Üzeyir
Hacıbəyov bütün yaradıcılığı
boyu öz xalqının musiqi maarifi və
təhsilinin əsil ilhamçısı
və təşkilatçısı olmuşdur.
O, 1921—1922-ci illərdə ilk Azərbaycan
musiqi texnikumunu yaratmışdır. Texnikumun
yetişdirmələri əsasən Azərbaycanın
milli kadrları idi. Ü. Hacıbəyovun
təşəbbüsü ilə tezliklə
bu texnikum əsasında Azərbaycan Dövlət
Konservatoriyası təşkil edildi və
sonralar o, Azərbaycanın musiqi mərkəzinə
çevrildi.
Üzeyir
Hacıbəyovun rəhbərliyi ilə
Azərbaycan Dövlət Konservatoriyası,
daha sonra onun əsas «ehtiyat qüvvəsi»
olan konservatoriya nəzdindəki onillik musiqi
məktəbi və Azərbaycan Dövlət
Musiqi Texnikumu milli bəstəkar, nəzəriyyəçi,
dirijor, ifaçı hazırlayan təhsil
ocaqları oldu.
Azərbaycan
musiqi sənətinin demək olar ki, bütün
müasir xadimləri həmin konservatoriyada
tərbiyə almış, bu və ya digər
dərəcədə onun fəaliyyəti
ilə bağlı olmuşdur. İlk illərdə
konservatoriyanın ancaq fortepiano və vokal
fakültələri vardısa, sonralar
bütün musiqi ixtisasları üzrə
fakültələr yaradılmışdı.
Üzeyir
Hacıbəyov həmişə arzu edirdi
ki, Azərbaycan Dövlət Konservatoriyasında
musiqi təhsili elə səviyyəyə
qalxsın ki, o, Moskva və Leninqrad konservatoriyaları
ilə bir cərgədə dura bilsin.
Dahi
bəstəkar özünün pedaqoji
işində dərindən dərk və
hiss etdiyi realist xalq incəsənətinin
prinsiplərinə əsaslanırdı.
Formalist musiqiyə, incəsənətə
bayağı, səthi, zahiri münasibətə
nifrət bəsləyən Üzeyir Hacıbəyov
rus klassiklərindən M. Qlinkanın, A.
Borodinin, M. Musorqskinin, P. Çaykovskinin,
A. Rubinşteynin əsərlərinin əzəməti
qarşısında səcdə edirdi.
Onların əsərlərindəki melodik
zənginlik, forma zərifliyi bəstəkarda
rəğbət hissi doğururdu, O, Qərbi
Avropa musiqisinin ən yaxşı nümunələrini
də yüksək qiymətləndirirdi.
Üzeyir
Hacıbəyovu hər hansı formalist
əsərin «gözəlliyinə» inandırmaq
istəyəndə o, gülür və
qısaca deyirdi: «Mən Çaykovskiniüstün
tuturam» və əlavə edirdi: «Musiqini
elə yazmaq lazımdır ki, onu zövqü
korlanmış bir qrup adam deyil, bütün
xalq başa düşsün».
Ü. Hacıbəyovun musiqi əsərlərinə
qiymət vermək məsələsindəki
prinsipiallığı hər bir şəxsdə
onun musiqiyə sadə və inandırıcı
münasibətinə hörmət doğururdu.
Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq
fakültəsində onun musiqi yaradıcılığında
sadəliyə, xəlqiliyə, realizmə
çağıran gur səsi dəfələrlə
eşidilirdi. Qərbin müasir düşkün
incəsənətinə qarşı Üzeyir
Hacıbəyovun nifrəti onun sağlam
mə'nəviyyatının parlaq təzahürü
idi. O, xalqa yad «incəsənət»lə
heç cür barışa bilmirdi.
Üzeyir
Hacıbəyov yetişdirmələrinə
inadla işləməyi təlqin edirdi.
Gələcək bəstəkar, dirijor,
nəzəriyyəçi üçün
vacib olan polifoniya, orkerstrovka, partitura oxumaq
kimi biliklərin zəruriliyinə biganə
baxan adamları qəzəblə qamçılayırdı.
O, dönə-dönə təkrar edirdi
ki, bizə yarımçıq musiqiçilər
deyil, dərin biliyə malik yetkin musiqiçilər
lazımdır.
Üzeyir
Hacıbəyov tələbənin təhsil
sistemində fortepianoya xüsusi əhəmiyyət
verir və buna görə də ümumi
fortepiano sinfinə böyük diqqət
yetirirdi. 0, bu sinifdə musiqiçinin daha
düzgün inkişaf yolunu göstərir,
musiqi ədəbiyyatının mümkün
qədər çox nümunələri
ilə tanış olmasına çalışırdı.
Üzeyir
Hacıbəyov canlı, maraqlı dərs
demək tərəfdarı idi. Müəllim
tələbələrin onun mühazirəsinə
pis gəldiklərindən şikayət
etsəydi, Ü. Hacıbəyov gülumsəyib
şikayətçiyə baxar və deyərdi:
«Siz əminsinizmi ki, Sizin mühazirələrə
pis davam etməkdə təkcə tələbələr
günahkardırlar?» Belə söhbətdən
sonra müəllim öz metodik prinsiplərini
nəzərdən keçirir, öz nöqsanlarını
tapır və direktorun dediyi sözlərdə
nəyə işarə edildiyini başa
düşürdü.
Konservatoriyada
nəzəri musiqi tahsilinin səviyyəsinin
xeyli yüksəlməsi, nəzəri-bəstəkarlıq
fakültəsi planının tədricən
yığcamlaşdırılması Üzeyir
Hacıbəyovun ciddi nəzarətinin
bilavasitə nəticəsi hesab edilməlidir.
Azərbaycan
xalq ladları dərsini deyən Hacıbəyov
bu sahədə bütün tələbələrə
Azərbaycan xalq musiqisinin əsaslarını
başa salmağa çalışırdı.
Üzeyir Hacıbəyov konservatoriyada elmi-tədqiqat
və metodiki tədris işlərinin genişləndirilməsinə
də böyük diqqət verirdi. Burada
metodiki tədris və elmi-tədqiqat işlərinin
mərkəzinə çevrilmiş kafedra
təşkil olunduqdan sonra bu iş ciddi
planla aparılır, Konservatoriyanın
pedaqoji hey'əti qarşısında tədris
prosesinin keyfiyyətini yüksəltmək,
metodiki problemləri işləmək,
elmi-tədqiqat işləri aparmaq, professor-müəllim
hey'ətinin bilik səviyyəsini yüksəltmək
kimi ciddi məsələlər dururdu.
Bütün bu işlər bilavasitə
Üzeyir Hacıbəyovun rəhbərliyi
ilə görülürdü.
Azərbaycan
musiqi mədəniyyəti, rus klassiklərinin
yaradıcılığı haqqında
hər bir yaxşı iş Üzeyir Hacıbəyovun
rəğbət və hörmətini
qazanırdı. O, musiqi ifaçılığının
nəzəriyyə və metodikası,
yaradıcılıq prosesinin mahiyyəti,
musiqi hafizəsi məsələləri,
üslub xüsusiyyətlərinin açılması
kimi əlaqədar problemləri alqışlayırdı.
Bunun əksinə, hay-küyçü,
sün'i adlar pərdəsi altında gizlənən
yalançı elm ona yad və yabançı
idi.
Üzeyir
Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti
tarixinə aid dərslik yaratmaq probleminə
böyük diqqət yetirirdi. Yalnız
ağır xəstəlik Azərbaycan
Dövlət Konservatoriyasına həvalə
edilmiş bu böyük və mühüm
işə rəhbərlik etməyə
ona mane oldu.
Elmi-tədqiqat
işinə Üzeyir Hacıbəyovun
göstərdiyi qayğı Azərbaycan
Dövlət Konservatoriyasında bir sıra
qiymətli əsərlərin yaranmasına
gətirib çıxardı. Azərbaycan
musiqi tarixi ilə əlaqədar tədqiqat
məsələləri sahəsində
göstərilən cəhdlərin mərkəzləşdirilməsi
üçün bəstəkar Azərbaycan
SSR Elmlər Akademiyasının Azərbaycan
incəsənəti institutu ilə konservatoriyanın
sıx əlaqədə olmasına çalışırdı.
Üzeyir
Hacıbəyov elmi-tədqiqat işlərinin
genişləndirilməsinə rəhbərliyi
zamanı gənc milli kadrların cəsarətlə
irəli çəkilməsini zəruri
hesab edirdi. O, elmi-tədqiqat işi ilə
məşğul olmayan ali musiqi məktəbi
müəllimini təsəvvürünə
gətirə bilmir və konservatoriyanın
hər bir işçisi qarşısında
vəzifə qoyurdu ki, hamı özünü
əsil elmi ümumiləşdirmələr
aparan şəxs səviyyəsinə qaldırsın.
Tədris
prosesinin metodologiyası, müəllim
və tələbələrin tərbiyəsi
məsələlərinə də Üzeyir
Hacıbəyov marksist-leninçi nəzəriyyə
baxımından böyük əhəmiyyət
verirdi. O, musiqiçi şüurunun formalaşmasında
bu faktorun mühüm olduğunu müəllim
hey'ətinin nəzərinə həmişə
çatdırırdı. Dəfələrlə
qeyd edirdi ki, Sovet konservatoriyası siyasətdən
kənar şəxslər deyil, siyasi cəhətdən
yetkin və hazırlıqlı sovet mütəxəssisi,
sovet musiqiçisi hazırlamalıdır.
Hacıbəyovun bu mövzuya həsr olunmuş
çıxışlarında belə bir
fikir özünu aydın göstərirdi
ki, musiqi böyük Lenin partiyasının
rəhbərliyi ilə bütün sovet
xalqılın sosializm həqiqətini
həyata keçirmək uğrunda apardığı
böyük mübarizənin bir hissəsidir.
Musiqi təhsilinin məqsəd və vəzifələrinə
Üzeyir Hacıbəyovun bu partiyalı
münasibəti onun bütün pedaqoji
göstərişlərinə inandırıcılıq
qüvvəsi verirdi.
Üzeyir
Hacıbəyov heç zaman tələbələri,
onların şəxsiyyətini unutmurdu.
Bədii şuranın iclaslarında hər
tələbənin şəxsi keyfiyyətləri
üzərində dayanır, onun bir mütəxəssis
kimi gələcəyini ətraflı şərh
etməyə çalışırdı.
Musiqiçinin şəxsiyyətinə
belə münasibət konservatoriya mə'zunlarına
onun necə ciddi yanaşdığını
göstərirdi.
Üzeyir
Hacıbəyovun rəhbərliyi ilə
Azərbaycan Dövlət Konservatoriyası
konsert fəaliyyətini də xeyli genişləndirmişdi.
Musiqi təhsili prosesinin ümumi inkişafı
ilə əlaqədar olaraq bu konsertlərin
bədii səviyyəsi xeyli yüksəlmiş,
onların ictimai əks-sədası isə
məktəbin hüdudlarından çox-çox
uzaqlara yayılmışdı. Konservatoriya
konsertləri dinləyiciləri dünya
musiqi ədəbiyyatının ən yaxşı
nümunələri ilə tanış
edir və Bakının musiqi həyatının
ən böyük faktorlarından birinə
çevrilirdi. Azərbaycan Dövlət
Konservatoriyası yetişdirmələrinin
Moskvada, Leninqradda və Bakıda keçirilən
ifaçılıq müsabiqələrində
iştirakını Ü. Hacıbəyov
vacib sayır və bütün bu müsabiqələrin
münsiflər hey'ətinə ya başçılıq
edir, ya da onların tərkibinə daxil
olurdu. Müsabiqə iştirakçılarının
müvəffəqiyyəti, onların paytaxtın
musiqi ictimaiyyəti tərəfindən
qiymətləndirilməsi Ü. Hacıbəyov
üçün ən yüksək mükafat
idi.
Ü.
Hacıbəyov ifaçılıq kafedralarında
repertuarın genişləndirilməsini,
yeni repertuar yaradılmasını və
buraya hökmən Azarbaycan mövzularının
daxil edilməsini tələb edirdi. Fortepiano
kafedrasının təşəbbüsü
ilə düzəldilmiş Azərbaycan
mövzularında transkripsiyalara o, qızğın
tərəfdar idi və bu təşəbbüsü
alqışlayırdı.
Ü.
Hacıbəyovun konservatoriyaya rəhbərliyi
dövründə orkestr, xor, kamera sinifləri
kimi qiymətli kollektiv yaradılmışdı
ki, bu da tələbələrin professional
hazırlığı işinin yaxşılaşdırılmasına
sabəb olurdu.
Bəstəkar
vokal təhsili məsələlərinə
xüsusi diqqət yetirirdi. Bu sahəni
konservatoriyada ən mühüm sahələrdən
hesab edərək, fitri iste'dadı olan
gənclərin oxuması üçün
şərait yaradırdı.
Böyük
Vətən müharibəsi dövründə
konservatoriyanın apardığı böyük
hərbi-hamilik işində Ü. Hacıbəyovun
rəhbərliyini xüsusilə qeyd etmək
lazımdır. O, hərbi xəstəxanalarda,
Sovet Ordusu və donanması hissələrində
çıxış edən pedaqoji hey'ətin
və tələbələrin proqramları
ilə şəxsən maraqlanır, lazımi
repertuarın diqqətlə seçilməsinə
nəzər yetirir, konservatoriyanın bu
xeyirxah işinə istiqamət verirdi.
Müharibə
dövründə Azarbaycan Dövlət
Konservatoriyası yaralılar və sağalmaqda
olan döyüşçülər üçün
mindən artıq konsert vermişdi. Konservatoriyada
Üzeyir Hacıbəyovun təşkilatçılıq
işindən danışarkən, onun
şəxsi keyfiyyətləri barədə
də bir neçə kəlmə demək
vacibdir.
Üzeyir
Hacıbəyovun konservatoriyanın direktoru
vəzifəsində işləməsi
professor-müəllim hey'əti və tələbələr
tərəfindən çox mühüm
və əhəmiyyətli hadisə kimi
qiymətləndirilirdi. Yaradıcı sənətkar,
ilhamlı əsərlərin müəllifi
Ü. Hacıbəyovun şəxsiyyəti
çox yüksək idi. Bəstəkarın
yaradıcılığının çiçəkləndiyi
dövr onun konservatoriyadakı fəaliyyəti
ilə qırılmaz tellərlə bağlıdır.
«Koroğlu» operasının gözəl
musiqisi ilk dəfə konservatoriyada onun
kollektivi üçün səslənmişdir.
Üzeyir
Hacıbəyovun bir sənətkar, direktor
və böyük ictimai xadim kimi hörməti
Azərbaycan Dövlət Konservatoriyasının
akademik hey'ətini və tələbələrini
öz işlərinin keyfiyyətini yüksəltməyə
məcbur edirdi. Üzeyir Hacıbəyovun
səmimiyyətini və xeyirxahlığını
da buraya əlavə etmək vacibdir. Onun
humanizmi, ali zəkası, prinsipiallığı
onunla təmasda olan hər kəsdə
hüsn-rəğbət hissi oyadırdı.
Səpilmiş toxum bol cücərti vermişdir.
Böyük insan və sənətkar Üzeyir
Hacıbəyovun yetişdirdiyi musiqiçilər
nəsli incəsənətdə xəlqilik
və bədii həqiqət uğrunda
daim mübarizə aparır. Onlar öz
müəllimlərinin vəsiyyətlərini
qoruyub saxlayacaq və inkişaf etdirəcəklər.
1948