~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

8

Başladığı işin düzgün olduğuna inam Azərbaycan musiqili teatrının inkişafı uğrunda çarpışan yorulmaz mübariz Hacıbəyova həmişə qüvvə verirdi. O, yaxşı və işıqlı gələcəyə həmişə inanırdı. Hacıbəyov Peterburqdan Sarabskiyə yazdığı məktubunda deyirdi: «Mənim də bu qədər əlləşdiyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki tək bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərlərim gələcəkdə də böyük bir iş görəcəkdir».

Üzeyir Hacıbəyovun bu inamı yalnız onu deyil, Azərbaycan musiqili teatrının inkişafı uğrunda mübarizə aparan bütün həvəskarları və gənc musiqiçiləri də ruhlandırırdı. Yeni incəsənət—musiqili teatr yaratmaq uğrunda bu fədakar mübarizə sayəsində həmin teatr getdikcə möhkəmlənir, repertuarına yeni musiqili əsərlər daxil olur və bu teatrın tərəfdarları getdikcə artırdı.

Üzeyir Hacıbəyov demokratik ideyalar uğrunda ardıcıl mübarizə aparmışdır. O, inqilabdan əvvəlki ziyalılar içərisində demokratik ideyalar yaymaq uğrunda xalqımızın böyük mütəfəkkirlərinin, sənətkarlarının ən'ənələrini həvəslə təbliğ etmişdir. Bu yolda o, heç bir şeydən çəkinməmiş və öz qüvvəsini əsirgəməmişdir. 1909-cu ildə «Tərəqqi» qəzetinin 195-ci nömrəsində Üzeyir Hacıbəyov mürtəce ziyalı və jurnalistlərə qarşı açıq bir məktub çap etdirmişdi. Bu məktubda Üzeyir Hacıbəyov yazırdı: «Millət balalarının tə'lim və tərbiyəsində cəhd edib də valideyin tərəfindən təşəkkürlər almaq, qəzetlərdə yazmaqla əhaliyə xidmət etmək və yaddan çıxmış, ləhvü-ləəb adəti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzinə ev tikdirmək, banklarda pul saxlamaq deyil, bəlkə öz ailəsini bəsləyəcək qədər də olmayan bir mükafata razı olmaq, zənburçular nəzərində pis şeydirsə, qoy mən pis olum. Madam ki, qara qəlbli və kəskin ürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəf'ə çalışsınlar».

Üzeyir Hacıbəyov mürtəce ziyalılara qarşı amansız mübarizə etmişdir. Bu cəhətdən onun bir sıra felyetonları xüsusilə qeyd edilməlidir.

Bunlar Hacıbəyovun bacarıqlı yumorist və satirik olduğunu göstərmiş və ona şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyov bu kəskin və tutarlı felyetonlarını «Oradan-buradan» sərlövhəsi altında «Flankəs» təxəllüsü ilə çap etdirirdi. Onun felyetonları öz məzmununun maraqlı olmasına görə oxucuları xüsusilə cəlb edirdi.

Azərbaycanın ən yaxşı adamları kimi, Hacıbəyov da ədəbiyyat, musiqi və mətbuat vasitəsilə yeni fikirləri xalq arasında yaymağa çalışırdı. O, zəngin xalq dili və xalq yaradıcılığından, habelə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən istifadə edib, xalq məişətinin nöqsanlarını, hökm sürməkdə olan çürük əxlaqı, nadanlığı, ədalətsizliyi və sairəni kəskin felyeton silahı ilə tənqid edirdi.

Üzeyir Hacıbəyov öz felyetonlarında böyük rus təmsilçisi Krılovun əsərlərinə tez-tez müraciət edir və ondan tez-tez misallar gətirir.

Üzeyir Hacıbəyov öz felyetonlarında xudbinləri, öz mənfəətini güdənləri və paxılları, öz mənfəəti xatirinə bacarıqlı adamları aradan qaldırmağa və bu adamları varlılar qarşısında diz çökdürməyə çalışanları kəskin tənqid edir, eyni zamanda iste'dadlı adamları mübarizəyə çağırırdı. «Hər halda bu məsəl ki, «ağac bar verdikdə başını aşağı tutar», hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın öz başını bir o qədər də aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar. O səbəbdəndir ki, ağacın qədir və qiymətini bilən bağban bu cür ağaclara bir dayaq qayırar ki, bu «başı aşağılıqda» olana bir zərər və sədəmə yetişməsin, halbuki bizdə tək-tük tapılan barlı «ağaclar» bar verir, başı aşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başımdan aşağı basırlar ki, binəva puç olsun».

Üzeyir Hacıbəyov o zamankı həyatın eybəcər hadisələrini cəsarətlə tənqid edib ələ salırdı. Bu hadisələr isə cəhalətpərəstlik, gerilik və nadanlıq nəticələri idi. «Tərəqqi» qəzetinnn 1909-cu ildə 212-ci nömrəsində dərc edilən felyeton bu cəhətdən çox maraqlıdır. Burada məişətdəki eybəcər halları tənqid edərkən, nə kimi yolla getmək lazım gəldiyini də göstərir.

Üzeyir Hacıbəyovun felyeton kimi bir vasitədən istifadə etməsi heç də təsadüfi deyildi. O, bu yolla öz xalqının tərəqqi və inkişafına kömək etmək istəyirdi. Eyni zamanda o, dövrün inqilabi hərəkatı, kütlələrin ayılmağa başlaması və sinfi mübarizənin kəskinləşməsinin də ən münasib formalarından istifadə etməyi vacib sayırdı.

Azərbaycanda xalq maarifi tarixi, mətbuat tarixi və ən nəhayət, dramaturgiya tarixi öyrənildikdə Üzeyir Hacıbəyovun adı hörmətlə yad edilməlidir. Onun bu sahələrdəki olduqca əhəmiyyətli fəaliyyətini unutmaq olmaz. Musiqi aləmində bu dərəcədə şöhrətə və əzəmətə malik bəstəkarın ictimai fəaliyyətinin hərtrəfli olduğunu göstərmək onun yaradıcılığının öz xalqının ictimai həyatı ilə sıx bağlı olmasını, xalqa bu qədər yaxın olmasını başa düşmək üçün lazımdır.

Üzeyir yaradıcılığının qol-qanad açmasına, inkişafına zəkalı rus xalqının böyük mədəniyyətinin nəcib tə'siri olmuşdur. İnqilabdan əvvəlki mütərəqqi ziyalılar içərisində Üzeyir Hacıbəyovun adı xüsusi bir yer tuturdu. Hacıbəyov bir xalq müəllimi olaraq cəhalətlə mübarizədə, elm və maarifin yayılmasında diqqətəlayiq işlər görmüşdür. Hacıbəyovun fəaliyyətini və xalqa etdiyi xidmətini ancaq Sovet hakimiyyəti qiymətləndirdi. Hacıbəyovu Sovet hakimiyyəti sayəsində xalq öz Ali Sovetinə deputat seçdi, təltif etdi. O, SSRİ xalq artisti adını aldı, Dövlət mükafatı laureatı kimi yüksək bir ada layiq oldu.

Xalqa xidmət edən elm xadimlərinin, sənətkarların qədrini bilən, onların yaradıcılığına hər cür şərait yaradan, ilham verən yalnız Sovet hakimiyyəti və Lenin partiyası olmuşdur.

Üzeyir Hacıbəyov yaradıcılığının şah əsərlərindən sayılan «Koroğlu» operası Sovet hakimiyyəti dövründə yaradılmışdır. Bir həqiqətdir ki, Üzeyir Hacıbəyovun yaradıcılığının ən məhsuldar dövrü sovet hakimiyyəti illəridir. Azad və bəxtiyar sovet zəmanəsi Üzeyir Hacıbəyova yeni qüvvə və qüdrət verdi.

Üzeyir Hacıbəyovun musiqi sahəsində bir nəzəriyyəçi və bir alim kimi çox səmərəli fəaliyyəti tamamilə sovet dövrünə aiddir. 1925-ci ildən Azərbaycan xalq musiqisinin əsasları üzərində tədqiqata başlayaraq, 1945-ci ildə «Azərbaycan xalq musiqisinin əsasları» əsərini nəşr etdirdi. Bu əsərin həqiqi qiymətini başa düşmək üçün təkcə onu nəzərə almaq lazımdır ki, müəllifin bu tədqiqatda əsaslanacağı və istifadə edəcəyi bir mənbə olmamışdır. Ancaq yüksək vətənpərvərlik duyğusu insanı belə bir əməyi başa çatdırmağa ruhlandıra bilərdi.

Üzeyir Hacıbəyov bu işi görməklə Azərbaycan xalq musiqisi nəzəriyyəsinin də banisi oldu. Çox səciyyəvidir ki, bəstəkar alim, özünün yazdığı kimi, bu tədqiqatını nəşr etməmişdən qabaq sınaqdan çıxarmışdı.

«Öz uzun müddət sürən işimin gedişində, çıxardığım nəticələrin düzgünlüyünü yoxlamaq məqsədilə zaman-zaman musiqiçilərin və Azərbaycan musiqisi biliciləri arasında elmi müzakirə səciyyəsi daşıyan mə'ruzələr edirdim. Məqsədim, çıxardığım nəticələrin əsassız olduğunu mənə isbat edəcək və Azərbaycan musiqisinin bu və ya digər əsas nöqtələrinə aid dəlillərimi puç edə biləcək opponentlərin çıxışına nail olmaq idi».

Azərbaycan xalqının ən görkəmli oğullarından biri olan Üzeyir Hacıbəyovun öz xalqı qarşısındakı böyük xidmətlərindən danışarkən Azərbaycan musiqi kadrlarının yetişdirilməsində, musiqi təhsilinin təşkili sahəsindəki həqiqətən nəhəng işini qeyd etməmək olmaz.

Öz yetişdirmələrinə yaradıcılığının gözəl prinsiplərini aşılayan bəstəkarımız, yaradıcılıq üslubunun, Üzeyir Hacıbəyovun adını daşıyacaq musiqi məktəbinin irəlidə də bəhrələr verməsini tə'min etmişdir. Son illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan İncəsənət İnstitutu təşkil edildikdən sonra Üzeyir Hacıbəyov musiqi sahəsində elmi işçilər yetişdirmək işinin də təməlini qoydu. Təəssüf ki, amansız ölüm ona bu sahədə başladığı işin bəhrəsini görməyə imkan vermədi.

Üzeyir Hacıbəyov Sovet hakimiyyətinə, xalqımıza ömrünün axırınadək böyük vətənpərvər kimi sədaqətlə xidmət etdi. O, alman-faşist işğalçılarına qarşı apardığımız Böyük Vətən müharibəsi günlərində yaratdığı əsərləri ilə cəbhə əsgərlərimizi, arxada isə əmək qəhrəmanlarımızı yeni qələbələr üçün ruhlandırırdı.

Üzeyir Hacıbəyovun adı təkcə Azərbaycan xalqının deyil, Sovet İttifaqının bütün qardaş xalqlarının ürəyində həmişəlik olaraq qalacaqdır.

1948