Səliqəli,
eynəyin şüşəsi arxasından
baxan ciddi və xeyirxah gözləri olan,
çox həssas, fikirləri və hərəkətləri
büllur kimi sadə və təmiz bir
insan—«Koroğlu» operasının yaradıcısını
mən belə xatırlayıram. Mən
Ü.Hacıbəyov kimi öz yaradıcılığına
və onun fikirlərinin həyata keçməsinə
kömək edən şəxslərə
belə həssas münasibət bəsləyən
adamlara heç zaman rast gəlməmişəm.
Yaxşı xatirimdədir, operanın hər
pərdəsindən sonra Üzeyirbəy
səhnə arxasına gəlib, xüsusilə
fərqlənmiş artistlərə təşəkkürünü
bildirir, bə'zilərinə məsləhətlər
verirdi. Hər bir aktyor üçün bu
insanın tə'rifindən böyük
hədiyyə ola bilməzdi. Bir də görürdün
müğənni öz ariyasını
oxuyub qurtarandan sonra salonda gurultulu alqışlar
qopur, amma o, sağ tərəfdəki lojaya
baxır—orada müəllif oturmuşdur,
görəsən, o əl çalırmı?
Üzeyir
Hacıbəyov müxtəlif xarakterli
adamları belə özünə cəlb
edə bilirdi. Təsadüfi deyil ki, onun
yaratdığı əsərin ətrafına
ən yaxşı yaradıcı qüvvələr
toplanmışdı. Tamaşanın quruluşçusu
gözəl rejissor İsmayıl Hidayətzadə
idi. Qeyri-adi iste'dada, tükənməz
yaradıcılıq fantaziyasına malik
olan bu şəxs aktyorları öz ardınca
apara bilmiş, obrazlardakı ən qiymətli
cəhətləri axtarıb tapmaqda kömək
etmişdi. Tamaşanın bədii tərtibatını
çox iste'dadlı gənc rəssam Rüstəm
Mustafayev M. Sagiyanla əməkdaşlıq
şəraitində vermişdi. Lakin, şübhəsiz,
tamaşanın müvəffəqiyyətini
Bülbül tə'min etdi. Bu rol məxsusən
onun üçün yazılmışdı.
Əgər Üzeyir Hacıbəyov öz
əsəri ilə musiqidə bütöv
bir dövrdüsə, Bülbül respublikamızın
vokal incəsənətində bir dövr
təşkil edir.
Amma
bəstəkarla rejissor əldə edilənlə
kifayətlənməyərək, yeni səslər,
yeni aktyor axtarışını davam etdirirdilər.
Belə «tapıntılar» arasında mən
də vardım. Mən lap ilk tamaşadan
bu əsərdə iştirak etmişəm,
əvvəlcə xorun hey'ətində,
sonra carçı rolunda. Yavaş-yavaş
Həsən xan rolunu hazırlayıb, bə'zi
ariyaları Hidayətzadəyə nümayiş
etdirməyi qərara aldım. O, məni
dinlədikdən sonra dərhal xoşladı
və mənimlə məşq etməyə
başladı. Bir dəfə Üzeyirbəyə
dedi ki, ona bir sürpriz hazırlayıb
— yeni gənc Həsən xanı göstərmək
istəyir. Tezliklə bu partiyanı mənə
tapşırdılar, bu, mənim repertuarımda
ən sevimli partiya oldu.
Musiqi
xəzinəmizin görkəmli incisi —
«Koroğlu» operası ilə təmasda
olanlardan kimdən soruşsanız, cavab
verər ki, bu əsərə əbədi
məftun olub. Tamaşanın ilk ifaçıları
Xanlar Haqverdiyev, Əlövsət Sadıqov,
Hacıbala Hüseynov, Qulam Isgəndərov,
Əli Zülalov, Böyükağa Mustafayev,
Məhbubə Paşayeva və başqaları
kimi aktyor nəsli bütün həyatları
boyu bu əsərə məhəbbət
bəsləmişlər.
Səhnədə
ilk addımlarını atan müğənnilər
bu əsər haqqında gəncliyə
xas vəcdlə danışırlar. Müxtəlif
millətlərə mənsub dinləyicilərdə
də bu opera böyük ehtiram hissi doğurur.
Moskvada Azərbaycan incəsənəti
və ədəbiyyatının birinci
ongünlüyü zamanı dünyanın
ən yaxşı teatrlarından biri—SSRİ
Böyük teatrının salonunda divarları
titrədən gurultulu alqışları
heç zaman unuda bilmirəm. Mənə
elə gəlir ki, əvvəllər olduğu
kimi, indi də hər tamaşada Üzeyir
Hacıbəyov salondadır. Belə şəxslərin
həyatı əsrlərlə davam edir.
1962