Xatirimdədir:
yoldaşlarımızdan V. Vəliyev adlı
birisi not əlifbasından, ton və qammalardan
baş açmadığı üçün
bütün qammaları eyni tonda oxuyur,
do-dan si-yədək notlarda oxuduğuiu
güman edərək, tədricən səsini
yüksəldirdi. O qədər cəhd
göstərirdi ki, si notunda artıq səsi
xırıldamağa başlayırdı.
Müəllim ona nə qədər izah
edirdisə, başa sala bilmirdi ki, iş
səsə güç verməkdə deyil,
mahnının tonunu qaldırmaqdadır...
Oxumaq,
Avropa musiqi alətlərində çalmaq,
orkestrlərdə iştirak etmək və
arabir Tiflisə gedib opera tamaşalarına
baxmaq Avropa musiqisini, onun nəzəriyyə
və praktikasını mənimsəməkdə
bizim üçün ilk təcrübə
məktəbi oldu.
Şərq musiqisi və oxumağı
sahəsində isə yoldaşlarımız
arasında Üzeyir ən bilici və gözəl
ifaçı idi.
Bayram
axşamlarında, bazar günlərində
tələbkar seminariya rəhbərləri
bizi bir neçə saatlığa şəhər
kənarına gəzməyə buraxdığı
zaman azərbaycanlı dostlar və həmyerlilər
Üzeyirin və yaxşı muğamat
ifaçısı olan Balabəy Məmmədbəyovun
oxumasından böyük zövq alırdılar.
Seminariyada
təhsilimizin son illərində, məşğələlərdən
kənar saatlarda, yemək salonunda Üzeyir
yaxın yoldaşlarının iştirakı
ilə «Şəbi-hicran» havasını
xorla oxumağa sə'y göstərirdi.
Pis alınmırdı və bu iş yoldaşlarının
çox xoşuna gəlirdi. Sonralar «Şəbi-hicran»dan
Üzeyir Hacıbəyov «Leyli və Məcnun»
operasının müqəddiməsində
istifadə etmişdir.
Üzeyirə,
Müslümə və yoldaşlarımızdan
bə'zilərinə qış və yaz
tə'tillərində evə getmək
həmişə müyəssər olmurdu.
Belə vaxtlarda onlar pansionatda qalırdılar.
Bə'zən bir neçə günlüyə
Tiflisə mənim yanıma gəlirdilər.
Gələndə,
əlbəttə, skripkalarını da
özləri ilə gətirirdilər və
biz günlərimizi çox şən keçirirdik.
Operalardan duetlər, triolar və ayrı-ayrı
parçalar bir-birini əvəz edirdi. Operaya
getmək bizim üçün ən böyük
sevinc olurdu. Tamaşa bizə ləzzət
verir, həyəcanlandırırdı.
Sonra uzun müddət opera tamaşasının
müxtəlif parçaları, ariyaların
ifası, aktyorların ustalığı
müzakirə edilirdi.
Operaya
belə gedişlərdən birində
aktrisa Qaşinskayanın Traviata rolunda çıxışı
bizə dərin tə'sir bağışladı.
Bunun üstündən xeyli illər keçəndən
sonra belə onu xatırlayıb vəcdə
gəlirdik.
Çox
zaman boş vaxtlarımızda ucadan kitab
oxuyur, təhlil edir, nə vaxt isə oxuduğumuz
kitablar haqqında söhbət aparırdıq.
Bu sahədə böyük mübahisələrimiz
də olurdu. Biz rus və Qərbi Avropa
klassiklərinin çox əsərlərini
oxumuşduq, özü də həmin əsərləri
növbə ilə ucadan, ifadəli oxumaq
sənətində bir-birimizi ötməyə
çalışırdıq.
Üzeyir
daha çox Qoqolla, onun yumoru ilə maraqlanırdı.
Ümumiyyətlə yumor Üzeyirə
xas idi və hələ seminariya illərində
özünü büruzə verirdi. Qori
seminariyasında təhsilimizin son illərində
yazdığı yumoristik şe'r uzun müddət
gülüş və zarafat mənbəyinə
çevrilmişdi.
Şe'rin
yazılmasına aşağıdakı
hadisə səbəb olmuşdu: yuxarı
sinif şagirdi olduğumuz zaman artıq
ikinci sinifdən seminariya nəzdindəki
ibtidai məktəbə təhkim edilmişdik.
Burada biz az yaşlı uşaqlarla tərbiyəvi
iş aparmalı, geri qalanlara kömək
etməli, müəllimin nəzarəti
altında ümumqrup məşğələləri
keçirməli, məktəbdə növbə
çəkməli idik və s...
Bir
dəfə bizim tatar şö'bəsinin
çox xəsis olan inspektoru şagirdlərin
başını qırxdırmaq haqqına
qənaət etmək məqsədilə
(biz şəhər bərbərxanasında
məktəbin hesabına başımızı
qırxdırırdıq) evini axtarıb,
paslanmış bir dəllək maşını
tapdı. Onu mənə verib dedi ki, bununla
uşaqların saçını qırxım.
O vaxtadək heç zaman baş qırxmaqla
məşğul olmamışdım. Buna
baxmayaraq, intizamlı bir şagird kimi ciddi
vəziyyət alıb, mənə verilən
tapşırığı yerinə yetirməyə
başladım. Uşaqların öz iştirakı
ilə sadə «dəlləkxana» düzəldib,
işə girişdim.
Paslanmış
maşın işləmək istəmirdi.
Tükləri tutub saxlayır, qırxmır
və geri də buraxmırdı. Çox
sə'y göstərməyimə baxmayaraq,
bir uşağın belə başı
nı qırxa bilmədim. Lənətə gəlmiş maşın cırıldayır, tükləri əzib dartır, zavallı uşaq isə ağrıdan inildəyirdi. Maşını uşağın tükündən birtəhər qoparan kimi, uşaq əlimdən çıxıb, qışqıra-qışqıra həyətə qaçırdı.
Xülasə,
bu qayda ilə bir neçə uşağın
başını korlayıb, mənim işimi
maraqla izləyən yoldaşlarımın
gülüşü altında inspektorun
yanına gedib dedim ki, uşaqlardan bir neçəsinin
başını korlamışam və
onların arasında hörmətdən
düşmüşəm. İnspektor
uşaqların saçlarını düzəltmək
üçün onları şəhər
bərbərxanasına göndərməli
oldu.
Çoxlu
gülüşə və zarafata səbəb
olan bu hadisə Üzeyirin yumoristik şe'ri
üçün mövzuya çevrildi. Şe'r
yoldaşlarımız arasında böyük
rəğbət qazandı. Azərbaycanca
yazılmış bu şe'r yadımda,
təəssüf ki, bütövlüklə
qalmayıb. İlk sətirlərini xatırlayıram:
Ülgücü
verdi Məmməd Əliyə ol kafir,
Dedi:
— Get uşaqları bir-bir çağır:
Qırxginən başlarını, ol bizə
parikmaxir,
Yaz adını o kəsin, gör desə
aman olmaz.
Seminariyada
təhsil illəri sona çatırdı.
Bizim sinfin şagirdləri əvvəldən
axıradək yaxşı oxumuşdular.
Qabaqcıl şagirdlərin ön sırasında
Üzeyir və Zülfüqar Hacıbəyovlar,
Müslüm Maqomayev, Azad Əmirov gedirdilər.
Mən də onlardan geri qalmırdım.
Sinif jurnallarında adımız əvvəldə
yazılırdı (seminariyada qəbul
edilmiş qaydaya görə şagirdlərin
familiyası jurnalda əlifbaya görə
yox, ə'laçı olduqlarına görə
yazılırdı).
Buraxılış
mərasimində seminariya direktoru bizim sinif
haqqında tə'rifli sözlər deyib
bildirdi ki, müəllim seminariyalarında
işlədiyi uzun illər ərzində
ilk dəfədir belə qüvvətli,
həm nəzəri, həm də praktiki
cəhətdən yaxşı hazırlıqlı
gənc müəllimlər dəstəsi
buraxır.
1904-cü
il iyunun əvvəllərində biz Zaqafqaziya
müəllimlər seminariyası ilə
vidalaşıb evlərimizə qayıtdıq
və tə'yinat aldığımız
xalq məktəblərinə işləməyə
getdik.
1906-cı
ildə Bakıda Üzeyirlə yenidən
görüşdüm və uzun illər
boyu davam edən dostluğumuz başladı.
Xüsusilə 1907—1908-ci illərdə,
Üzeyir «Leyli və Məcnun» operasını
yazmağa başlayanda daha tez-tez görüşürdük.
Azərbaycan
operası yaratmaq və onu səhnəyə
qoymaq ideyası o zaman o qədər də
çox olmayan Azərbaycan ziyalıları,
xüsusən gənclər arasında
(şübhəsiz ki, Üzeyirin keçmiş
məktəb yoldaşları olan dostları
arasında) görünməmiş böyük
marağa səbəb oldu. Hər kəs
ona bacardığı köməyi etməyə
hazır idi. Mən skripkada pis çalmırdım,
operanın artıq hazır hissələrini
yoxlamaqda, həmçinin xor nömrələrinin
öyrənilməsində ona kömək
edirdim.
İlk
Azərbaycan operasını tamaşaya
qoymaq üçün o zaman nə artist,
nə də professional musiqiçilər
var idi. Musiqiçi tapılanda da vəsait,
pul olmurdu.
Beləliklə,
operanı yenicə fəaliyyətə
başlayan gənc həvəskar artistlər
Hüseyn Ərəblinski, Hüseynqulu
Sarabski, Hənəfi Terequlov və o zamanadək
heç vaxt səhnədə çıxış
etməmiş gənclərin iştirakı
ilə tamaşa qoymalıydıq.
Orkestrin
hey'əti əsasən birtəhər skripkada
çalmağı bacaran keçmiş seminaristlərdən
və Qurban Pirimovun başçılığı
ilə Şərq alətlərində
çalan musiqiçilərdən ibarət
idi. Mənə birinci skripka çalmaq şərəfi
nəsib olmuşdu.
Operanın
tamaşasına hazırlıq işləri
(rolların öyrənilməsi, xorun və
orkestrin məşqləri) əvvəl
ayrı-ayrı parçalarla, sonra isə
bütöv pərdələrlə «İslamiyyə»
mehmanxanası nömrələrinin birində
keçirildi. Çox vaxt günortadan sonra
xor oxuyanlar, musiqiçilər və solo
nömrələrinin ifaçıları
buraya toplaşırdılar.
Bə'zən
toplaşanların hamısı bir otağa
yerləşmirdi. Onda mehmanxana sahibindən
ikinci nömrəni də xahiş etməli
olurduq.
İş
çox, özü də çətin idi,
əsəb tələb edirdi, xüsusən
Üzeyir üçün. Lakin o, həmişə
olduğu kimi, həyəcanlanmadan, tələsmədən,
ona xas təmkinlə işi yoluna qoyurdu,
tamaşanın iştirakçıları
da öz rollarını gündən-günə
təkmilləşdirirdilər.
Tədricən
hər kəsin yeri müəyyənləşirdi—kim
hansı işi görməlidir. Rejissorluq
Hüseyn Ərəblinskiyə, dirijorluq
isə yazıçı-dramaturq Əbdürrəhimbəy
Haqverdiyevə həvalə edilmişdi.
Səhnədə və orkestrdə ümumi
rəhbərliyi Üzeyir öz öhdəsinə
götürmüşdü.
Azərbaycan
dilində yeni operanın tamaşaya hazırlandığından
xəbər tutan bakılılar böyük
maraq və səbirsizliklə ilk tamaşanı
gözləyirdilər. Biz isə bu böyük
hadisəyə həyəcanla hazırlaşır
və operanın camaat tərəfindən
necə qarşılanacağını
öyrənməyə tələsirdik.
Nəhayət
çoxdan gözlədiyimiz gün gəlib
çatdı. 1908-ci il yanvarın 12-də
«Leyli və Məcnun» operasının tamaşasını
bildirən afişalar Bakıda göründü.
Tağıyev
teatrının kassası önünə
çoxlu adam toplanmışdı. Biletlər
dərhal alındı.
Axşam
ağzınadək dolu olan salonda tamaşa
başlandı. Tamaşanın həvəskar
iştirakçılarının böyük
qorxu və həyəcanla öz rollarını
ifa etməsinə, musiqiçilərin isə
vəziyyətdən birtəhər çıxmasına
baxmayaraq, tamamilə yeni musiqi əsəri
olan bu opera tamaşaçılar tərəfindən
hərarətlə qarşılandı.
Gurultulu alqışların, müəllifin
və baş rolları oynayan artistlərin
dönə-dönə səhnəyə
çağırılmasının, çiçəklər
təqdim edilməsinin sonu yox idi.
Azərbaycan
xalqı Sovet hakimiyyəti illərində
görünməmiş dərəcədə
inkişaf edib çiçəklənmiş
Azərbaycan musiqi incəsənətinin
gələcək inkişafının
təməlini qoymuş ilk böyük
milli musiqi əsərinin yaranmasını
bayram edirdi.
1945