~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

28

Leyla Bədirbəyli
Mən Gülçöhrəni ürəkdən sevdim

1938-ci il. Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıq gedirdi. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti idim. Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədriydi. O, rəqqasələr üçün tikilmiş milli paltarların forma, naxış, biçim və bəzəyinə çox diqqət yetirir, hətta başımızdakı cütqabağının silsiləsini düzəldir, necə taxmaq lazım olduğunu da göstərir, fərəh və qürur hissi ilə Azərbaycan milli geyimlərinin gözəlliyindən danışır, milli xüsusiyyətlərinin qorunmasını tələb edirdi.

Ongünlüklə əlaqədar məşqlərin birində xorun rəhbəri və dirijoru Üzeyir Hacıbəyov xalq mahnısını oxuyan solisti, mahnıya başqa rəng verməyə çalışdığına görə, məşqi saxlayıb «A bala, nə eləyirsən? Mahnının atasını yandırırsan ki...» — deyə məzəmmət etdi. Solist çox tutuldu: «Mən mahnıya yeni forma, dirilik vermək istədim», — deyə cavab verdi. Üzeyir dedi: «Bu, xalq mahnısıdır. Özünün milli şirinliyi və gözəlliyi kifayət qədərdir. Musiqimizə inkişaf vacibdir. Lakin ona başqa don geydirəndə dözə bilmirəm».

Mən elə bir adam tanımıram ki, Üzeyir Hacıbəyova məftun olmasın. O, qeyri-adi, ülvi bir insandı. Hər şeydə və hər kəsdə yaxşılıq görənlər əbədilik qazanırlar. Üzeyir belə şəxsiyyətlərdəndir. Gözəllikdə çirkinlik, yaxşılıqda yamanlıq, işıqda qaranlıq axtaranlara qarşı amansız olurdu. Pak qəlbli, geniş ürəkli, qayğıkeş, təvazökar, səxavətli bir insan—mən onu həmişə belə xatırlayıram.

Zahirən çox ciddi görünən Üzeyirin incə bir yumoru da vardı. 1944-cü il Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə Azərbaycan incəsənət ustalarının müvəffəqiyyəti səs-səda salmışdı. Hamı sevinirdi; Üzeyir Hacıbəyov hamıdan artıq. Yekun konsertində artistlərimizi və mədəniyyət işçilərimizi tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Əlbəttə, bu alqışların çox hissəsi Üzeyirin payına düşürdü. Təsəvvürünüzə gətirə bilməzsiniz ki, o necə sıxılır, utanır, geri çəkilərək yoldaşlarını irəli verirdi. Üzeyirə qabaq sırada əyləşməsini təklif etdikdə o, bizi də yanına çağırtdırdı və: «Qızlar, elə əyləşin ki, gözümün qabağında olasınız. Bura Gürcüstandır, birdən sizi qaçırarlar», — deyib gülümsədi. Sevimli müğənnimiz Sara Qədimova ilə indi də bunu xatırlayıb gülürük.

Daha bir xatirə. 1945-ci il. «Arşın mal alan» musiqili komediyasının çəkilişinə hazırlıq gedirdi. Mən Gülçöhrə rolunda çəkiləcəkdim. Uzun müddətdi ki, konsertmeysterlə ariyaları öyrənirdim. Bu işə maestro Niyazi rəhbərlik edirdi. Bir gün hörmətli müəllimim və filmin quruluşçu rejissoru Rza Təhmasibdən xəbərsiz Üzeyirin evinə getdim. Hələ də bilmirəm niyə? Qapını bəstəkarın yaxın qohumu Tamara xanım açdı. Üzeyiri görmək istədiyimi bildirdim. Bir neçə dəqiqədən sonra işıqlı kabinetində, təmiz ağ köynəkdə kresloda əyləşmiş bəstəkar məni qəbul etdi. Nədən və necə başlamaq lazım gəldiyini unutmuşdum. Sanki hər şey başımdan uçub getmişdi. Birtəhər özümü ələ alıb dedim: «Mən Gülçöhrə roluna çəkiləcəyəm. Ona görə...» Yenə nitqim qurudu və heç bir şey əlavə edə bilmədim. O, mənə diqqətlə baxır, nə isə fikirləşir, adəti üzrə bığlarını tumarlayırdı. «Sənin çəkilməyinə e'tirazım yoxdur, amma, bilirsənmi, bu, rəqs deyil, kinoda obraz yaratmaqdır», — deyib susdu. Bir qədər sonra Gülçöhrəni necə görmək istədiyindən, Azərbaycan qızına xas keyfiyyətlərdən danışdı. Əlbəttə, obraz haqqında bu görüşə qədər rejissorla söhbətimiz çox olmuşdu. Bütün bunlara baxmayaraq, böyük bəstəkarla söhbətdən sonra özümdə xoş bir əhval duydum və özümə məndə daha möhkəm bir inam oyandı .Vidalaşarkən məni dəhlizə qədər ötürüb belə dedi: «Mən Gülçöhrəni çox sevirəm, istəyirəm ki, sən də onu ürəkdən sevəsən». Həqiqətən mən Gülçöhrəni ürəkdən sevdim.

1945

Ramazan Xəlilov
Iki dost, iki sənətkar


Zaman keçdikcə saralan qəzet vərəqləri...Onlar həyatın müxtəlif sahələrindəki nə qədər maraqlı hadisələri əks etdirmiş, nə qədər həyəcanlı xəbərlər vermişdir! Üzeyir Hacıbəyovun arxivini qaydaya salarkən, ona həsr olunmuş bütöv qəzet səhifələri, məqalələr, materiallarla qarşılaşdım. Nəzərimi «Bakinski raboçi» qəzetinin 1945-ci il 19 sentyabr tarixli nömrəsindəki kiçik bir xəbər cəlb etdi.

«Dünən M. F. Axundov adına Azərbaycan Opera və Balet Teatrında Bakı ictimaiyyəti təntənəli iclasla SSRİ xalq artisti, bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 60 illiyini və yaradıcılıq fəaliyyətinin 40 illiyini qeyd etmişdir. Salona toplaşanlar yubilyarı səmimiyyətlə qarşıladılar...».

Bu qısa sətirlər hafizəmdə Azərbaycan mədəniyyətinin təntənəsinə çevrilən həmin unudulmaz gecəni canlandırdı. O zaman böyük alim, yubilyarın dostu Heydər Hüseynov, gürcü bəstəkarlarının elçisi Qriqori Kiladze, bəstəkar Səid Rüstəmov, aktrisa Şövkət Məmmədova nə qədər səmimi sözlər söylədilər! Lakin Səməd Vurğunun çıxışı hamıya unudulmaz tə'sir bağışladı. Səməd sevinc, kədər dəqiqələrində həmişə bir yerdə olduğu, həyat yollarında çiyin-çiyinə irəlilədiyi bir adam haqqında danışırdı...

İki dost, iki sənətkar. Bir-birini belə yaxşı başa düşən, duyan, əməkdaşlıq edən iki şəxs. Üzeyirbəy yeni bir melodiya yazan kimi Səməd üçün çalmağa tələsirdi. Səməd də ilhama gələn kimi, yenicə yazdığı şe'ri Üzeyirə oxumağa can atırdı.

Bir dəfə gecə yarı Hacıbəyovun mənzilində telefon zəng çaldı:

Sonra şair indicə yaratdığı şe'ri bəstəkara oxumağa başladı. Şe'r Üzeyirbəyə tə'sir etmiş olmalıdır ki, həyəcanlandı və:

—Deyinən, yazım, — deyə şairdən xahiş etdi.

Şübhəsiz, bütün bunları səhərədək tə'xirə salmaq olardı, amma dostlar belə deyildilər: həvəsə gəldilərmi, demək, dərhal işə başlamalı idilər. Üzeyirbəy o dəqiqə geyindi, royal arxasında əyləşdi, bir melodiya çalıb zümzümə etməyə başladı. Bir saat yarımdan sonra Səmədə zəng vurdu:

—Bilirsən, ölçü nə isə düz gəlmir...

Görünür, o da yatmayıbmış, zəngi gözləyirmiş, axı Üzeyirə yaxşı bələd idi.

—İndi gəlirəm...

Şair qaranlığa qərq olmuş şəhərin küçələri ilə addımlayır, yolda onu saxlayan patrulu dilə tutur, Üzeyirin evinə tələsirdi. Ona yolda mane olmadılar. Səməd gəldi. Açılan səhəri məsləkdaşlar yeni mahnı ilə, «Vətən ordusu» mahnısı ilə qarşıladılar.

Vurğunun gözəl misraları ehtiraslı və qızğın melodiya ilə həm ahəngsəsləndi. Dostlar döyüşçülərlə görüşlərdə də birlikdə iştirak edər, hərbi hissələrdə və qospitallarda bir çıxış edərdilər. Bu görüşlərin nəticəsi olaraq «Şəfqət bacısı» kimi mahnı meydana çıxdı.

Geniş yayılmış və çox sevilən bu mahnılar sovet adamlarında vətənpərvərlik hissi, döyüş şərəfi, hərbi vəzifəyə sədaqət hissi tərbiyə edir, onları qəhrəmanlığa çağırırdı. Mahnılar döyüşən ordu hissələrində səslənirdi. Təsadüfi deyil ki, ordu generalı Yeremenko müharibədən az sonra Üzeyir Hacıbəyova yazırdı: «Sovet incəsənətinin görkəmli xadimi, ölkəmizin böyük bəstəkarı, bir çox mübariz əsərlərin müəllifinə öz atəşin minnətdarlığımı bildirirəm...».

İki nəhəngin—poeziya və musiqi nəhənginin yaradıcılıq əməkdaşlığının son zirvəsi «Zəfər himni» oldu. Bu əsər patetikası, əzəməti, xalqın gələcək taleyi haqqındakı parlaq düşüncələrlə diqqəti cəlb edirdi. Yubiley gecəsində Vurğunu dinləyərkən bütün bu hadisələr bir kinolenti kimi gözlərim qarşısından keçdi. Xüsusilə rəyasət stolu arxasında oturarkən stenoqrafiya sür'ətilə yazıb, çıxışından sonra oxuduğu şe'r. Çox şadam ki, Səməd Vurğunun bu şe'rini qoruyub saxlaya bilmişəm. Məsələ ondadır ki, həmin şe'r yazılmış vərəqi mənə bağışlamasını şairdən xahiş etdikdə, Səməd dedi:

—Bu, ekspromt, tələsik yazılıb. Düzəldib təzəsini verərəm.

Dönə-dönə tə'kid etdim ki, şe'r xoşuma gəlir, onu mənə versin.

—Yaxşı, onda götür, — deyə kağızı ovcuma basdı. Mən uzun müddət onu arxivdə saxlamışam...Güman edirəm ki, poeziya və musiqi həvəskarlarının onunla tanışlığı maraqlı olar:

BÖYÜK BƏSTƏKAR

Qartal kimi qanadlanıb fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın kamalı.
Zaman görmüş, dünya görmüş müqəddəs bir Vətənin
Övladısan!.. Şərəfindir, şöhrətindir bu sənin.
Hər dil açıb danışdıqca yaratdığın nəğmələr.
Gunəş kimi bayraq çəkir xəyalıma min səhər...
Min səhər ki, onun hüsnü şeir qədər gözəldir...
Yaratdığın o gunəşlər, o çəmənlər gözəldir.
Gözəlliyin heykəlidir sənətində canlanan.
Vətən mülkü alqış deyir bu sənətə hər zaman!
Dil açdıqca rübabının o mə'nalı telləri.
Ürəyində min ney tutur Azərbaycan elləri...
Nəğmən gəzir çəmənləri gözəllərin dilində,
Sevdasına qanad verir bülbülün də, gülün də...
Nə zaman ki ümman olub dalğalanır ürəyin,
Mən duyuram mə'nasını min müqəddəs diləyin,
Sən ki həyat aşiqisən...qoy bu eşqin var olsun...
Nəsillərdən-nəsillərə adın yadigar olsun!
Qartal kimi qanadlanıb fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın kamalı!

1965