Üzeyir
Hacıbəyovun adını ilk dəfə
mən 1925— 1926-cı illərdə eşitmişəm.
O zaman 11 —12 yaşım olardı; Nuxa (indiki
Şəki) nümunə-təcrübə
məktəbində oxuyurdum. Bu, bir növ
internat tipli məktəb idi.
Böyük
musiqiçi, bəstəkar Üzeyir Hacıbəyov
haqqında mənə müəllimim İbad
Rəhmətullayev danışmışdı.
İbad müəllim Üzeyir Hacıbəyovun
Bakıda yenicə təşkil etdiyi musiqi
məktəbində tar sinfində oxumuşdu.
O zaman mənim musiqiyə böyük həvəsim
var idi. Üzeyir Hacıbəyovu görmək
arzusu ilə yaşayırdım; onun obrazı
daim xəyalımda əzəmətlə
ucalırdı, onun şagirdi olmağı
ürəkdən istəyirdim.
Tezliklə
bu arzuma çatdım.
1930-cu
ildə Azərbaycan Dövlət Konservatoriyası
hazırlıq şö'bəsinin (fəhlə
fakültəsinin) tələbəsi oldum.
Konservatoriyaya daxil olarkən məni Üzeyir
Hacıbəyov özü imtahan elədi
(qəbul komissiyasının sədri idi).
Həmin gün böyük musiqiçi
ilə şəxsi tanışlıqdan
nə dərəcədə sevindiyimi izhar
edə bilmirəm.
Yaşımın
çox olmasına baxmayaraq (16 yaş musiqi
ilə məşğul olmağa başlamaq
üçün, təbii ki, çox idi),
Üzeyir Hacıbəyov xahişimi nəzərə
alaraq, məni skripka sinfinə qəbul
etdi.
Bir
qədər sonra Üzeyir Hacıbəyova
mə'lum oldu ki, mən tar da çala bilirəm.
Məni dinlədikdən sonra (dinləyişdə
Qurban Pirimov, Mansur Mansurov, doktor İonesyan
da iştirak edirdilər) mənə məsləhət
gördü ki, tar sinfindəki məşğələlərə
də gedim. Tar çalmağım Üzeyir
Hacıbəyovun elə xoşuna gəlmişdi
ki, məni hətta respublikanın rayonlarına
gedən konsert briqadalarının tərkibinə
də daxil etdi.
Sonralar,
tarix-nəzəriyyə fakültəsində
oxuyarkən Üzeyir Hcıbəyovdan Azərbaycan
xalq musiqisinin əsaslarını öyrəndim.
Hacıbəyov həmişə sə'y
edirdi ki, onun məşğələləri
yaradıcılıq xarakteri daşısın.
Bu məqsədlə Azərbaycan xalq musiqisinin
qanunlarını və üslub xüsusiyyətlərini
daha yaxşı mənimsəməkdən
ötrü tələbələri məcbur
edirdi ki, Azərbaycan məqamları üstündə
ciddi üslubda müxtəlif melodiyalar
bəstələsinlər.
Konservatoriyanı
bitirən zaman mənə «Koroğlu» operasına
həsr olunmuş diplom işi yazmaq şərəfi
nəsib oldu. Üzeyir Hacıbəyov vaxtının
az olmasına baxmayaraq, işimi yazmaq üçün
həmişə mənə lazımi məsləhətlər
verirdi.
1946-cı
ildə, Böyük Vətən müharibəsi
qələbəmizlə başa çatdıqdan
sonra Üzeyir Hacıbəyovun təşəbbüsü
ilə (o, Mərkəzi Ordu Qərargahının
komandiri, Sovet İttifaqı marşalı
İ. S. Konevə məktub göndərmişdi)
mən ordudan tərxis olundum və vətənə
qayıtdım.
Üzeyir
Hacıbəyov atalıq qayğısı
göstərərək, məni Azərbaycan
SSR Elmlər Akademiyasında özü
rəhbərlik etdiyi incəsənət
institutuna işə qəbul etdi. Onun rəhbərliyi
ilə işləyən, hələ o
zaman gənc olan biz şagirdləri bütün
qüvvəmiz və səyimizlə Azərbaycan
xalq musiqisi, onun tarixini və nəzəriyyəsini
dərindən öyrənib tədqiq edirdik.
İndi
qeyd etməyi lazım bilirəm ki, dahi
bəstəkarın elmi-tədqiqat əsəri
olan «Azərbaycan xalq musiqisinin əsasları»
əsərini Azərbaycan dilinə tərcümə
etmək şərəfi mənə nəsib
olmuşdur. Bu kitab Azərbaycan xalq musiqisinin
xüsusiyyətlərini öyrənmək
üçün son dərəcə qiymətli
bir əsərdir.
Azərbaycan
xalq musiqi sahəsində Üzeyir Hacıbəyovun
elmi-tədqiqat ən'ənələrini
davam və inkişaf etdirmək ona çox-çox
borclu olan hər bir kəsin işidir.
1975
Ədilə
Hüseynzadə
Qayğıkeş ata
Tarixdə
yaranan nadir şəxsiyyətlər arasında
Üzeyir Hacıbəyov da xüsusi yer
tutur. O bir ata kimi saysız-hesabsız Azərbaycan
balalarının əlindən tutub, onlara
musiqi savadı verib, xalqımızın
tükənməz musiqi xəzinəsinin
incilərindən istifadə etməyi öyrədib.
Mən özümü çox xoşbəxt
sayıram ki, belə bir müəllimin
tələbəsi, «Azərbaycan xalq musiqisinin
əsasları» fənnini Üzeyirbəyin
sinfində ilk dəfə dinləyənlər
sırasında olmuşam. Həftədə
iki dəfə Üzeyirbəy bu fənni
mühazirə şəklində qrupda
oxuyar, aydınlaşdırardı. Min illərlə
ömrü olan bu muğamların Üzeyirbəy
tərəfindən, 20 illik axtarışı,
zəhməti nəticəsində aşkara
çıxarılmış bu qanunauyğunluğu
bizi valeh edərdi. Üzeyirbəy tələbələrin
muğamları daha dərindən mənimsəməsi
üçün xalqımızın məşhur
tarzəni Mirzə Mənsuru konservatoriyaya
də'vət etdi. Mirzə Mənsur muğamları
tarda çaldıqca, biz tələsik notlara
köçürür, həm də royalda
çalmağı öyrənirdik. Beləliklə,
bir muğamın nəzəriyyəsini
çalmağını öyrənəndən
sonra Üzeyirbəy tək-tək tələbələrlə
bəstəkarlıq dərsləri keçirdi.
Bu dərslər çox maraqlı olurdu.
Öyrəndiyimiz muğam üzərində
əsərlər bəstələməli
idik. Əvvəllər kiçik fortepiano
pyesləri, sonralar isə sonatina, sonata,
vokal əsərləri bəstələdik.
Yadımdadır, Üzeyirbəy dərslərin
birində mənə Nigar Rəfibəylinin
sual-cavab şəklində yazılmış
bir şerini verdi və tapşırdı
ki, suallar bir muğamda bəstələnməli,
cavablar isə başqa-başqa muğamlara
modulyasiya edilməlidir. Dedi ki, birinci bəndin
sual və cavabını Segahda, ikinci bəndin
cavabını Bayatı-Şırazda,
üçüncü bəndin cavabını
isə Rast muğamında bəstələyim.
Mən çox çalışdım və
əsəri qurtarıb Üzeyirbəyə
göstərdim. Üzeyirbəy elə
mənim yanımdaca Bülbülə zəng
vurub, bu əsəri — «Vətən haqqında
nəğmə»ni oxumasını xahiş
etdi, beləliklə, əsər çox
konsertlərdə, ongünlükdə
səsləndi.
Azərbaycan
muğamları əsasında musiqi bəstələməyi
ustad böyük məharətlə öz
tələbələrinə aşılamışdır,
elə buna görə də ondan dərs
alan bəstəkarlar xalqımızın
milli musiqisindən bacarıqla istifadə
edirlər.
Qayğıkeş
ata Üzeyirbəyə biz tələbələr
«Üzeyir əmi» deyə müraciət
edərdik. Üzeyir əmi böyük
insanlara xas olan sadəliyi, nəvazişkarlığı,
bə'zən hətta sərt rəftarı,
fəqət prinsipiallığı ilə
gözlərim önündə durur.
1975