müvəffəqiyyətlə keçirdi
və 6— 7 aydan sonra bizi seminariyanın orkestrinə
qəbul etdilər.
Bir
müddətdən sonra seminariyada simli
orkestr də yaradıldı. Üzeyir violonçel
çalmağı öyrənməyə
böyük sə'y göstərirdi və
artıq birinci sinifdə bu orkestrin çıxışlarında
fəal iştirak etməyə başlamışdı.
Musiqi
müəllimimiz Mixail Leontyeviç Pekker
skripkada pis çalmırdı, hətta
konsertlərdə də çıxış
edirdi. O, «solaxay» olduğundan, skripkası
elə düzəldilmişdi ki, onu sağ
əlində tutub çala bilsin. Amma biz
çox təəccüb edirdik ki, musiqi
dərslərimizdə bizim skripkamızı
çox asanlıqla sol əlində tutaraq,
partalarımızın üstündəki
notlara əks tərəfdən (tərsinə
baxıb) yaxşı çalırdı.
Mixail
Leontyeviç ciddi, tələbkar və
çox inadkar müəllim idi. O, qısa
müddətdə ona nail oldu ki, biz nəfəsli,
həm də simli orkestrlərdə nəinki
təkcə ayrı-ayrı marşları
və valsları, habelə «Faust», «Traviata»,
«Knyaz İqor», «Yevgeni Onegin» və digər
operalardan bütün popurriləri çala
bilirdik.
Pis
də çalmırdıq. Simli orkestrimiz
yalnız seminariya daxilində təşkil
edilən gecələrdə yox, hərdənbir
ictimai yerlərdə: klublarda, xeyriyyə
gecələrində, nəfəsli orkestr
isə şəhər bağında çıxış
edirdi.
Bir
məşğuliyyətimiz də məşhur
operalardan ayrı-ayrı parçaları
və duetləri öyrənmək, sonra
da onları yoldaşdarın toplanışında
ifa etmək idi. «Ruslan və Lüdmila»,
«Fra Dyavolo» və «Qugenotlar» operalarından
Mazas, Danklın duetləri və ariyalar
daha çox müvəffəqiyyət qazanırdı.
Biz
çoxlu albom almışdıq, xoşumuza
gələn kiçik musiqi əsərlərini
buraya köçürürdük.
Bütün
bu məşğuliyyətlərimizdə
musiqiyə, rəqslərə böyük
meyl və bacarıq göstərən
və orkestrin kapelmeyster köməkçisi
vəzifəsinə irəli çəkilmiş
Müslüm Maqomayev fəal rol oynayırdı.
O
bizə Qərb rəqslərini öyrədirdi.
Bununla əlaqədar bir məzəli hadisə
danışım. Bir dəfə orkestrin
məşqindən sonra musiqi sinfində
qaldıq. Müslüm bizə «pad'espan»
rəqsini öyrədəcəkdi. Altı
cüt idik. Lazım olan kimi sıraya düzüldük.
Əlində skripka tutmuş Müslüm
rəqsin ilk hərəkətini göstərib,
bizə başlamaq işarəsi verdi.
Rəqsin
ilk hərəkətini eləyib qurtarmışdıq
ki, sinfin qapısı açıldı,
kök və qoca, həqiqi statski sovetnik
rütbəsində ciddi görkəmi
olan kişi göründü. Bu, bizim direktorumuz
idi.
Ayağımız
havada quruyub qaldıq. Araya bir anlıq sükut
çökdü. Direktor bizi bu vəziyyətdə
görüb qəh-qəhə çəkdi,
biz də özümüzə gəldik.
Pərt halda qalmışdıq, çünki
seminariya rəhbərliyi belə məşğələləri
bəyənmədiyi üçün biz
Qərb rəqslərini onlardan gizli öyrənirdik.
Bu
dəfə hər şey yaxşı keçdi.
Direktor tərs-tərs baxmaqla kifayətləndi
və Maqomayevə dedi ki, musiqi sinfini açıq
qoymasın.
Bizim
musiqi inkişafımızda müəllim
Semyon Pavloviç Qoqliçidzenin apardığı
mahnı dərsləri də az rol oynamamışdır.
Bu dərslərdə biz ilk dəfə
not sistemi, qammalar, tonlar, yarımtonlar, iki
və üçsəsli oxuma ilə tanış
olduq. Yoldaşlarımızdan bir çoxu
üçün, xüsusən Azərbaycanın
uzaq kənd və rayonlarından gəlmiş
və heç zaman Qərb musiqisini, oxuma
tərzini eşitməmiş uşaqlar
üçün bütün bu qammalar, not
işarələri, musiqi terminləri çətinlik
təşkil edirdi. Şagirdlərdən
çox az adama bu çətinlikləri adlayıb
«ikinci» və «üçüncü» səslə
oxumaq müyəssər olurdu.
Buna
görə də Qarabağdan gəlmiş
və o vaxtadək Avropa çoxsəsli
oxuma tərzini eşitməmiş Üzeyir
Hacıbəyovun dərhal, bir-iki dəfə
izah etdikdən sonra bunu mənimsəməsi
və nəinki birbaşa not vərəqindən
«ikinci» və «üçüncü» səslə
oxuya bilməsi, hətta həmin mahnı
üçün ikinci tonları seçə
bilməsi bizdə təəccüb doğururdu.
Bu, xüsusilə bizi ona görə heyran
qoyurdu ki, çox az adam «üçüncü»
səslə oxuya bilirdi.