1920-ci
ilin 28 aprel günü Azərbaycan xalqının
əbədi qurtuluş və azadlıq
günü oldu. Bu qədim odlar ölkəsində
sosializm inqilabının, Lenin Partiyasıiın
al bayrağı dalğalandı. Xalqımızın
yeni, tarixdə misli görünməmiş
bir intibah dövrü başlandı. Xalqımız
öz maddi və mə'nəvi mədəniyyətinin
sahibi oldu.
Azərbaycan ziyalıları qarşısında,
şüur və idrakımızın
inkişafı üçün, həyat
və yaradıcılığımız
üçün geniş yollar açıldı,
tarixi imkanlar yaradıldı. Üzeyirin
də boyük və fitri iste'dadının
çiçəklənməsi üçün
geniş bir meydan açıldı, çunki
böyük qabiliyyətin qol-qanad açması
üçün, onun uçduğu fəza
geniş, insan təfəkkürü qədər
sonsuz və hüdudsuz olmalıdır.
Belə bir mə'nəvi azadlığı,
idrak və şüurun hakim olduğu bir
dünyanı— azad zəhmət, azad məhəbbət
dünyasını, həqiqi ilham və
sənət dünyasını, qəhrəmanlıq
və yaradıcılıq dünyasını
bizə bəxş edən böyük
Sovet dövləti, Lenin partiyasının
günəşli, gündüzlü bayrağı
oldu.
Son 25 il müddətində Üzeyirin
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında göstərdiyi böyük
xidmətlər hamıya mə'lumdur. Mən
isə bu zəngin xəzinənin bir çox
daha böyük inciləri haqqında danışacağam,
1937-ci il 30 aprel günü «Koroğlu»nun
ilk tamaşası, bütün mədəniyyətimizin
tarixi bir bayram günü oldu.
Bəstəkarımızın uzun illərdən
bəri topladığı yaradıcılıq
təcrübələri, onun yüksək
musiqi mədəniyyəti yeni bir qüdrətlə
səsləndi. «Koroğlu» operası dünya
musiqi mədəniyyətinin yüksək
nailiyyətlərini özündə təcəssüm
etdirən, bütün mədəni ölkələrin
mə'nəvi tələbinə cavab verən
Azərbaycan musiqi mədəniyyətinin
yüksək bir zirvəsi oldu.
Operanın
mürəkkəb və zəngin simfonik
quruluşu, milli musiqi alətlərimizlə
Avropa musiqi alətlərinin həmahəng
bir dildə danışması, vokal musiqi
sənətinin inkişafı üçün
yazılmış klassik ariyalar, kütləvi
və qəhrəmanlıq səhnələrini
ifadə edən mürəkkəb və
həyəcanlı musiqi nömrələri,
xor sənətinin gözəl nümunələri
və bütün bunların vahid bir ahəngi
Üzeyir sənətinin yüksək mədəniyyətini
nümayiş etdirdi.
«Koroğlu»
operası bütün Şərq xalqları
arasında qədimdən şöhrət
tapmış Azərbaycanın milli qəhrəmanlıq
dastanına yeni bir təravət və
cəlal gətirdi. Üzeyir tarixi hadisələrə
və tarixi şəxsiyyətlərə
müraciət etdiyi zaman öz yaşadığı
əsrə, bu dövrün mə'nəvi
tələblərinə sadiq qalan, bizi
keçmişə deyil, sabaha, yalnız
gələcəyə çağıran
bir sənətkardı. Odur ki, biz «Koroğlu»
operasında 400 il bundan qabaqkı hadisələrə
və insanlara baxdığımız zaman
öz əsrimizin də nəbzini duyuruq,
öz müasir insanlarımızın
da yüksək əməllərini, coşqun
vətənpərvərlik hisslərini,
məhəbbət və qəhrəmanlıq
sifətlərini gözəl və şairanə
bir musiqi lisanı ilə dərk edirik,
ürəyimizdəki həyat və insan
qudrətinə olan eşq və humanizm
bir daha qol-qanad açır.
«Koroğlu» operası musiqi və opera sənətimizin
mükəmməl bir abidəsidir ki, nəsillər
boyu yaşayacaqdır.
Üzeyir yaradıcılığında
insan qəlbini mehriban bir ana nəvazişilə
oxşayan lirik nəğmələr olmaqla,
insanı mübarizəyə çağıran,
ona həyat və mübarizə iradəsi
aşılayan yüksək ehtiraslar da
az deyildir. Bizim qəhrəmanlıq eposlarımızın
xalq musiqisi əsasında Üzeyirin yaratmış
olduğu «Cəngi» adlı bir janr da diqqətəşayan
hadisədir. Üzeyir bu janrı yaratmaqla,
yaşadığımız qəhrəmanlıq
əsrinin ruhunu verir, sosializm musiqi mədəniyyətində
qəhrəmanlıq ruhunu bir daha qeyd edir.
Hər bir musiqi əsərinin varlığı
onun insanlara göstərdiyi emosional tə'sir
ilə ölçülür. Musiqi insanların
şüurundan çox qəlblərinə,
duyğularına tə'sir bağışladığından,
musiqi lisanından, hər şeydən
əvvəl, təbiilik və ürək
çırpıntıları tələb
olunur. Üzeyir sənəti soyuq bir şüurun,
formal bir texnikanın məhsulu deyil, hadisələri
yaşamış, insan taleyini duyub-düşünmüş,
sevinclər və iztirablar keçirmiş
böyük bir ürəyin məhsuludur.
Biz onu dinlədiyimiz zaman real həyat və
mübarizə simfoniyalarını dinləyirik.
Bu həyat boyasız, sadə və təbiidir.
İnsan həyatı öz daxili ziddiyyətləri,
mürəkkəbliyi və incəliyi
ilə ifadə olunur. Səadətin fəlakətlə
qarşılaşmasını, xeyrin şər
ilə mübarizəsinin dəhşətli
və gərgin səhnələrini, nəhayət,
humanizmin zəfərini, idrak və insanlığın
qabiliyyətini görürük. Üzeyir
sənəti həyat və insanı təsdiq
edir. Üzeyirin realizmi, hadisələri
və insanları natura halında deyil,
yüksək romantik bir üslubda ifadə
edir: cəmiyyətin bugünkü halını
təsvir etdiyi zaman biz sabaha, gələcəyə
doğru gedirik, daim yüksəlirik və
kamilləşirik.
Hər
sənət əsərinin çarpan ürəyi
saf və səmimi ilhamdır. İlhamsız
yazılan bir əsər məhəbbətsiz
ailə kimi sönükdür. Ən böyük
və xoşbəxt sənətkarlar öz
ilhamını xalq mə'nəviyyatından,
onun yüksək əməl və arzularından
alır. Üzeyir də belə bir sənətkardır.
...Azərbaycan
xalq musiqisinin zəngin xəzinəsi daim
Üzeyir yaradıcılığı
üçün ilham mənbəyi olmuşdur.
Üzeyir
musiqisini dinlədiyimiz zaman, biz bəzən
qaşlarımızı çatıb Loğman
kimi düşünürük, bə'zən
həyat və insan eşqinə odlardan,
alovlardan keçən qəhrəmanlar oluruq,
bə'zən ürəyimiz ümman kimi
təlatümə gəlir, bə'zən
də sakit və nurlu bir yaz səhəri
kimi açılırıq, özümüzdə
dağlarda külüng çalan Fərhadlar
qüdrəti hiss edirik, xəyalımız
göylərə uçduqca yaşadığımız
ana torpağı, onun yaratdığı
insan adlı böyük ne'məti daha
çox sevirik, öz varlığımız
və tariximiz ilə fəxr edirik.
Üzeyir
sənətinin dili bütün xalqlar üçün
aydındır. Avropa musiqi mədəniyyətindən,
xüsusən böyük və xeyirxah
rus xalqının zəngin musiqi mədəniyyətindən
məharətlə istifadə edən bu
sənətkar, bütün sovet xalqları
üçün əziz və doğmadır.
Heç
də təsadüfi deyil ki, Üzeyirin
«Arşın mal alan», «Koroğlu», «Əsli
və Kərəm», «Şah Abbas və
Xurşidbanu» kimi əsərləri dünyanın
əsas dillərinə tərcümə
edilmişdir. Bu əsərlər rus, erməni,
gürcü, fars, fransız, alman, ingilis,
tatar, tacik, uyğur, kürd, ləzgi, belorus,
yəhudi, qazax, Ukrayna, qırğız
və başqa dillərə tərcümə
edilmişdir.
Üzeyir
sənəti kamala yetmiş bir sənətdir.
Lakin insan kamalının hüdudu olmadığı
kimi, sənət və yaradıcılığın
da hüdudu yoxdur.
Öz sənəti və hünəri
ilə bütün xalqın məhəbbətini
qazanmaq, Lenin partiyasının, Sovet dövlətinin
e'tibarını qazanmaq sənətkar üçün
böyük bir səadətdir.
Biz
Üzeyiri, onun unudulmaz əsərlərinə
görə, xalqımızın ən
müqəddəs arzu və əməllərini
ifadə edən sənətinə görə
sonsuz bir məhəbbətlə sevirik.
Bir də ona görə sevirik ki, o özü
bizi, bütün sovet xalqını saf
və təmiz bir ürəklə sevirdi,
o yalnız bizim üçün yaşayıb
yaradırdı.
Məşhur
rus şairi Nekrasov demişdir ki, şair
olmaya da bilərsən, lakin vətəndaş
olmağa məcbursan.
Üzeyir
ona görə böyük sənətkar
oldu ki, o böyük bir vətəndaş,
həm də sovet vətəndaşı
idi!