Elə
günlərimiz olardı ki, vaxtımız
yalnız əsərin mündəricəsi
üzərində gedən mübahisəyə
sərf olunardı, bir misra belə yazmazdıq
(hər bir səhnənin yazılışına
uzun mübahisələrdən sonra başlardıq).
Bizi çox məşğul edən səhnələrdən
birisi də Həsən xan ilə Əhsən
paşanın görüş səhnəsi
oldu, çunki yalnız bu səhnənin
vasitəsilə əsərin siyasi mündəricəsi
tamamlana biləcəkdi.
Böyük mübahisəyə səbəb
olan səhnələrdən birisi də
«Çənlibel» səhnəsi oldu. Mən,
Koroğlu kimi bir qəhrəmanın çox
tez inanan və sadəürəkli bir adam
göstərilməsinə razı ola bilmirdim.
Onun keçəl Həmzəbəyi töyləçiliyə
(mehtərliyə) qəbul etməsini yersiz
hesab edirdim. Lakin Qıratı oğurlatdırmaq
üçün də başqa bir yol yox
idi. Üzeyir bir çox əsərlərdə
göstərilən qəhramanların
sadəürəkli olmalarından misallar
gətirib dedi:
—
Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik
təbii bir xarakterdir, eyni zamanda bu hadisə
əsərin gedişi ilə üzvi surətdə
bağlı olduğundan, başqa cürə
göstərməyimiz mümkün deyil.
Üzeyir
çox tələsik və sür'ətlə
işləməyi sevməzdi. Mən əsərin
əlimizdə yubandığını
ona söyləmişdim. Nəhayət
o mənə belə cavab verdi.
— Əsərin tez başa gətirilməsinə
tələsmək lazım deyil. Biz bu əsərin
üzərində nə qədər çox
işləsək, əsərdə o qədər
səhnədə çox davam edə bilər.
Bəstəkarın
bu nəsihəti nəticəsində «Koroğlu»
operasının bə'zi parçalarını
bir neçə dəfə dəyişmək
məni heç də darıxdırmırdı.
Bir
dəfə Üzeyirdən soruşdum:
—
Nə üçün bə'zi musiqi parçalarını
royal qarşısında oturmadan yazırsan?
O
gülümsəyərək dedi:
—
Bəstəkar musiqi alətlərinin verdiyi
səsləri o qədər dərindən
mənimsəməlidir ki, bə'zən
royal və piano olmadan da əsər yaratmağı
bacara bilsin.
Üzeyir
bir çox hallarda fikrində canlandığı
bir əsəri ancaq yoxlamaq məqsədilə
royal qarşısında oturardı.
«Koroğlu»
operasının yazılışı
zamanı mən ancaq «Çənlibel» səhnəsindəki
xorun musiqisini təfsilən eşidə
bildim. O, ölçüləri mənə
öyrətmək üçün bu xoru
bir neçə dəfə royalda səsləndirdi.
Görünür
ki, Üzeyir özü də bu xorun musiqisi
ilə maraqlanırdı. Bə'zən
bu xoru royalda çaldığı zaman
həyəcanından titrədiyini hiss
edirdim. O, daima deyərdi ki:
—
Hələlik musiqimiz xalqımızın
zövqünü çox az tə'min edə
bilir, çünki onun üzərində
az işlənmişdir. Onu xammal şəklindən
çıxarıb mədəni bir vəziyyətə
salmaq, aləmşümul etmək lazımdır.
Mən «Koroğlu»da bu məqsədi tamamilə
həyata keçirə bilməsəm də,
onun bünövrəsini qoymaq istəyirəm.
Bəstəkarlarımız bilməlidirlər
ki, musiqimizi kütləyə yaxınlaşdırmaq
üçün bu yol ən doğru yoldur.
Üzeyirin
«Koroğlu» operasının yazılışında
yürütdüyü əsas məqsədlərdən
birisi də, Azərbaycan xalq musiqisini dar
çərçivədən çıxarıb
inkişaf etdirmək və səhnəyə
çıxarmaqdan ibarət idi. Buna görə
də bəstəkar «Koroğlu» operasında
inkişaf etdilmiş havalara geniş yer
vermiş və bu vəzifənin öhdəsindən
çox müvəffəqiyyətlə
gələ bilmişdir.
Bizim
Üzeyir ilə etdiyimiz mübahisələr
içərisində tarın «Koroğlu»
operası orkestrində iştirak etməsi
məsələsi də var idi. O öz
fikrini izah edərkən belə deyirdi:
—
Mən tarın bu operada iştirak etməsi
üçün başqa cür düşünürəm.
Sən özün fikirləş: hərgah
mən tarı milli bir alət olduğu
üçün irəli çəkmək
istəsəydim, o zaman kamançaya da müəyyən
yer verərdim. Lakin, bu lazım deyildir.
Şərq musiqisi əsasında yazılan
əsərdə kamançanın vəzifəsini
skripka daha yaxşı, bədii bir surətdə
ifa edə bilər. Lakin tar belə deyil,
tarın tembri orkestrdə yenilik yaradır
və onun incə səsləri artıq
dərəcədə xoşa gəldiyi
üçün orkestrə daxil edilməsini
lazım bilirəm.
Mən
Üzeyirin yaradıcılıq barəsindəki
fikirlərindən öz yaradıcılıq
işlərimdə də istifadə edirdim.
Üzeyirbəy
dedi-qodulara və birtərəfli tənqidlərə
əhəmiyyət verməzdi. O deyirdi:
«Bu cür dedi-qodular və yersiz tənqidlər
insanın yaradıcılıq fəaliyyətini
artırmalı və inadını coşdurmalıdır.
Belə işlərin cavabı mükəmməl
bir əsər yaratmaqdan ibarətdir!»
Üzeyirin
bu sözləri indiyə qədər mənim
qulaqlarımda səslənir, yaradıcılıqda
belə bir yol götürməyi başqalarına
da tövsiyə etməliyik.
Üzeyirbəyin
əsas xüsusiyyətlərindən biri
də sadə yaşayışı sevməkdən
ibarət idi. Mən əvvəlcə,
bir çox opera və operettalar müəllifi
olan bu mahir bəstəkarın çox dəbdəbəli
və təntənəli həyat keçirdiyini
zənn edirdim. Amma «Koroğlu» operasını
yazdığımız bir neçə
ilin ərzində fikrimin yanlış olduğunu
anladım.
Onun həyatı adi bir insanın həyatından
o qədər də fərqli deyildi, çünki
o, qazandığının mühüm
bir hissəsini paylayırdı, çox
səxavətli və əliaçıq
adam idi.
Üzeyir başladığı işi
yarımçıq qoymaq və vəzifəsi
başından ayrılmaq istəmədiyindən,
yay zamanları belə, istirahət üçün
bir tərəfə getməzdi. «Koroğlu»
operasını yayın ən isti günlərində
yazırdı.
Üzeyirbəy
şəxsi həyatda sadəliyi sevdiyi
kimi, dildə də sadəliyi sevirdi. O
deyərdi: dili xalqdan, xalqı da dildən
uzaqlaşdırmaq səhvdir. Bunun üçün
librettonun sadəliyinə diqqət verməyi
tapşırardı. Onun fikrincə, XVII
əsrə məxsus bir əsəri (xüsusən
musiqili əsəri) bugünkü ədəbi
dilin istilahları ilə yazmaq səhvdir.
Bu məqsədlə də «Koroğlu»da
«müharibə» sözünü «cəng»,
«qoşun» kəlməsini «leşgər»
və s. əsrə müvafiq kəlmələrlə
əvəz etməyə çalışardı.
O, hətta şe'rlərin ölçülərində
də həmin fikri həyata keçirməyi
lazım bilirdi.
Üzeyir çox doğru olaraq təkrar
edirdi ki: «Koroğlu» operasının səhnəsində
görəcəyimiz şəxsiyyətlər
libas və qiyafə cəhətcə bu
günün adamlarından fərqli olduqları
kimi, dil və şivə e'tibarı ilə
də fərqli olmalıdırlar.
«Koroğlu»
operasının məzmun və mündəricəsi
Üzeyirin siyasi və ictimai varlığının
güzgüsüdür — demək olar.
Mən
Üzeyirin yaradıcılığındakı
məharəti ilə tanış olmaqla
bərabər, onun şəxsiyyəti
ilə dərindən tanış olmağa
çalışırdım. O deyirdi ki,
«hər adam ilə dost ola bilmərəm,
çünki dostluq fikir və əqidə
birliyindən doğan ictimai bir varlıqdır.
Bu varlığı hər təsadüfi
şəxsiyyətlərlə yaratmaq imkan
xaricindədir». Bu səbəblə də
o, dost olduğu adamlara çox böyük
qiymət verərdi. Onun sevmədiyi bir
məsələ varsa, o da lovğalıqdan
ibarət idi. Onun fikrincə, lovğalıq
yaradıcılıqdakı acizlik və
tənbəlliyi gizlətmək üçün
bir pərdədir. O daim: «Mən bu cür
tələbəni görmək istəmərəm»—deyirdi.
1958