~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

22

— Müslüm iste'dadlı adamdır, çox yaxşı da dirijordur. O, dram tamaşalarına da musiqi yaza bilər,— dedi.

Ü. Hacıbəyov teatrda işləməsinə razılıq verdi və teatrın ən yaxın köməkçisi oldu. O, aktyor və müğənnilərin təhsili məsələsində bizə yaxından kömək etdi. 1923-cü ildə teatr texnikumu açıldı. Moskvada təhsil almaq üçün cavan aktyorlar göndərdik. Ü. Hacıbəyov opera müğənnilərindən Məmmədtağı Bağırov və Hüseyn ağa Hacıbababəyovun öz ifaçılığını təkmilləşdirməsinə köməklik göstərdi.

Dahi bəstəkarın dirijorluğunda məşq zamanı bir qəriblik hiss etmişdik: orkestr qızğın caldığı yerdə, birdən sağ əlində dirijor çubuğu donar, orkestr susardı, adəti üzrə sol əli ilə bığını sığallayaraq nə isə fikirləşər və birdən dirijor çubuğunu hərəkətə gətirir, orkestr çalmağında davam edərdi. Bunun səbəbi bizə gələn dəfə aydın olardı: sən demə, bəstəkar əsərin həmin yerinə yeni bir musiqi parçası və ya musiqi ibarəsi artırırmış. Bu da gözəl səslənməsilə, adətən, əvvəlki variantdan fərqlənərdi.

Ü. Hacıbəyov təkcə operalarda deyil, həm də bütün dram tamaşalarının ictimai baxış və müzakirələrində iştirak edərdi. Çox yığcam danışar, olduqca mə'nalı təklif və iradlar verərdi. Ü. Hacıbəyov teatr sənətinin hətta rejissorluq sirlərinə də çox gözəl bələd idi. Bununla əlaqədar bir hadisəni xatırlayıram: Mirzə İbrahimovun «Madrid» pyesinin ictimai baxışı olmalıydı. Vaxt çox dar idi. Dekorasiyanın bir hissəsi hələ hazırlanıb qurtarmamışdı. Gözləmək olmazdı. Mən həmin səhnədə başqa bir tamaşanın dekorasiyasından istifadə etməyə məcbur oldum. İlk tamaşanın geniş müzakirəsi oldu. Qəribədir, Ü. Hacıbəyovdan başqa heç kim — nə tamaşaçılar, nə iştirakçılar, nə də rəssam bu «əlavə»ni ayırd edə bilməmişdi. Bəstəkar üzünü mənə tutub özünəməxsus incə bir yumorla həmin «əlavə»yə eyham vurdu:

— O dekorasiya da çox gözəl idi...

Mənim Üzeyir Hacıbəyovla sıx yaradıcılıq əlaqəm bir də «Arşın mal alan» musiqili komediyasının ekranlaşdırılması ilə bağlıdır. Klassik dramaturgiyanın realist ən'ənələrinə əsaslanan bu operetta tekcə e'cazkar musiqisi ilə deyil, həm də aktual mövzusu, kəskin konfliktləri, dolğun obrazlar silsiləsi, bədiiliyi, kamilliyi və koloritli məzmunu ilə yaradıcı hey'ətin diqqətini cəlb etmişdi. Odur ki, 1943-cü ildən e'tibarən operettanın ssenarisi üzərində gərgin işləməyə başladı. Düzdür, operetta ilə ssenari arasında müəyyən fərqlər vardır. Kinonun imkanlarından istifadə ilə biz, operettanın yüksək ideyasını —görmək, bəyənmək, sevmək, ömür gün yoldaşı seçmək, bir sözlə, azad sevgi ideyasını qabarıq şəkildə göstərmək üçün dəyişikliklər, əlavələr etmişik. Lakin bunların hamısında müəllif fikrinə əsaslanmışıq, sadiq qalmışıq. Çalışmışıq ki, «Arşın mal alan»ın gözəl musiqisini, onun klassik dramaturgiyasını, aydın və mə'nalı süjetini, milli koloritini olduğu kimi saxlayaq.

Aktyor hey'ətini də yaxşı müəyyənləşdirmişdik: Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Fatma Mehrəliyeva, Ələkbər Hüseynzadə, Lütfəli Abdullayev, İsmayıl Əfəndiyev... hər biri çox yapışıqlı səsi, püxtələşmiş aktyor iste'dadı, təbii, inandırıcı oyunu ilə bizi məftun etmişdi. Mən qərara almışdım ki, Soltan bəy rolunda görkəmli aktyor Kazım Ziyanı çəkim. Sınaq çəkilişindən də çox gözəl çıxmışdı. Ü. Hacıbəyov sifariş göndərmişdi ki, əgər mümkündürsə, Ələkbər Hüseynzadəni də yoxlayım. Ə. Hüseynzadə sınaqdan çox gözəl, hətta mübaliğəsiz deyərdim ki, bütün aktyorlardan qüvvətli çıxdı. Mən Üzeyirin iste'dadı tanımaq məharətinə qibtə elədim.

O zaman tamaşaçıya olduqca eybəcər, idbar, yaşlı adamlar kimi təqdim olunan Vəli və Telli obrazlarının traktovkası ilə razı deyildim. Bu rollarda çıxış edənlər Vəlini sırtıq gədə, Tellini isə «çoxbilmiş» arvad kimi oynayırdılar. Mən varlıların nökərlərə və kənizlərə bu cür təhqir gözü ilə baxmasını istəmirdim. Çünki onların da bir insan kimi öz qəlbi, öz sevgi aləmi vardır... Bəstəkara bildirdim ki, Vəli və Tellini gözəl, göyçək, cavan görmək istərdim, təxminən Əsgər və Gülçöhrə yaşında. Ü. Hacıbəyov mənim bu fikrimlə razılaşdı. Mən bununla onun böyük bir insani keyfiyyətini — özündən kiçiklərin faydalı məsləhətinə qulaq asmaq xüsusiyyəti olduğunu da yəqin etdim.

Çəkilişini 1945-ci ildə başa çatdırdığımız «Arşın mal alan» bədii filmi 1946-cı ildə ekranlara vəsiqə aldı. Film müvəffəqiyyətli çıxdı və SSRİ Dövlət mükafatına layiq görüldü. Bu müvəffəqiyyət, hər şeydən əvvəl, musiqinin xəlqiliyində, Üzeyir dramaturgiyasının kamilliyində bu aktyor ansamblının düzgün seçilməsində idi.

Azad sevgi Üzeyir Hacıbəyovun xüsusilə səhnə əsərlərinin leytmotivi, əsas qayəsidir. Qadın azadlığı bu böyük sənətkarı daim düşündürmüşdür. Hələ ilk operasının mövzusu kimi bu leytmotiv və qayə ilə səsləşən Füzuli «Leyli və Məcnun»una müraciət etməsi də əbəs deyilmiş. Ü. Hacıbəyov «Arşın mal alan» bədii filminə ilk dəfə baxanda mən bunun bir daha şahidi oldum: o, filmə tamaşaçılarla birgə baxırdı. Salonda şən əhval ruhiyyə hakim idi. Film qurtardı, tamaşaçılar salonu tərk etdilər. Təkcə Ü. Hacıbəyov başını əllərinin arasına alıb fikrə getmişdi. Mən intizarda idim.

Film barədə onun fikrini bilmək istəyirdim. Ancaq yaxınlaşmağa cəsarət etmirdim. Özümü toplayıb ələ aldım, sakit addımlarla bəstəkara yaxınlaşdım və həyəcanla soruşdum:

— Nə fikirləşirsiniz, olmaya, film xoşunuza gəlməyib?

O, fikrindən ayrılıb, cavab verdi:

— Siz nə danışırsınız, lap yaxşıdır (bu sözü eşitmək nə qədər xoş idi, ürəyim elə bil yerinə gəldi), mən o barədə fikirləşmirəm. Onu fikirləşirəm ki, Şərq qadınını azad etmək üçün, onları tam xoşbəxt görmək üçün daha nə etmək mümkündür?!

Üzeyir Hacıbəyovun özünün iştirakı və məsləhətilə hazırlanmış həmin lenti indi də arabir nümayiş etdirmək yerinə düşərdi. Çünki bu, bəstəkarın çoxcəhətli yaradıcılığını xüsusən gənc sənətsevərlərin daha ətraflı öyrənməsinə kömək edərdi.

1975